Şəmkir rayonunda 2002-ci il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Bəhruzu (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 21 mart 2022-ci ildə baş verib.
Elşən evin yaxınlığında Novruz bayramı tonqalı təşkil edən zaman eyni küçədə yaşayan Bəhruzun yüksək səslə nalayiq ifadələr işlətməsi səbəbindən onunla mübahisə edib.
Onlar bir-birilərinin paltarlarından tutaraq dartışılar. Elşən yerə yıxılıb, hadisə yerində olan şəxslər onları bir-birindən aralayıb.
Elşən Bəhruzun evi qarşısında nalayiq ifadələr işlətməsindən əsəbiləşərək qisas almaq niyyətilə onu öldürmək qərarına gəlib. Ayağa qalxaraq yaşadığı evə gedib və mətbəx bıçaq götürərək geri qayıdıb. Bəhruza yaxınlaşaraq ona 4 dəfə zərbə vurub. Bəhruza vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ittiham üzrə Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə deyil, həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilib.
O bildirib ki, martın 21-də axşam saat 20 radələrində arvadı və anası ilə birlikdə arvadının dayısıgilə qonaq gedib: “Orada bir az spirtli içki içdim. Saat 22 radələrində evə qayıtdım, sonra qonşuluqda yaşayan Bəhruzgilə getdim. Orada 5-10 dəqiqə oturandan sonra Elmir, Elçin və Bəhruzla tonqal qalamaq üçün küçəyə çıxdıq. Küçədə oturmaq üçün masa hazırladıq.
Birlikdə stol arxasında əyləşən zaman Bəhruz sərxoş olduğundan söyüş söydü. Mən də Bəhruza dedim ki, söyüşlə danışmayaq, hamımızın anası-bacısı var, heç kimi narahat etməyək. Lakin Bəhruz yenidən söyüş söydü”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Bəhruzu kənara çəkərək onunla dalaşıb: “Elmir və Elçin bizi ayırdı. Bəhruzun əlində boş araq şüşəsi olduğuna görə məni vuracağını fikirləşdim. Evə getdim və mətbəx bıçaq götürdüm. Məqsədim Bəhruzu vurmaq olmayıb. Onun məni vuracağından ehtiyat etdim və bıçağı qorxutmaq üçün götürdüm.
Bəhruz əlindəki şüşəni havada oynada-oynada üstümə gələndə onu təpiklə vurdum və əlindəki şüşəni yerə saldım. Sonra bıçaqla özümü qorumaq istədim. Həmin vaxt bıçağın Bəhruza dəydiyini hiss etmədim. Bəhruz sinəsini tutaraq arxaya getdi, aşağı oturanda və köynəyində qan görəndə bıçağın ona dəydiyini bildim. Bıçağı yanındakı qum təpəsinin üzərinə atdım”.
Elşən qeyd edib ki, bu vaxt anası küçəyə çıxıb və ondan Bəhruzu vurub-vurmadığını soruşub: “Mən də vurmadığımı bildirdim. Özüm polis şöbəsinə getdim və könüllü təslim oldum”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bəhruzun sözlərinə görə, hadisədən təxminən 1 həftə əvvəl saat 23 radələrində işdən qayıdıb və Elşənin yaşadığı evin qarşısından keçib: “Elşən avtomobilimin qarşısını kəsdi və axşam saat 23-dən sonra heç kimin onların evi qarşısından keçə bilməyəcəyini, evdə ailəsinin narahat olduğunu dedi. Buna görə aramızda mübahisə oldu”.
Zərərçəkmiş qeyd edib ki, martın 21-də Elmir, Elçin və Elşənlə birlikdə küçədə tonqal yandırmaq üçün Elşəngilin evinin yaxınlığına gediblər: "Söhbət zamanı Elşən nalayiq ifadələr işlədərək bu küçədə heç kimin avtomobilini evinin qarşısında görmək istəmədiyini dedi. Buna görə aramızda mübahisə yarandı.
Elşən söhbət etmək üçün məni kənara çəkdi və mübahisə etdi. Dalaşanda bizi ayırdılar. Bir-birimizin ünvanına söyüş söydükdən sonra Elşən evə getdi. Mən onun bıçaq götürəcəyini təxmin elədiyimdən əlimə boş araq şüşəsi aldım.
Elşən yaşadıqları evin darvazasından çıxaraq üzərimə gəldi. Əlimdəki şüşə ilə Elşəni vurmaq istəyəndə şüşə əlimdən düşdü. Elşən evlərindən götürdüyü bıçaqla mənə dörd zərbə endirdi. Elmirlə Elçin araya girdikləri üçün dayandıq.
Elçin bıçağın ona dəyəcəyindən qorxdu və kənara çəkilsdi, Elmir isə aradan çıxmadı, Elşəni tutaraq kənara çəkdi. Mənə vurulan ilk 3 zərbə qoluma, 4-cü zərbə isə ürəyimə dəydi. Sinəmi tutaraq arxaya getdim və darvazaya söykəndim. Bu zaman huşumu itirdim. Həmin vaxt Elşənin anası və qardaşı gəldi. Anası Elşənə “onu vurma, məni vur” dedi”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşən 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.