Bu günlərdə Gəncə Apelyasiya Məhkəməsində Ağdaş şəhər sakini, 1991-ci il təvəllüdlü Elnur Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Elnur Musayev Tərtər hərbi məhkəməsinin hökmü ilə məhkum olunaraq Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında cəza çəkib.
O, təcridxanada olan zaman həbsxanaya qadağan olunmuş əşya keçirib, kamerasında "Nokıa" markalı mobil telefon saxlayıb və həmin telefon vasitəsilə atası Nəriman Musayevlə əlaqə saxlayıb. Danışıqlar qeydə alınıb.
11 may 2013-cü il tarixdə istintaq təcridxanasının əməkdaşları Elnur Musayevin saxlandığı 3-cü rejim korpusunun 64 saylı kamerasında axtarış-baxış tədbirləri keçirib. Əməliyyat zamanı həmin mobil telefon aşkarlanıb.
Gəncənin Nizami rayon məhkəməsində ifadə verən Elnur Musayev elan olunmuş ittihamla özünü təqsirli sayıb. O bildirib ki, Tərtər hərbi məhkəməsinin 18 fevral 2013-cü il tarixli hökmü ilə təqsirli bilinib və 14 il 8 ay müddətinə azadlıqdan məhrum edilib: "Hazırda Qobustan həbsxanasında cəza çəkirəm. Məhkəmənin hökmü ilə təyin edilmiş 150 manat cərimə cəzasını ödəməmişəm. Mayın 11-də Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının 3-cü rejim korpusunun 64 saylı kamerasında əməkdaşlar tərəfindən keçirilmiş axtarış-baxış tədbirləri zamanı Murad Məmmədovun əşyalarının içərisindən aşkar olunaraq götürülmüş "Nokıa" markalı mobil telefon apartı mənə məxsusdur. Həmin telefonla atamla danışmışam, onun hal-əhvalını xəbər almışam".
Məhkəmə cəza təyin edərkən Elnur Musayevin barəsində Tərtər hərbi məhkəməsinin təyin etdiyi cəzanı nəzərə alıb və ona 14 il 10 ay müddətinə cəza verib. Məhkəmə həmçinin ona əlavə olaraq 150 manat cərimə kəsib.
Hökmdən narazı qalan Elnur Musayev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Həmçinin Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru Aleksey Abbasov apelyasiya protesti verərək Elnur Musayevin cəzasının ağırlaşdırılmasını tələb edib.
Hər iki şikayət Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçən prosesdə tərəflərin şikayəti üzrə qərar elan edilib. Prokurorluğun protesti təmin edilib və Elnur Musayevə əlavə olaraq 9 ay cəza verilib.
Qeyd edək ki, bundan əvvəl Elnur Musayev Tərtər hərbi məhkəməsində Rövşən Əliyev və Murad Məmmədovla birlikdə mühakimə edilib. Məhkəmənin hökmü ilə Rövşən Əliyev 15 il, Murad Məmmədov isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
İttihama görə, 2009-cu ildən fəaliyyət göstərən dəstə Ağdaş rayonunda dükan, aptek və Bakının Xətai rayonunda 4 obyektdə oğurluq edib. Dəstə üzvləri tanınmamaları üçün başlarına maska, əl izlərinin qalmaması üçün isə əllərinə əlcək geyiniblər.
Bundan başqa, Rövşən Əliyevlə Elnur Musayev 2011-ci il noyabrın 10-da talamaq məqsədi ilə odlu silahdan Ağdaş şəhər sakini, 75 yaşlı Telman Abdullayevi qətlə yetiriblər.
Hadisə yerindən "Mauser-Verkif" markalı bir tapança və içərisində 15 patron olan 2 daraq aşkar edilərək götürüb.
Yaxın dostlar mütəşəkkil dəstə yaratmaq qərarına televiziyada "Adanalı" filminə baxandan sonra gəliblər. Rövşən Əliyevin "gəlin biz də belə bir dəstə yaradaq" təklifini dostları müsbət qarşılayıblar. Rövşən özünü dəstənin başçısı elan edərək fəaliyyətə başlayıb.
Hacı Zeynalov