1 Noyabr 2022 11:13
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsinin sabiq inspektoru Ramin Talıbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Samir Kərimov bir neçə vəsatətlə çıxış edib.

Samir Kərimov bildirib ki, rüşvət alma ittihamı ilə barəsində olan cinayət işi məhkəməyə verilib. Onun sözlərinə görə, Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə əsasən məhkəmə istintaqının aparılmasından əvvəl cinayət prosesi tərəflərinin vəsatət verməsi və həmin vəsatətlərin həlli məsələsinə baxılmalıdır.

Samir Kərimov qeyd edib ki, barəsində olan cinayət işi üzrə özünü təqsirli bilmir. O, iş üzrə digər təqsirləndirilən şəxs, həmçinin şahidlərin dindirilməsi başa çatdıqdan sonra dindirilməsini istəyib.

Həmçinin deyib ki, iş üzrə şahid qismində tanınmış Hindistan vətəndaşlarının beynəlxalq ədalət mühakiməsi çərçivəsində həmin ölkənin məhkəmə hüquqları ilə dindirilsin, onların video-konfrans formatında üzləşdirilmələri həyata keçirilsin.

Bundan başqa, sabiq müstəntiq o vaxtkı dövrdə Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin rəisi olmuş Ülvi Allahyarovun hansı ölkədə olmasının müəyyənləşdirilməsini, bu iş üzrə dindirilməsini, onunla üzləşdirilməsinin təmin olunmasını da xahiş edib.

Daha sonra Samir Kərimov bildirib ki, Hindistan vətəndaşlarının dindirilməsi zamanı xidmətindən istifadə olunmuş tərçüməçinin şəxsiyyəti müəyyən olunsun və məhkəmədə dindirilsin.

Sabiq müstəntiq daha sonra digər tərçüməçi Kamran Muradovun ali təhsilinin və tərçüməçiliyə dair diplomunun olub-olmamasının müəyyənləşdirilməsi üçün araşdırma aparılmasını, ingilis dili biliyinin yoxlanılmasını xahiş edib.

Samir Kərimov həmçinin cinayət işi üzrə istintaqı aparan müstəntiq Nürəddin Qasımovun da məhkəmədə dindirilməsini istəyib.

Samir Kərimovun növbəti vəsatəti isə baş nazirin sabiq 1-ci mavini Abbas Abbasovun oğlu Aydın Abbasovun məhkəmədə əlavə şahid qismində çağırılaraq dindirilməsi ilə bağlı olub.

Samir Kərimovun vəkili Kamandar Nəsibov isə müdafiə etdiyi şəxsin verdiyi vəsatətlərin təmin olunmasını istəyib. Prokuror vəsatətlərin təmin olunması üçün hazırkı mərhələdə əsas olmadığını deyib.

Yerində müşavirə keçirən hakim heyəti qərar elan edib. Qərara görə, Samir Kərimovun vəsatəti qismən təmin olunub. Hakimin səsləndirdiyi qərarda qeyd olunub ki, təqsirləndirilən şəxsin şahidlədirin dindirilsənidən sonra ifadə verməsi ilə bağlı vəsatəti təmin olunub. Vəsatətin digər hissələri isə təmin olunmayıb.

Daha sonra digər təqsirləndirilən Ramin Talıbovun vəkili də vəsatətlə çıxış edib. O bildirib ki, cinayət işi üzrə əsas şahidlər dindiriləndən sonra müdafiə etdiyi şəxsin dindirilməsi təmin olunsun. Məhkəmə vəkilin bu vəsatətini də təmin edib.

Hakim məhkəmə istintaqının başlanıldığını elan edib və ittiham aktını elan edilməsi üçün sözü prokurora verib. Prokuror cinayət işi üzrə ittiham aktını elan edib.

İttihama görə, Bakı şəhər Prokurorluğunun müstəntiqi Samir Kərimov və sahə inspektoru Talıbov Yasamal rayonunda hindistanlılardan 300 min dollar (o vaxtkı məzənnə ilə 1 milyard 400 min manat – red.) pul tələb ediblər, son nəticədə 20 min manat alıblar.

Əcnəbilərin keyfiyyətsiz məhsulları əhaliyə satmağa görə hədələndiyi, cinayət məsuliyyətinə cəlb olunmamaq üçün onlardan pul alındığı iddia edilib.

İstintaq sənədlərinə görə, Samir Kərimov Hindistan vətəndaşları - Sham Das Ghanshamdas, Raj Kumar Wadhqwani Anıl, Kishor Sindhi, Naresh Shanti Kumar, Vikram Singh Rajpurohit, Venkatesh Kadrı, Bhojwani Dhiraj, Ashok Kumar, Ananthakrıshnan Balasubramaniandan rüşvət alıblar.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Məhkəmədə ittihama münasibət bildirən hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyiblər. Daha sonra hakim məhkəmə istintaqının aparılması qaydasının müəyyən olunmasını tərəflərdən soruşub.

Vəkil Kamandar Nəsibov deyib ki, məhkəmə istintaqının aparılması ilə bağlı məhkəmənin özünü çıxardığı qərar var. Vəkilin sözlərinə görə, tələbləri ondan ibarətdir ki, saxta cinayət işi üzrə adı keçən Hindistan vətəndaşları, Abbas Abbasovun oğlu Aydın Abbasovun məhkəmədə dindirilməsi əvvəlcə təmin olunsun: “Aydın Abbasovun göstərişi əsasında bu cinayət işi başlanıb. Onun sifarişi ilə prokurorluq və daxili işlər orqnalarına ləkə vurulmaq məqsədi ilə bu iş qurulub. Cinayət işi başlanılmamışdan əvvəl Aydın Abbasov Zakir Qaralovun yanında olub, onun göstərişi ilə bu cinayət işi başlanılıb. Biz hesab ediri ki, Hindistan vətəndaşları burada dindirilsin. Bundan sonra təqsirləndirilən şəxs ifadə verəcək”.

Hakim qərar qəbul edib və qeyd edib ki, əvvəlcə şahidlərin dindirilməsi həyata keçiriləcək, daha sonra təqsirləndirilən şəxslər ifadə verəcək, sonda isə işdə olan sübutalar araşdırılacaq.

Növbəti proses noyabrın 14-də davam edəcək.

Xatırladaq ki, Hindistan vətəndaşlarını işlədiyi şirkət baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun oğlu Aydın Abbasova məxsus olub. Samir Kərimov həbsinə görə keçmiş deputat Aydın Abbasovu günahlandırıb. O iddia edib ki, barəsindəki cinayət işi Abbasovun yalan şikayəti əsasında başlanıb.

Söhbət Aydın Abbasova məxsus şirkətin hindistanlı işçilərindən rüşvət alınması haqda şikayətdən gedir. Cinayət işinin materialları arasında keçmiş deputatın prokurorluğa məktubu da var. Rüşvət alındığı iddia olunan hindistanlılar da deyiblər ki, işlədikləri yuyucu toz istehsalı və satışı ilə məşğul olan şirkət Aydın Abbasova məxsus idi.

Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə Samir Kərimov ölkəni tərk edib.

Faktla bağlı Samir Kərimov və Ramin Talıbov barəsində cinayət işi açılıb. Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. Ramin Talıbov isə zaminə buraxılıb.

Sabiq müstəntiq prokurorluqdan çıxandan sonra Rusiyaya gedib, xeyli müddət orada yaşayıb. 2022-ci ilin yayında Azərbaycana qayıdıb. O, şəxsiyyət vəsiqəsini yeniləməkdən ötrü "ASAN Xidmət"ə gedib, ertəsi gün isə saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər