Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə vəkillərin vəsatəti ilə bağlı əlavə şahidlərin dindirilməsi mərhələsi həyata keçirilib.
Bunlar işlə bağlı rəy vermis ekspertlərdir. Çünki məhkəmə araşdırmaları zamanı ekspert rəylərilə bağlı xeyli ziddiyyətlər ortaya çıxıb. Prokuror ziddiyyətlərin olduğunu qəbul edib, ekspertlərin çağrılıb dindirilməsinə etiraz etməyib.
Bu gün keçirilən prosesdə 3 il öncə yanmış meyiti müayinə etmiş tibbi ekspertlərdən biri Nazim Rəhimov ifadə verib.
Hazırda Ağstafa rayonunda işlədiyini deyən Nazim Rəhimov vəkillərin suallarının bir çoxuna konkret cavab verə bilməyib. O, hətta imzaladığı rəyi xatırlamadığını bildirib.
Hakim şərait yaradıb ki, ekspert imzaladığı rəylə tanış olsun, bir çox məsələləri yadına salsın, nəyə imza atdığını atırlasın.
Azyaşlı Nərminlə bağlı şübhə yaradan məsələlərdən biri meyitin qan qrupu ilə onun şəxsiyyət vəsiqəsindəki qan qrupunun fərqli olmasıdır.
Bundan başqa, müdafiə tərəfi cinayət işinin materiallarında olan fotolara əsaslanaraq bildirir ki, meyitin boyu 10 yaşlı uşağın boyundan xeyli uzundur. Ekspert rəyində də meyitin boyunun ölçüsü göstərilməyib.
Vəkillərin sözlərinə görə, istənilən meyitin müayinəsində boyun ölçüsünün göstərilməsi vacibdir. Müdafiəçilər məhkəmədə dindirilən ekspert Nazim Rəhimovdan meyitin boy ölçüsünün rəydə niyə göstərilmədiyini soruşub. Ekspert isə “ölçməmişik” deyə cavab verib.
Vəkillər ekspertdən kürək nahiyəsi torpağın üstündə olduğu halda, sinə ilə eyni dərəcədə yanması, yaxud da geyimlər yanmadığı halda, bədənin kömürləşmə həddində yanmasının səbəbləri haqda soruşublar.
Lakin ekspert bu sualların da bir çoxuna “bilmirəm”, “bu sualı qrupun rəhbəri Seyfulla müəllim cavablandıra bilər” kimi cavablar verib.
Ekspertin sözlərinə görə, meyit müayinəyə təqdim olunanda onlara məlumat verilmişdi ki, Tovuzda itkin düşmüş Nərmin Quliyevadır. Vəkillər ekspertdən soruşub ki, müayinədə azyaşlının yaxınlarından kimsə iştirak edirdimi?
Hakim müdaxilə edərək, bu sualı çıxarıb, nədənsə ekspertin bunu cavablandırmasına imkan verməyib.
Növbəti məhkəmə iclaslarına isə digər ekspertlər çağrılacaq. Ekspertiza ilə bağlı açıq qalan suallardan biri meyitin üstündən çıxmayan paltarların sonradan ekspertin əlinə necə gedib çıxmasıyla bağlıdır.
Məsələn, ekspert uşaq cins şalvarının üstündən İlkin Süleymanovun gödəkçəsinə aid lif tapılması haqda rəy verib. O cins şalvarın ekspertə necə gedib çıxması məlum deyil. Çünki meyitin üzərindən çıxan paltarların siyahısında cins şalvar yoxdur.
Telefonla bağlı ekspert rəyində də ziddiyyətlər ortaya çıxıb. Məsələn, rəyə əsasən, İlkin Süleymanovun telefonda parno fotolara baxdığı iddia olunan vaxtda o, müstəntiqin yanında şahid qismində dindirmədə olub.
Növbəti proses fevralın 15-də davam edəcək.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.