24 May 2023 10:51
6 934
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Sumqayıt Məhkəmə Komleksində Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakim Camal Ramazanovun məruzəsi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən şəxslərdən Ruslan Mikayılov ali hərbi təhsillidir, Tərtərdə N saylı hərbi hissədə leytenant rütbəsində xüsusi təyinatlı qrupun komandiri vəzifəsində xidmət edib. Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyev isə gizir olub.

Daha sonra Ruslan Mikayılov vəsatətlə çıxış edib. O bu işlə bağlı həqiqətlərin ictimaiyyətə və ölkə başçısına çatdırılması üçün jurnalistlərə prosesdə çəkiliş aparmağa şərait yaradılmasını istəyib:

“Hüquq-mühafizə orqanları bu işi qərəzli araşdırıb. Nəticədə zərərçəkənlər o cür bədbəxt eləyiblər, bizi də bu cür. Ölkə başçısı da, ictimaiyyət də bilməlidir ki, orada kimlər olub, bizə kimlər hansı əmrləri verib... Bu işdə hansı nazirlərin, hansı generalların əli var... Ölkə ictimaiyyətində bizim haqqımızda mənfi imic formalaşıb. Xahiş edirəm, media nümayəndələri dəvət olunsun, onlara çəkiliş aparmağa imkan verilsin”

Zərərçəkmiş qismində tanınan şəxslər də onun qaldırdığı vəsatəti müdafiə ediblər.

İşgəncə nəticəsində əlil olmuş Bəhruz Novruzovun anası Aygün Novruzova da vəsatəti müdafiə edib. O bildirib ki, bu gün məhkəmə qarşısına çıxarılan şəxslər icraçılardır. Onlara əmr verən şəxslərin də mühakimə olunması vacibdir: “Nazirlər, generallar olubsa, onlar da məhkəməyə cəlb olunsun. Bunlar da cinayət törədiblər. Amma onlar niyə məsuliyyətdən kənarda qalmalıdır? Hamısı öz vəzifələrində oturublar bu gün də.

Mənim 33 yaşında övladım isə əziyyət çəkir. Zəhmət çəkib övladımı müalicə elətdirsinlər. Mən sağlam oğul göndərmişdim. O vaxt MTN, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq – hamısı bir ağızdan deyirdi ki, casus şəbəkəsi aşkar eləmişik. İndi çıxıb cavab versinlər”.

İşgəncə nəticəsində vəfat edən Təmkin Quliyevin atası Nizami Quliyev deyib ki, əmr verənlərin məhkəmə qarşısına çıxmasında israrlıdır.

Hakim Zeynal Ağayev vəsatəti təmin etməyib. Qərarla bağlı izahat verib ki, məhkəmədə media nümayəndələri iştirak edir. Jurnalistlər Tərtər işi üzrə digər qrupların da məhkəmə iclaslarında iştirak edərək, heç bir məhdudiyyət olmadan materiallar hazırlayır, ictimaiyyətə çatdırırlar.

Lakin jurnalistlərə audio və video yazıya icazə verilmir. Məhkəmə özü prosesin həm audio, həm də videoyazısını aparır.

Təqsirləndirilən şəxslər və onların vəkilləri istintaqın natamam, qərəzli aparılmasında da şikayətləniblər.

Vəkillər işin yenidən araşdırılması üçün istintaqa qaytarılması haqda vəsatət qaldırıblar.

Elçin Əliyevin vəkili Türkel Süleymanlı bu cinayət işi obyektiv, hərtərəfli araşdırılması üçün yenidən istintaqa qaytarılmasının vacib olduğunu deyib.

Zərərçəkmişlər, digər vəkillər də istintaqa qaytarılma ilə bağlı onun qaldırdığı vəsatəti müdafiə edib.

Ruslan Mikayılovun vəkili əlavə əsas kimi, istintaq dövründə öz müvəkkilinə qarşı çoxsaylı qanun pozuntularına yol verilməsini göstərib: “İstintaqda qanunun tələbləri kobud şəkildə pozulub”.

Sənan Maşıyevin vəkili bildirib ki, keçmiş Baş Qərargah rəisi ilə yanaşı, hazırda eyni vəzifəni daşıyan şəxsin də adı bu cinayət işində hallanır: “Çox təəssüf ki, bu cinayət işi üzrə istintaq hərtərəfli aparılmayıb”.

Məhkəmədə əlavə şahidlərin dindirilməsi haqda da vəsatətlər qaldırılıb. Dindirilməsi tələb olunan əlavə şahidlər əsasən vəzifəli şəxslər olub.

Bunların arasında Hərbi Prokuror Xanlar Vəliyev və onun tabeliyində çalışan müstəntiqlər, Tərtər Hərbi Prokuroru və bu qurumun müstəntiqləri, 2017-ci ildə korpus komandiri olan general Hikmət Həsənov, Hərbi Dəniz Qüvvələrinin rəhbəri Zaur Quliyev, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov, Müdafiə Nazirliyinin Bakı və Bərdə qarnizonlarının rəisləri, Mərkəzi Hərbi Hospitalın, eləcə də Sarıcalı hospitalının o vaxtkı rəhbərləri var.

Zərərçəkənlər də bu şəxslərin dindirilməsinin vacib olduğunu bildiriblər.

Məhkəmə əlavə şahidlərin dindirilməsi haqda vəsatətin baxılmamış saxlanmasına qərar verib.

Növbəti proses iyunun 7-də davam edəcək.

Cinayət işi üzrə 186 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb.

Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir. Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə itiham olunan şəxslərin çoxu günahsızdır və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.

Xatırladaq ki, Tərtər hadisələri ilə bağlı hazırda daha iki məhkəmə prosesi davam etdirilir. Aralarında general-mayor Bəkir Orucovun da olduğu 9 nəfər iki ayrı icraatda mühakimə olunur. İki iş üzrə zərərçəkmişlərin sayı 250-dən çoxdur. Bununla da rəsmi olaraq ittiham olunanların sayı 13, zərərçəkmişlərin sayı 440-ı ötüb.


Müəllif: Hacı Zeynalov