21 Oktyabr 2022 18:16
2 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda yerləşən "099" çay evində baş verən bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Sədullah Sərdari və Orxan Abbasovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Sədullah Sərdarinin vəkili Rəşad Əliyev vəsatət verib.

Vəkil ibtidai istintaqı aparan müstəntiq Rəşad Cəfərov və istintaq zamanı müdafiəçi qismində işə çıxan vəkil İsrafil İsgəndərovun dindirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Məhkəmədə məlum olub ki, Sədullah Sərdari istintaqın sonunda iş materiaları ilə tanış olmayıb. Amma onun əvinzindən cinayət işi ilə tanış olmasına dair protokola imza atılıb.

Lakin həmin zaman, yəni bu ilin iyulun 7-də və 8-də Sədullah Sərdari Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində başqa bir cinayət işi üzrə saxlanılıb.

Bu səbəbdən də iş materialları ilə tanış olması mümkün deyil. Adıçəkilən vəkil İsrafil İsgəndərov isə həmin protokolla müdafiəçi qismində iştirak etməsi barədə imza edib.

Məhkəmədə ifadə verən İsrafil İsgəndərov bildirib ki, 11 saylı hüquq məsləhətxanasının vəkilidir. O, tanışolma protokollarına adından edilən imzaların ona aid olmadığını deyib. O bildirib ki, iyulun 7-də və ya 8-də Bakı istintaq təcridxanasında olmayıb. Qeyd edib ki, vəkil bürosunda növbətçi olub və hadisə ilə bağlı saxlanılan təqsirləndirilən şəxsin ilkin istintaqı da müdafiəçi kimi çıxsa da, sonrakı proseslərdən onun xəbəri olmayıb.

Daha sonra ifadə verən müstəntiq Rəşad Cəfərov isə bildirib ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə istintaqı onun tərəfindən aparılıb. Bildirib ki, təqsirləndirilən şəxslər cinayət işi üzrə materiallarla tanış olublar.

Təqsirləndirilən Sədullah Sərdari deyib ki, iyulun 5-də başqa bir işlə bağlı həbs olunub.

Onun sözlərinə görə, Binəqədi rayonunda iştirak etdiyi cinayət hadisəsinin istintaqı başa çatdığı zaman o, Sumqayıt şəhərində törətdiyi cinayətlə bağlı həbs olunub. O deyib ki, iyulun 6-da istintaq yekunlaşıb və istintaq sənədləri ilə tanış olmayıb.

Vəkil Rəşad Əliyev deyib ki, bu hal müdafiə hüququnun pozulmasıdır, bu halın aradan qaldırılması üçün cinayət işi istintaqa qaytarılmalıdır.

Məhkəmə cinayət işi üzrə icraatı dayandırıb və işin yenidən ibtidai istintaqa qaytarılması barədə qərar verilib. Həmçinin işin istintaqının aparan müstəntiqin barəsində araşdırma aparılması üçün xüsusi qərar çıxarılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır ağır xəsarət yetirmək) 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, bu cinayət işi üzrə hər iki təqsirləndirilən şəxs həbs ediliməyib və barələrində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Bu istintaqın gedişi zamanı Sədullah Sərdari başqa bir cinayət işində iştirakçı olub və o, həbs olunub.

Qeyd edək ki, Sumqayıt şəhər Prokurorluğunun yaydığı məlumata görə, bu ilin iyunun 6-da saat 1 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzində iki şəxsə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla qeyd edilən istirahət mərkəzində Sədulla Sərdari və Ramiz Yarəliyevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı orada istirahətə gəlmiş Həmid Abulov və Namid Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürülmələrinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz Yarəliyev və Sədulla Sərdari şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər