“Azimport” şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərova hədə-qorxu gəlib, onun yarım milyon manatını almaqda ittiham olunan Kamal Akimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cnayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkili Kamandar Nəsibov ifadə verib.
Kamandan Nəsibovun bu məhkəmə prosesində dindirilməsinin səbəbi Kamal Akimovun əmlakının əlindən hədə-qorxu yolu ilə alınmasından sonra məhkəmədə mülki qaydada iş aparılan zaman onun vəkili olmasıdır. Kamal Akimovun o dövrdə əmlakın sökülməsinə görə “Azimport” şirkətinə qarşı qaldırdığı iddialar üzrə məhkəmələrdə vəkil kimi hüquqlarını müdafiə edib.
Həmin dövrdə Kamandar Nəsibov Kamal Akimova təklif edib ki, qarşı tərəflə, “Azimport” şirkətinin rəhbəri Azər Əsgərovla görüşsün. O da təklifi qəbul edib və görüş Kamandar Nəsibovun ofisində baş tutub. Kamal Akimov iddia edib ki, 800 min manatlıq razılaşma da həmin görüşdə əldə olunub.
Məhkəmədə ifadə verən Kamandar Nəsibov deyib ki, Kamal Akimovun mülki işi ilə məşğul olub: “Məhkəmələrdə əleyhimizə qərar çıxarıldı. Təklif elədim ki, Azər müəllimlə görüşsünlər. Görüş zamanı söhbətlərin tam içində olmamışam. Amma aralarında gərginlik vardı. Kamal Akimov söküntüyə görə pul istəyirdi. Sonradan bildim ki, razılaşmayıblar. Mən bir başqa işimdə Azər müəllimlə görüşəndə dedi ki, Kamal həddi aşır”.
Kamandar Nəsibov məhkəmədə Kamal Akimov və vəkilinin suallarının bir çoxuna “yadımda deyil”, “çoxdan olub, xatırlamıram” cavablarını verib.
Hətta öz ofisində görüşdə digər şəxslərin iştirak edib-etmədiyini belə xatırlamadığını deyib. Kamal Akimov isə bildirib ki, orada başqa şəxslər də olub və bunun sübutları da var.
Məlum olub ki, Kamandar Nəsibov Kamal Akimovdan sonra Azər Əsgərovla əməkdaşlıq etməyə başlayıb.
Məhkəmədə şahid qismində dindirilən Əli Məmmədov bildirib ki, onu Bakı şəhər Baş Polis İdarəsində saxlayıblar. Həmin vaxt Kamal Akimov gəlib və təzyiq altında ondan Azər Əsgərovun əleyhinə ifadə verməsini tələb edib: “Mən “Azimport” şirkətində işləyidim, hörgü, suvaq işinə baxırdım. Məndən tələb edirdi ki, Azər Əsgərovun üzünə durum. Deyim ki, onun tələbilə Kamal Akimovun obyektini sökmüşük”.
Kamal Akimov onun dediklərinin yalan olduğunu, Bakı şəhər Baş Polis İdarəsinə onun sərbəst giriş və hərəkət imkanının mümkünsüz olduğunu bildirib.
Əli Məmmədov “Azimport” şirkətində işləyərkən pulunun verilmədiyini iddia edib və Azər Əsgərovdan onu tələb edib. Nəticədə qalmaqal yaranıb və Azər Əsgərov ona qarşı şikayətlə hüquq-mühafizə orqanlarına müraciət edib. Əli Məmmədov saxlanılıb, barəsində xuliqanlıq ittihamıyla cinayət işi başlanıb.
Kamal Akimov hesab edib ki, şahid məhz həmin cinayət işinə görə Azər Əsgərovdan asılı vəziyyətdədir və bu üzdən onunla bağlı yalan ifadə verir.
Növbəti proses martın 2-də davam edəcək.
İttihama görə, Kamal Akimov Azər Əsgərovun özünü və ailə üzvlərini öldürməklə hədələyib, ondan 500 min manat pul alıb.
Təqsirləndirilən şəxs ittihamı əsassız sayır. Onun Səbail rayonu, Ziya Yusifzadə küçəsi,8 (keçmiş Xanlar küçəsi) ünvanında yerləşən 146 kvadrat metrlik qeyri-yaşayış sahəsini söküblər. Sonradan razılaşdıqları kimi ona 500 min manat veriblər.
Kamal Akimov bildirib ki, 10 il öncə “Azimport” şirkəti onun sənədli əmlakını söküb, kompensasiya ödəməyib. İllərlə məhkəmələrə, müxtəlif dövlət orqanlarına şikayət edib.
Son nəticədə 2016-cı ildə Azər Əsgərovla 800 min manata razılaşıblar. Bunun da 500 min manatını ödəyib, qalan 300 min manatını isə verməyib. Qalan məbləği ondan dəfələrlə tələb etsə də, Azər Əsgərov onu ödəməkdən imtina edib. Sonda isə ondan hüquq-mühafizə orqanlarına şikayət edib, indiyədək alınmış 500 minin özü və ailəsi hədələndiyinə görə verildiyini göstərib.
Kamal Akimov Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur.