29 Mart 2023 14:01
2 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda 1989-cu il təvəllüdlü Sərxan həyat yoldaşı Nəsibəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Sərxanın rəsmi nikahda olduğu arvadı Nəsibə faktiki olaraq ondan ayrılıb və nənəsi ilə birlikdə yaşayıb. O, 2022-ci ilin sentyabrın 2-də saat 22-23 radələrində birgə nikahdan olan oğlan övladını anasına təhvil vermək üçün həmin ünvana gətirib.

Sərxan Nəsibəni mənzildə tapmayıb. Nəsibənin nənəsindən onun açıq-saçıq geyinməklə mütəmadi olaraq gecə saatlarında evdən getməsi barədə məlumat alıb. Bir qədər sonra Nəsibənin avtomobildən düşüb, mənzilə gəldiyini görüb. Ondan istifadəsində olan "İphone” markalı mobil telefonu alıb və telefona yüklənmiş vatsap sosial şəbəkəsinə baxıb.

Bu zaman Nəsibənin başqa kişilərlə yazışmasına dair mesajları, yarıçılpaq vəziyyətdə fotoşəkil və videogörüntüləri görüb. Mübahisə zamanı qısqanclıq zəmnində ona fiziki zor tətbiq edib. Nəsibənin saçından tutaraq mənzildən çıxarıb, onu binanın həyətinə düşürüb və bir qədər əvvəl gəldiyi avtomobili göstərməsini tələb edib. Nəsibə onun ünvanına qarşı nalayiq ifadələr işlətdikdə bıçaqla qadına zərbələr vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

“Xəbərsiz münasibət saxladım”

İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2010-2020-ci illərdə Nərgizlə rəsmi nikah münasibələrində olub və 2 övladı dünyaya gəlib:

“Nərgizlə nikah münasibətlərində olduğumuz dövrdə, 2017-ci ildə Nəsibə ilə təsadüfən Nərimanov rayonunda paltar mağazasında tanış oldum. Nəsibədən xoşum gəldiyini bildirdim. Müsbət cavabdan sonra onunla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başladıq.

Həmin dövrdə Nərgizlə rəsmi nikahda olduğumdan bir müddət ondan xəbərsiz Nəsibə ilə münasibət saxladım”.

“Mənə irad bildirdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Nəsibə dünyaya gəldikdən sonra atasını, 17 yaşında isə anasını itirdiyindən yaşlı nənəsi ilə birlikdə yaşayırmış:

“Nəsibəyə köməklik etmək istədim, ona bağlandım. O da eyni formada mənə hörmət edirdi. Bir-birimizə qarşı istəklərimiz qarşılıqlı idi. Bir müddət sonra Nəsibə ilə münasibətlərimiz barədə həmin dövrdə nikahda olduğum Nərgiz xəbər tutdu, mənə irad bildirdi.

Aramızda ciddi problemlər yaranmağa başladı. Nəsibədən ayrılmağımı tələb etsə də, ayrılmadım”.

“Bunlarla razılaşmadı”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2019-cu ilin avqustunda Nəsibə ilə olan qeyri-rəsmi münasibətlərindən oğul övladı dünyaya gəlib: “Nərgiz bütün bunlarla razılaşmadı. Mənimlə nikaha son verilməsi üçün məhkəməyə müraciət etdi, rəsmi surətdə boşandıq.

Bundan sonra Nəsibə ilə daha çox vaxt keçirdim. Nəsibənin də könüllü istəyi, razılığı əsasında 2021-ci ilin yaz-yay aylarında rəsmi nikaha daxil olduq. O, soyadını dəyişdirib, mənim soyadımı qəbul etdi. Bir müddət ona məxsus mənzildə övladımızla birlikdə yaşadıq. Rəsmi nikaha daxil olmazdan əvvəl birlikdə yaşamağımız üçün Xətai rayonunda "Blue Residence” adlanan MTK-dan ev aldıq.

Bir neçə ay əvvəl Nəsibə ilə yaşadığımız mənzili həm Xətai rayonunda onun adına aldığımız evin təmirinə xeyli pul sərf olunduğundan, həmçinin işimdə yaranmış problemlərə görə satdıq. Nəsibəni azyaşlı övladımla birlikdə nənəsin əvvəllər yaşamış olduğu mənzilə köçürdüm”.

“Ayrı yaşadıq”

Təqsirləndirilən şəxs bildirib ki, Nəsibə təxminən 6-7 ay həmin ünvanda, o da Suraxanı rayonu, Ramana qəsəbəsində ata-anası ilə yaşayıb: “Azyaşlı övladım da Nəsibə ilə birlikdə qalırdı. Ara-sıra onunla görüşürdüm.

Ayrı-ayrı yaşadığımız dövrdə münasibətlərimiz kəskin formada pisləşdi. Nəsibənin hansı səbəbdən mənə qarşı soyuq davranmasını başa düşmədim. Dəfələrlə ondan bunun səbəbini soruşdum. Nəsibə bunu aramızdakı keçmiş mübahisələrlə əlaqələndirdi. Bəhanələr gətirdi, məndən ayrılmaq istədiyini bildirdi.

Nəsibə hadisədən bir neçə ay əvvəl rəsmi qaydada ayrılmaq üçün Nizami rahyon Məhkəməsinə müraciət etdiyini bildirdi. Hətta dedi ki, Nizami rayon məhkəməsində işə baxılır. Lakin sonradan öyrəndim ki, Nəsibə bunu sadəcə sözlə deyib, məhkəməyə müraciət etməyib. Beləliklə, münasibətimiz daha da pisləşdi və ayrı yaşamağa davam etdik”.

“Evdə olmamasından şübhələndim”

Sərxan bildirib ki, sentyabrın 2-də səhər saatlarında Nəsibə vatsapda mesaj yazıb və oğlunu nənəsi ilə birlikdə yaşadığı mənzilə gətirməsini istəyib: “Oğlumu həmin gün günorta həmin ünvana apardım. Oğlumu maşından düşürdüm, Nəsibəyə vatsapda zəng edərək aşağıya düşüb, oğlumu məndən təhvil almasını bildirdim. O, uşağı özüm yuxarı qaldırmağımı, nənəsinə təhvil verməyimi istədi.

Nəsibədən şübhələndim, israrla aşağıya düşməsini tələb etdim. Aşağıya düşmədikdə, onun evdə olmamasını başa düşdüm. Əsəbləşərək oğlumu Suraxanıda yaşadığımıız ünvana geri qaytardım. Oğlum təbiətcə mənə çox bağlı olduğundan, Nəsibə ilə yox, geri qayıdaraq mənimlə qalacağına sevindi”.

“Əxlaqsız qadınlarla yoldaşlıq etdiyini bildirdi”

Sərxan qeyd edib ki, bir qədər sonra axşam saatlarında Nəsibənin nənəsi ona zəng edib, nəvəsi üçün darıxdığını bildirib: “Oğlumu saat 22-23 radələrində onun yaşadığı evə apardım. Yuxarıya yaşadıqları mənzilə qalxdım. Qadın qapını açdı, Nəsibənin evdə olmadığını bildirdi.

Nəsibənin harada olduğunu soruşduqda nənəsi onun tez- tez evdən açıq-saçıq geyimdə çıxdığını, geri gec qayıtdığını, müxtəlif əxlaqsız qadınlarla yoldaşlıq etdiyini, onun üstünə qışqırdığını dedi. Qadın Nəsibənin onunla da yola getmədiyini dedi.

Başa düşdüm ki, arvadım günorta saatlarından gecəyədək hələ də evə qayıtmayıb. Bu məni daha da əsəbləşdirdi. Nəsibəyə vatsapda mesaj yazdım, oğlumu nənəsinə verdiyimi dedim. Lakin getmədim. Onun evə gəlməsini gözlədim”.

“Dedi ki, nənə, qoyma Sərxan məni öldürər”

Sərxan deyib ki, Nəsibənin son vaxtlar ona qarşı əsassız pis münasibətinə görə aldatmasından şübhələnib: “Bir qədər sonra saat 23.30-da Nəsibə evə gəldi. Evə daxil olan kimi cibindən 2 mobil telefonun çıxardı. Onun 2 mobil telefon işlətməsini də bilmirdim. Artıq bu, məni daha çox şübhələndirdi. Telefonları Nəsibədən götürdüm.

Nəsibə tez nənəsinə dedi ki, nənə, qoyma Sərxan telefonlara baxsın, yoxsa məni öldürər. Tam əmin oldum ki, Nəsibə mənə başqa kişilərlə xəyanət edir.

Nəsibə ilə yataq otağında söhbət etdik. Mənə mobil telefona baxmağa maneçilik törətmək istəsə də, onu itələdim. Bu zaman çarpayıya yıxıldı. Mobil telefonun şəkillər və videolar bölməsinə baxdım. Arvadımın müxtəlif yad kişilərlə çılpaq və yataqda olan şəkillərini, Nəsibənin pozğun formada çəkdirdiyi fotoları gördüm”.

“Yarıçılpaq video və şəkilləri vardı”

Təqsirləndirilən şəxs deyib ki, şəkilləri gördükdə əsəbləşib: “Nəsibənin lüt və çılpaq vəziyyətdə başqa kişilərlə yataqda olan şəkillərini nənəsinə də göstərdim.

Mobil telefonda eyni zamanda yad oğlanların qarşısında yarıçılpaq rəqsini əks etdirən videolar, yarıçılpaq şəkilləri də vardı. Vatsapda Nəsibənin başqa bir oğlanla yazışmasını da tapdım. Həyəcandan və əsəbdən həmin şəxsin kim olması, nömrəsi barədə Nəsibədən heç nə soruşmadım.

Nəsibənin saçından tutdum, ondan nə baş verdiyini, bir qədər əvvəl binanın qarşısından düşərək gəldiyi avtomobilin kimə məxsus olduğunu soruşdum. Əlimdən qurtulmaq üçün avtomobilin rəfiqəsinə aid olduğunu, rəfiqəsinin aşağıda gözlədiyini dedi. Onun saçından tutub aşağıya düşürdüm. Blokun qarşısında Nəsibədən avtomobildə olan rəfiqəsini göstərməsini tələb etdim. Binanın həyətində heç kəs yox idi”.

“Hadisə yerindən qaçdım”

Sərxan deyib ki, onlar blokun qarşısına çıxan kimi Nəsibə qışqırmağa başlayıb: “Nəsibənin düşüb gəldiyi avtomobilin sürücüsü məsələni anlayıb oradan uzaqlaşdı. Nəsibədən nə üçün mənə xəyanət etdiyini soruşdum. O da qışqırıqla ünvanıma söyüş və təhqirlər, nalayiq ifadələr işlətdi. Qonşuların eşitməməsi üçün susmasını tələb etsəm də, məhəl qoymadı. Təhqirə davam etdiyi üçün əsəbiləşdim. Əvvəlcədən üzərimdə gəzdirdiyim bıçağı şalvarının sağ cibindən çıxardım və Nəsibənin döş qəfəsi istiqamətində 2 dəfə vurdum.

Bir nəfərin uzaqdan bizə yaxınlaşdığını gördükdə oradan qaçdım. Binaların arası ilə "Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "McDonalds” restoranı istiqamətində qaçmağa başladım. Bir qədər piyada qaçaraq üzü "Xalqlar dostluğu” metrostansiyası istiqamətində yolun kənarında əyləşdim. Hadisə zamanı həyəcanlı vəziyyətdə idim və nə edəcəyimi bilmirdim.

Nəsibənin başqa şəxslərlə münasibəti mənə çox pis təsir etmişdi. Azyaşlı övladımızın olması, oğlumun onun yanında tərbiyə alması, Nəsibəyə görə öz ailəmi dağıtmağım və bu kimi məsələlər məni sarsıtdı”.

“Polisə təslim oldum”

Sərxan bildirib ki, törətdiyi hadisədə istifadə etdiyi bıçaqla birlikdə polisə təslim olmaq qərarına gəlib: “Qardaşımla danışdım və onunla görüşdüm. Birlikdə Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə gedərək təslim oldum. Cinayət zamanı istifadə etdiyim bıçağı da polisə təqdim etdim.

Baş vermiş hadisə zamanı çox həyəcanlı olmuşam. Nəsibənin düşüb gəldiyi avtomobilin markası və nömrəsini pəncərədən görə bilməmişəm. Sürücüsünü də tanımamışam”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Sərxan 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov