7 Sentyabr 2023 16:03
8 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda 1990-cı il təvəllüdlü Cavid “Palermo” klubunun mühafizəçisi Yusifi bıçaqlayıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 6-da Nizami rayonundakı “Palermo” klubunda baş verib.

Cavidlə klubda mühafizəçi işləyən Yusif arasında mübahisə düşüb. Mübahisə zamanı Cavid Yusifin ona yumruq zərbəsi vuraraq sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməsinə əsəbləşib və qisas almaq məqsədilə üzərində olan ov bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub.

İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 5 dekabr 2022-ci ildə saat 22 radələrində Ramana qəsəbəsində yerləşən “Vegas” adlı kafedə pivə içib, saat 2 radələrində kafe bağlandıqda içkiyə davam etmək məqsədilə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Palermo” klubuna yaxınlaşıb:

“Saat 3 radələrində kluba daxil oldum, giriş qapısından sağ tərəfdə yerləşən 7-ci masada əyləşdim. Yaxınlaşan qadın ofisiantdan pivə gətirməsini xahiş etdim. Klubda mənim əyləşdiyim masadan əlavə 2-3 stolda müştəri var idi. Müştərilərin əylənməsi üçün canlı olmayan musiqi birləşdirilmişdi. Yenidən ikinci dəfə pivə sifariş etdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 5 radələrində onun masasına xidmət edən ofisiantdan hesabı istəyib: “Ofisiant bardan hesabı öyrənməklə mənə yaxınlaşdı və 100 verməli olduğumu bildirdi. Etiraz edərək iki bokal pivənin 100 manata olmadığını, pivələrin klubda satılması nəzərə alınmaqla maksimum 10 manat qiyməti ola biləcəyini söylədim.

Ofisiant bara yaxınlaşaraq hesabı ödəməyəcəyimi bildirdi. Klubun 3 əməkdaşı ofisiantla mənə yanaşdı, onların içindən biri hesabı ödəməli olduğumu dedi. Bir daha hesabı ödəməyəcəyimi söylədikdə həmin bir nəfər kənara çəkilərək söhbət etməyi təklif etdi. Onunla kənarda yerləşən kiçik otağa daxil olduq. Masanın baş tərəfində sonradan adı mənə Yusif kimi məlum olan şəxs oturmuşdu. Mən divanda əyləşdim.

Həmin şəxs hesabı ödəməli olduğumu dedi. Mən yalnız içmiş olduğu spirtli içki pivənin qarşılığı olaraq 10 manat ödəyə biləcəyimi bildirdim. Yusif bir daha pulu ödəməli olduğumu təkrarladı.

Artıq sözlə mübahisə yarandığından Yusif baş nahiyəmdən yumruqla vurmağa başladı. Mən yerə yıxıldım, o, təpiklə baş nahiyəmdən vurmağa başladı, ünvanıma nalayiq ifadələr işlətdi.

Yusifə gücümün çatmayacağını gördükdə üzərimdə olan bıçağı gödəkçəmin cibindən çıxardım, onabir neçə zərbə vurdum”.

Zərərçəkmiş Yusifin sözlərinə görə, dekabrın 6-da adı ona Cavid kimi məlum olan şəxs müştəri qismində gəlib və 7-ci masada əyləşib: “O, 3 stəkan viski, 3 ədəd “Red Bull”, 1 qəlyan və 2 musiqi sifariş verdi. Onun ümumilikdə hesabı 100 manat təşkil etdi.

Ofisiant Cavidə hesabın 100 manat etdiyini bildirdi. Cavid isə hesabın çox olduğunu, ödəmək istəmədiyini söylədi. Odur ki, ofisiant mənə yaxınlaşaraq bu barədə məlumat verdi. Mən də Cavidin yanında oturub hesabı niyə ödəmək istəmədiyi ilə maraqlandım. O, hesabın bu məbləğdə olmadığını bildirdi.

Cavid keçib sakit bir yerdə söhbət etməyi təklif etdi. Klubdakı kiçik otağa keçdik. Mən baş tərəfdə, Cavid isə qapıdan girdikdə sağda, divanda əyləşdi.

Söhbətə başladıqda Cavid Ramanada yaşadığını, qarşısına hər hansı bir şəxs çıxa bilmədiyini, içmədiyi içkilərə görə hesabın alınmasının doğru olmadığını sərt şəkildə bildirdi. Aramızda sözlə mübahisə başladı. Cavid divandan qalxaraq mənə tərəf gəlmək istədi. Yumruqla Cavidin baş nahiyəsindən bir zərbə vurdum. O, cibindən bıçağı çıxararaq mənə tərəf gəldi.

“Məni bıçaqla qorxutmaq istəyirsən” dedim. O, bıçağı döş qəfəs nahiyəmə yönəldərək ardıcıl üç zərbə vurdu. Bıçağı almaq istəyərkən sağ baldır nahiyəmdən də xəsarət yetirildi. Bıçağı almağa müvəffəq olduqdan sonra sol əlimlə Cavidin baş nahiyəsindən yumruqla iki zərbə endirdim. Huşu özündən getdi, bir anlıq divana yıxıldı”.

Zərərçəkmiş deyib ki, klub əməkdaşları otağa daxil olduqda onun bədənindən qan axdığım görüb və təcili tibbi yardıma zəng vurublar: “Xəstəxanaya çatdırıldım, əməliyyat olundum”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavidin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər