13 Fevral 2023 17:14
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan proses təyin olunmuş vaxtdan bir saat sonra başlayıb.

Buna səbəb təqsirləndirilən Sahib Ələkbərovun vəkilinin prosesə vaxtında gəlməməsi olub. Hakim vəkilin iclasa gecikməsinə görə ona xəbərdarlıq edib. Vəkil isə başqa məhkəmədə işi olduğunu və bu səbəbdən prosesə vaxtından gec gəldiyini deyib.

Daha sonra Mövlam Şıxəliyev vəsatətlə çıxış edib. O, ittihamı müdafiə edən prokurordan ona qarşı sürülən ittihama hüquqi qiymət verməsini istəyib.

Vəsatətə münasibət bildirən generalın vəkili Ceyhun Yusifov bildirib ki, Mövlam Şıxəliyev ittiham tərəfindən ittiham aktının sübuta yetirilməsini xahiş edir: “Bu vəsatət əsaslıdır. Çünki Mövlam Şıxəliyevin özü də prokurora yalvarır ki, ona qarşı sürülən ittihamı sübuta yetirisin. Buna görə də apellyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmalıdır. Qismən istintaq aparılmaqla bəzi işləri araşdırmaq lazımdır. İş üzrə 32 epizoddan heç biri məhkəmədə sübuta yetirilməyib”.

Bir neçə zərərçəkmişin vəkili Osman Kazımov isə vəsatəti əsassız hesab edib. O deyib ki, bu məsələyə hazırda hüquqi qiymət verilə bilməz.

Yerində müşavirə keçirən hakim heyəti vəsatəti təmin etməyib.

Daha sonra Mövlam Şıxəliyev deyib ki, ona qarşı rüşvət alma və hədə-qorxu yolu ilə ittiham irəli sürülüb. Rüşvət alma ittihamı üzrə kimdən rüşvət alması ilə bağlı sənədlər olmalıdır.

Mövlam Şıxəliyev qeyd edib ki, rüşvət alma ilə bağlı möhürlənmiş heç bir sənəd cinayət işində yoxdur. O, bu epizodlar üzrə şahidlərin apellasiya instansiyasında dindirilməsini istəyib.

Vəsatətə münasibət bildirən CeyhunYusifov deyib ki, iş üzrə zərərçəkmiş Anar Heybətovdan hədə-qorxu yolu ilə pul tələb olunması ittihamı verilib: “Amma bu şəxs birinci instansiya məhkəməsində dindirilməyib, araşdırma aparılmayıb. Buna baxmayaraq həmin epizod üzrə ittihamedici hökm çıxarılıb. Müdafiə tərəfi olaraq vəsatətin təmin olunmasını istəyirik”.

Digər təqsirləndirilən şəxslər də vəsatətin təmin olunmasını istəyiblər. Bildiriblər ki, bu epizodlar üzrə onlara qarşı sürülən ittihamda heç bir sübut yoxdur. Günahsız olduqları birinci instansiya məhkəməsi tərəfindən sübuta yetirilsə də, onların barəsində ittihamedici hökm çıxarılıb.

Zərərçəkmiş Hüseyn Səfərov isə təqsirləndirilən şəxslərə qarşı ittihamların sübuta yetirildiyini deyib: “Camaatdan hədə-qorxu yolu ilə pul alıblar. Hələ burada danışırlar da. Biz vəsatətin rədd olunmasını istəyirik”.

Məhkəmə Mövlam Şıxəliyevin bu vəsatətini də təmin etməyib.

Daha sonra Mövlam Şıxəliyev əmlakarı üzərinə qoyulan həbsin götürülməsini, ona bəraət verilməsini, ədalətli qərar qəbul edilməsini istəyib. Məhkəmə bu vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, bu vəsatətdə olan məsələrlə məhkəmə yekunda qiymət verəcək.

Bundan sonra hakim Ceyhun Yusifova apellyasiya şikayəti üzrə çıxış etməyə söz versə də, vəkil məhkəmənin hazırkı mərhələsində çıxış etməyəcəyni deyib. Bildirib ki, digər təqsirləndirilən şəxslərdən sonra apellyasiya şikayətinin dəlilləri üzrə çıxış edəcək.

Generalın digər vəkili Arzu Cavadov da hazırkı mərhələdə çıxış etmək istəməyib. O, Mövlam Şıxəliyevin çıxışı ilə razı olduğunu bildirib.

Daha sonra təqsirləndirilən Yasin Məmmədov apellyasiya şikayətinin dəlilləri üzrə çıxış edib. O, tərəfindən verilən apellyasiya şikayətini müdafiə edib. Bildirib ki, barəsində aparılan istintaq hərəkətləri zamanı çoxsaylı qanun pozuntularına yol verilib və barəsində elan olunan ittiham birinci məhkəmə instansiyasında aparılan istintaq zamanı sübuta yetirilməyib.

Yasin Məmmədov qeyd edib ki, 1-ci Qarabağ döyüşlərində 6 qardaş iştirak ediblər: “Vətənə borcumuzu yerinə yetirəndən sonra bəzi səbəblərə görə Azərbaycandan kənara, Rusiyaya getdik. Orada iş qurduq. Sonradan Bakıya gəldim və Milli Təhlükəsizliyi Nazirliyində işə düzəldim. Həmin dövrdə mənim yaxşı imkanım var idi. İşə ən bahalı maşında gəlirdim. Nazir Namiq Abbasov mənə deyirdi ki, şəxsi maşınınla nazirliyə gəlmə, kənardan elə fikirləşərlər ki, dövləti çapıb-talayırıq.

Mən həmin dövrdə nazilrikdə bir çox işlər gördüm. Şəxsi vəsaitim hesabına naziliyin binasının təmir olunmasına vəsait xərcləmişəm. 2400 manata kompüter dəsti alımışam. Həmin dövrdə bu məbləğ böyük idi. Mən xidmətdə çırmaqlaşa-çırmaqlaşa yüksəlmişəm. Burada da böyük əməyim olub. Bunu bir xətlə silmək qanunsuzluqdur. Kimlərinsə sifarişi ilə burada mühakimə olunuram”.

Yasin Məmmədov Baş Prokurorluğun istintaq idarəsinin müstəntiqləri Eldar Əhmədov, Qasım Məmmədov və Əli Babayevi qanunsuz istintaq aparmaqda ittiham edib. Deyib ki, vaxtı ilə bir çox ümumi iclaslarda Eldar Əhmədovun fəaliyyətini tənqid edib: “Buna görə də Eldar Əhmədov məndən qisas alır. Mənim ümumuiyyətlə əvvəldən Mövlam Şıxəliyevlə aram olmayıb. Xidmət dövründə Mövlam Şıxəliyev mənə düşmən kimi baxıb. İndi necə olur ki, biz mütəşəkkil cinayətkarlıqda mühakimə olunuruq. Mövlam Şıxəliyev xidmət dövründə mənə heç nə etibar etməyib. Adama belə ittiham verərlər? Eldar Əhmədov və Qasım Məmmədov barəmdə mənfi fikirlər formalaşdırıblar. Bu formada da barəmdə qanunsuz ittihamedici hökm çıxarılıb”.

Yasin Məmmədov qeyd edib ki, onu 2015-ci ildə ittiham etmək istəyiblər: “Amma heç bir sübut tapa bilməyiblər. Mən sonradan Dövlət Təhlükəsizliyi Xidmətindən işimi davam etdirdim. 2020-ci ildə təqaüdə çıxdım. Həmin illər ərzində Prezidentin korrupsiyaya qarşı apardığı siyasəti üzrə istintaq qrupuna rəhbərlik etmişəm.

Rüşvətə görə tutulan icra başçılarının istintaqını aparmışam. Amma sonradan özümü ittiham etdilər. Rüşvət alma ilə bağlı əməliyyat keçirilir, çəkiliş aparılır, möhürlənmiş sənədlər götürülür. Amma bizə qarşı irəli sürülən ittihamların heç birində belə bir hal yoxdur. 14 ildən sonra yada düşüb ki, kimlərdənsə rüşvət almışıq. Zərərçəkmiş şəxslərin barəsində ekspertiza rəyləri, hökmlər mövcuddur. Bunların heç biri ləğv olunmayıb. Belə olan halda biz onlardan necə rüşvət ala bilərik? Bu işdə bir nəfər də şahid yoxdur. Amma yanız zərərçəkmiş var. Belə ittiham olar?”

