21 Noyabr 2022 15:56
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baku Steel Company" MMC-nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulan 70 milyon manatlıq əmlakının müsadirə olunması istənilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Səmədov deyib.

İttiham nitqi ilə çıxış edən prokuror Bakının Səbail rayonunda yerləşən "Bakı Oksford Məktəbi", Mərdəkan qəsəbəsində yerləşən bağ evi, fərdi yaşayış evləri və metal zavodunun müsadirə olunması üçün qərar çıxarılmasını təklif edib.

Qeyd edək ki, Rasim Məmmədov, onun ailə üzvləri, yaxın qohumlarının adına rəsmiləşdirimiş Xəzər rayonu, Mərdəkan qəsəbəsində 337.55 kv. yaşayış evinin qiymətinin 331 min manat, Mərdakan qəsəbəsində daha bir evinin qiymətinin 223 min manat olduğu aydınlaşıb.

Bundan başqa, elan olunan sənədlərdə qeyd edilib ki, Rasim Məmmədovun ailə üzvlərinə məxsus Parlament küçəsində olan qeyri-yaşayış sahəsinin üzərinə də həbs qoyulub.

Sənədlərdə göstərilib ki, Ziya Bünyadov prospektində 2 min 600 kvadrat metr qeyri-yaşayış sahəsinin, Sabunçu qəsəbəsi, Maykoviski küçəsində yerləşən iki qeyri-yaşayış sahəsinin üzərinə də həbs qoyulub.

Hakim deyib ki, Sabunçu qəsəbəsində olan əmlaklar 120 min manat miqdarında qiymətləndirilib.

Bundan başqa, Şüvəlan qəsəbəsində bağ sahəsinin, Nəsimi rayonu, Azadlıq prospektin 54 ünvanında qeyri-yaşayış sahəsinin, Azadlıq prospekti 54A ünvanında mənzilin üzərinə həbs qoyulub.

Sənədlərdən məlum olur ki, Rasim Məmdova məxsus olduğu iddia olunan Yasamal rayonu, Şərifzadə küsində qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulub, əmlak 2 milyon manat dəyərində qiymətləndirilib.

Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın adına Abbasqulu Abbaszadə 108A ünvanında yerləşən Bakı Oksford Məktəbinin də üzərinə həbs qoyulduğunu, məktəbin 22 milyon 487 min 150 manat qiymətləndirilib.

İş materiallarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində Rasim Məmmədova məxsus "No FE ROS" MMC-nin yerləşdirdiyi torpaq sahəsinin də üzərinə həbs qoyulub. Bildirilib ki, həmin torpaq sahəsi 10 milyon manat, şirkətin avadanlıqları isə 25 milyon 800 min manat miqdarında qiymətləndirilib.

Sənəddə qeyd olunub ki, Xətai rayonu, Tağıyev küçəsində 2 min 600 kvadrat metrlik əmlak kompleksin üzərinə həbs qoyulub, həmin əmlak Rasim Məmmədovun atası Hikmət Məmmədovun adına olub.

Yasamal rayonu, İsmayıl Bəy Qutqaşınlı küsində bir neçə mənzilin üzərinə həbs qoyulduğu qeyd olunub, həmin mənzillər Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova məxsusdur.

Xatırladaq ki, Rasim Məmmədov, onun ailə üzvləri və yaxın qohumlarının məxsus olan üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri 70 milyon manatdır.

Həmin əmlakların 30 milyon manatlıq hissəsi Rasim Məmmədovun qohumlarının adınadır. Digər əmlaklar isə onun ailə üzvlərinə məxsusdur.

Bununla bağlı maraqlı şəxslər məhkəmədə vəkillə təmsil olunur və müstəqil tələb irəli sürən üçüncü tərəf kimi tanınmalarını istəyirlər. Məhkəmə isə onların istəyini qəbul etməyib. Bu, həmin əmlakların üzərinə həbs qoyulsa da, yekun qərarın olmaması ilə izah edilir.

Xatırladaq ki, Rasim Məmmədovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

“Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub. Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər