Bakının Qaradağ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində təqdimat hələ məhkəməyə daxil olmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qaradağ rayon Məhkəməsindən bildirib.
Qeyd olunub ki, günün sonuna kimi sənəd məhkəməyə təqdim olunacaq.
"Həbs qətimkan tədbirinin seçilməsi üçün təqsirli bilinən şəxsin saxlanma müddəti sabah saat 10.00-a bitir. Bu vaxta kimi qətimkan tədbiri seçilmılidir", - deyə məhkəmədən bildirib.
Qeyd edək ki, bu gün Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.
İttihama görə, noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehtiyev xeyli vaxt həbsxanada olub. Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.
Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və noyabrın 9-da, səhər saat 05 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər.
Münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.
Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.