Yasin Məmmədov deyib ki, baş prokuror Kamran Əliyevin oğlu Kənan Əliyev Dövlət Təhlükəsizliyi Xidmətində hərbi xidməti keçib: “Onu mənim şöbəmə vermişdilər. Mən ona əsgər kimi yox, bir istintaqçı kimi yanaşırdım. Xarici dil bilirdi, yaxşı savadı vardı. Ona görə də istəyirdim ki, xüsusi xidmət orqanlarında xidmətini davam etdirsin. Amma özü bunu istəmədi. Bu gün barəmdə baş prokurora mənfi fikirlər çatıdırılar. Amma baş prokuror oğlundan maraqlansa, mənim necə bir istintaqçı olduğumu bilər”.

Yasın Məmmədov qeyd edib ki, sonradan imkansız duruma düşüb: “Oğlum təhsil haqqını toplamaq üçün ofsiant işləyib. Hansı məmurun övladı ofsiant işləyər? Biz bu günlərə belə yol keçərək gəlmişik. Mənim əmlakımın olması ilə bağlı müvafiq sorğular verilib. Amma heç bir əmlakım olmadığı üzə çıxıb. Axırda 1996-cı ildə qardaşımın aldığı əmlakın üzərinə həbs qoyulub. Bu biabırçılıqdır”.

Yasin Məmmədov qeyd edib ki, ittihamda onun zərərçəkmiş Cahangir Məmmədovdan 80 min manat tələb etməsi ilə bağlı ittiham verilib: “Bu da absurd ittihamdır. Yazırlar ki, guya biz ondan pul tələb etmişik, o da evini satıb bizə verib. Bundan sonra Cahangir intihar edib. Arvadı məhkəmədə ifadə verdi və bildirdi ki, Cahangiri qardaşı Arif öldürüb. Cahangirin özü də istintaq altında olanda deyirdi ki, onu bu günə qardaşı salıb. Deyirdi ki, qardaşıma yaxşı işlər görmüşəm, o isə həbsdə olanda mənə baxmır”.

Zərərçəkmiş Əfsəl Həsənəliyevin ittihamına toxunan Yasin Məmmədov deyib ki, bu şəxs həbsdə olan zaman qisas almaq niyyəti olub: “Əfsəl Həsənəliyev deyir ki, guya kredit götürüb, həmin pulu da bizə verib. Amma həmin pulu Əfsəl Həsənəliyev taxta biznesinə yatırıb. Ukraynadan taxta alaraq bura gətirib. Onun taxta sexi də var. Əfsəl Həsənəliyev kimdir? Cibində diktafon gəzdirən bir şantajçıdır. Səsini yazmadığı adam, hakim, prokuror yoxdur. Hakimlərin, prokurorların səsini yazır, sonra da onları şantaj edir”.

Yasin Məmmədov bildirib ki, Mövlam Şıxəliyev ona qarşı düşmən mövqedə olub: “Mənim həyatımı məhv edib. Mən daha yüksəklərdə ola bilərdim, rütbəm arta bilərdi. Bunların qarşısını o alıb. Xidmət dövründə toylara, yas yerlərinə gedə bilməmişəm. Mənə icazə verməyib. Xidməti fəaliyyətimlə bağlı mən də daim qüsur axtarıb. İndi mənimlə birlikdə ittiham edirlər. Belə bir biabırçı ittiham heç vaxt görünməyib. Əmlaklarım müəyyən etmək istəyiblər. Amma olmayan əmlakı necə müəyyən etmək olar? Mənə kimlərsə düşmənçilik edir. Amma düşmənçilik edəndə də gərək kişi kimi edəsən. Məni Mövlam Şıxəliyevlə eyni icraatda ittihamın verilməsini belə özümə qarşı hörmətsizlik hesab edirəm”.

Yasın Məmmədov bildirib ki, ittihamda zərərçəkmişlərdən pul və bahalı saatlar almaları yazılıb: “Bu ittihamı yazanlar Milli Təhlükəsizliyi Nazilriyinin sturukturu ilə maraqlıansınlar. Görüsünlər ki, bu qədər pulu, saatları nazilriyin binasına keçirmək mümkündürmü? Bu qədər şər-böhtan olmaz”.

Qeyd edək ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edir.

“Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyəti məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.

Təqsirləndirilən şəxslər onlara verilmiş cəzadan narazı qalıblar və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Zərərçəkmişlər də hökmdən narazı qaldıqlarını qeyd ediblər və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.

Bir neçə zərərçəkmişin qaldırdığı mülki iddia təmin olunmayıb. Onlar mülki iddianın təmin olunması barədə apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.

Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.

Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.

Bundan başqa, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov polkovnik-leytenat rütbələri əlindən alınıb.

Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədova verilmiş orden və medallardan məhrum olunublar.

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər