3 Mart 2023 16:56
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq prokuror Tariyel Qurbanovu şantaj etməkdə etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Ümman Əliyev 7 il 6 ay, Elnur Eldarov, Natiq Nuriyev 6 il 6 ay, İlqar Əliyev 6 il, Ələkbər Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sahilə Məmmədovaya 4 il 8 ay 24 gün azadlıqdan məhrum edilmə cəzası təyin edilib. Lakin himayəsində olan azyaşlı övladı 14 yaşına çatana qədər cəzanın icrası təxirə salınıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Pərvin Yusifovun isə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışığı nəzərə alınaraq onunla bağlı cinayət işinə xitam verilib.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Ümman Əliyevin 9 il, İlqar Əliyevin 8 il, Natiq Nuriyevin 8 il, Sahilə Məmmədovanın 6 il, Elnur Eldarovun 8 il 6 ay, Ələkbər Nuriyevin 7 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Prokuror digər təqsirləndirilən Pərvin Yusifovun barəsində olan cinayət təqibinə xitam verilməsini, onun cinayət məsuliyyətindən azad olunmasını istəyib.

Buna səbəb təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə dəymiş ziyanın - 3175 manatın Baş Prokurorluğun depozit hesabına, həmçinin qanunun tələb ilə cinayət yolu ilə əldə olunan pulun 25 faizi olan - 793 manatı isə dövlət büdcəsinə ödənilməsi olub.

İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Ötən ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Bu ilin yanvarın 16-da öz arzusu ilə Tariyel Qurbanovun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər