28 Noyabr 2022 14:40
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədovun vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova müdafiə çıxışına hazır olmadıqlarını deyiblər. Onlar bir sıra vəsatətlərlə çıxış ediblər.

Məhkəmə istintaqının yenilənməsini, gömrük sənədlərinə baxış keçirilməsini, müvəkkilinin təqdim etdiyi sənədlərin işə əlavə olunmasını istəyiblər.

Vəkillərin sözlərinə görə, bir çox vacib məsələlər araşdırılmadığından, məhkəmə istintaqını bu halda yekunlaşdırmaq olmaz.

Müdafiəçilər iş materiallarında olan iki flaşkarta, Məmmədovun özünün qeyd dəftərçəsinə baxış keçirilmədiyini vurğulayıblar.

Onlar bildiriblər ki, istər flaşkartlarda, istərsə də qeyd dəftərçəsində çox vacib məlumatlar, o cümlədən “Baku Steel Company”nin gəlirlərinin hara və kimlərə verilməsi haqda qeydlər yer alıb. Məsələn, 2021-ci il yanvarın 28-də tutulan Rasim Məmmədov hələ yanvarın 6-da dəftərində qeyd edib ki, onu həbs eləmək istəyirlər. Həmin dəftəçə də cinayət işinin materiallarına əlavə olunub.

Prokuror Orxan Səmədov müdafiə tərəfinin dediklərinin məhkəmə üçün yeni məlumat olmadığını deyib və vəsatətlərin rədd olunmasını istəyib.

Məhkəmə vəkillərin qaldırdığı vəsatətləri qəbul etməyib.

Daha sonra Rasim Məmmədov deyib ki, ona verilmiş ittihamlarla əlaqəsi yoxdur, nə vaxtsa günahsız olduğunu sübut edəcək: "Prokuror deyir ki, guya 185 milyon pul götürmüşəm. 185 milyon qazanılası pul deyil, axı. Bir insana onun çəkisinə uyğun ittiham verərlər. Adamı bu vəziyyətə gətirmək olmaz. Tutulandan bir müddət sonra həm özümün, həm atamın evini sataraq zavodun 22 milyon manat borcunu ödəmişəm. Mən başqa nə etmıliydım? Hər şeyimi vermişəm, özüm də gedib 15 il yatmalıyam?"

Daha sonra vəkillər çıxışa hazırlaşmaq üçün iki həftə vaxt istəyiblər. Hakim isə onlara bir həftə vaxt veriblər.

Növbəti proses dekabrın 5-də davam edəcək.
Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Rasim Məmmədovun 15 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.
Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.
Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər