2 Mart 2023 18:48
1 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə baş tutan prosesdə Cıbrail Fərzəliyevin vəkili çıxış edib.

O bildirib ki, Cəbrail Fərzəliyev saxlandığı Bakı İstintaq Təcridxanasına bir neçə dəfə intihara cəhd göstərib. Vəkil onun barəsində psixiatrik ekspertizadan keçirilməsini istəyib.

Hakimlər isə vəkilin nəzərinə çatdırıb ki, istintaq dövründə Cəbrail Fərzəliyev ekspertizadan keçirilib. Həmin rəy araşdırılanda əlavə suallar yaransa, bir də bu məsələyə yenidən baxa bilərlər.

Daha sonra prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Cəbrail Fərzəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Ona ifadə vermək təklif olunsa da, zərərçəkmişlərdən sonra danışacağını deyib.

İttihama görə, Cəbrail Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur. O, “Paşa Bank”dan, “Gənclər Fondu”ndan müxtəlif işlər görmək adıyla ümumilikdə 527 min manat vəsait götürüb və mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.

Qeyd edək ki, Cəbrail Fərzəliyev Gənclər Birliyinin də üzvü olub. O, həmçinin politoloq kimi fəaliyyət göstərib.

2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.

Zərərçəkmiş qismində isə həm “Paşa Bank”, həm də Gənclər Fondu tanınıb.

Cəbrail Fərzəliyev istintaq dövründə dəymiş ziyanın - 527 min manatın bir hissəsini ödəyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər