Şirvan şəhərində 4 nəfərdən ibarət oğru dəstə yaxalanıb.
Şirvan Şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan şəhər polis şöbəsinin (ŞPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 yanvar tarixində Şirvan sakini, sahibkarlıqla məşğul olan Laçın Muradova məxsus Xəqani küçəsi, 322 ünvanında yerləşən evdən ümumi dəyəri 2500 manat olan 110 cüt kişi və 30 cüt uşaq ayaqqabısı oğurlayan cinayətkar dəstə yaxalanıb.
Həmin şəxslərin Şirvan şəhər sakinləri Xəqani küçəsi, 7 ünvanında yaşayan, 1993-cü il təvəllüdlü Zaur Mahir oğlu İbrahimov, Naxçıvan küçəsi, ev 251 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Orxan Vahid oğlu Hüseynov, Xəqani küçəsi dalan 23, ev 621-də yaşayan Orxan Əfrayıl oğlu Nuruzadə və Xəqani küçəsi, 9 ev 360-da yaşayan Əvəzağa Cəlilağa oğlu Həşimov olduğu müəyyən edilib.
Aparılan araşdırmalar nəticəsində o da aydın olub ki, həmin şəxslər daha sonra Şirvan sakini Bağırov Səməd Həmid oğluna məxsus “VAZ-2106” markalı, 11 BS 321 dövlət nömrə nişanlı avtomobili də oğurlayaraq Kürdəmir şəhərində Xətai adlı şəxsə 500 manata satıblar.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır