17 il əvvəl törədilən cinayətin təfərrüatları açıqlandı
Bakı Ağır Cinayətlər Məhkəməsində 17 il əvvəl ağır qətl törətməkdə təqsirli bilinən Varis Səmədovun cinayət işi üzrə məhkəmə başlayıb. İttihama görə, 23 avqust 1997-ci ildə odlu silahla öldürülən Zülfüqar Ağalarovun meyiti Nəsimi rayon hərbi komissarlığının arxasında aşkar edilib.
Varis Səmədov tanışı Eldar Əliyevin (2004-cü ildə Rusiyada yaşadığı evin qarşısnda güllələnib) idarə etdiyi "VAZ 2106" markalı avtomaşınında olarkən metronun "20 Yanvar" stansiyası istiqamətindən Soltan Nəcəfovun maşınında digər tanışı Zülfüqar Ağalarovun gəldiyini görür. Zülfüqar Ağalarovdan borcunu istəmək məqsədilə maşını saxlatdırır və söhbət üçün onu öz əyləşdiyi maşına dəvət edir. Pul məsələsi ilə bağlı aralarında mübahisə yaranır. Mübahisə əsnasında Varis "Makarov" tapançasından Zülfüqara üç dəfə dalbadal atəş açır. Daha sonra onun meyitini avtomaşınla gətirərək Nəsimi rayon hərbi komissarlığının arxasına ataraq hadisə yerindən qaçır.
Qətl hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 95-ci (köhnə redəktədə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Varis Səmədovun cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilir, barəsində axtarış elan olunur.
Lakin Varis Səmədov (Rəşitov Həmid Məcidoviç) ad-soyadını dəyişdirdiyinə görə onun yaşadığı yeri müəyyənləşdirmək qeyri-mümkünə çevrilir.
2002-ci ildə Varis Səmədovun əməlləri Cinayət Məcəlləsinin 95-ci maddəsindən Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddəsinə tövsif edilir. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülür.
Nəhayət, Varis Səmədov 2002-ci ilin oktyabr ayında istintaqa gəlir və 1 saylı istintaq təcridxanasına yerləşdirilir.
2003-cü ilin fevral ayında Nəsimi rayon məhkəməsi tərəfindən Varis Səmədov barəsindəki həbs-qətimkan tədbiri ləğv olunur, qohumlarının nəzarətinə verilməsi haqqında qərar qəbul edilir. Lakin sonradan təkrar məhkəmə-psixatrik ekspertizası təyin edilir və Bakı şəhər prokurorunun təqdimatına əsasən, Səbael rayon Məhkəməsində təqsirləndirilən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul olunur.
Varis Səmədov istintaqdan gizləndiyi üçün ekspertiza keçirilməsi mümkün olmadığından onun barəsində axtarış elan edilir.
Ötən ilin avqust ayında Varis Səmədov istintaqa könüllü gəldiyindən cinayət işi üzrə icraat təzələnib və o, Bakı İstintaq təcridxanasına salınıb.
"Adam bıçaqladığım üçün 3 il müddətinə azadlıqdan məhrum edildim"
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə Varis Səmədov ifadə verib. Elan olunmuş itthamla özünü təqsirli bilməyən Varis Səmədov deyib ki, uzun illər Rusiyada yaşayıb, orada ailə həyatı qurub: "Hərbi xidməti başa vurduqdan sonra Nijnivartovsk şəhərinə qayıtdım. Orada Raviyya adlı qadınla ailə həyatı qurdum. 1985-ci ildə adam bıçaqladığıma görə 3 il müddətinə azadlıqdan məhrum edildim. Sonradan amnistiya aktına əsasən cəzadan azad olundum.
1996-cı ilin əvvəllərində ailəmlə birlikdə Azərbaycana gəldim və Zülfüqar Ağalarovun qətlindən sonra yenidən Rusiyaya qayıtdım. O vaxtdan Eldar Əliyevi görməmişəm. Bir müddət sonra Eldarın Rusiyada (kriminal aləmə meyilli olan, dəfələrlə məhkumluq həyatı yaşayan Eldar Əliyev 2004-cü ildə Rusiyada yaşadığı evin qarşısında qətlə yetirilib. -red.) öldürüldüyünü eşitdim".
"Zülfüqar üstümə silah çəkmişdi"
Təqsirləndirilən şəxs əslən Zəngilan rayonundan olan Zülfüqarla 8-ci kilometr qəsəbəsindəki bazarda təsadüfən tanış olduqlarını, Zülfüqarın da onu kimi xırda alverlə məşğul olduğunu, hərdən Almaniyadan maşın gətirib satdığını deyib: "Alverə görə münasibətlərimiz bir qədər sərinləşmişdi. Hadisə baş verən gün Zülfüqarı təsadüfən dostu Soltanın maşınında keçdiyini gördüm. Maşını saxladıb söhbət etmək istədiyimi dedim.
Zülfüqar borcla bağlı məsələ ilə danışarkən sərxoş olduğunu gördüm. Mübahisə zamanı qəflətən söyüş söydü, belindən tapança çıxarıb üstümə tutdu. Sonradan baş verənləri xatırlamıram. Hadisədən sonra metronun "Əzizbəyov" stansiyasının yaxınlığındakı səkidə özümə gələndə səhər açılırdı. Təxminən 3-4 gündən sonra Zülfüqarı öldürdüyümə görə polis tərəfindən axtarıldığımı eşitdim və buna inanmadım. Hadisə zamanı Zülfüqar üstümə silah çəkmişdi, ola bilsin, həmin silahı alıb onu vurmuşam. Qorxumdan polislərdən gizlənirdim.
Bir neçə gündən sonra qardaşımla əlaqə saxladıqda cinayət törətdiyimi dedi. Bundan sonra Rusiyanın Nijnevartovsk şəhərinə gedərək orada yaşadım. 2002-ci ildə qohumlarımın xahişi ilə Bakıya qayıdıb istintaqa hadisəni baş verdiyi kimi danışdım. Barəmdə olan cinayət işi xitam olunduqdan sonra xəstəliyimlə bağlı 2003-cü ildə Rusiyaya getdim. Amma 4-5 aydan sonra yenidən axtarışa verildiyimi eşitdim".
Təqsirləndirilən şəxs ifadəsində ad-soyadını dəyişmək məcburiyyətdə qaldığını deyib: "2011-ci ilin fevral ayında yaşadığım ərazi üzrə müraciət edərək adımı və soyadımı dəyişib həyat yoldaşımın familyasını, babamın adını götürdüm. Rusiyada yaşadığıma görə isə oğlu sözünü çıxararaq "oviç", yəni Rəşitov Həmid Məcidoviç ad-soyadını qəbul etdim. 2012-cü ilin iyun ayının 18-də Azərbaycana da həmin sənədlə gəldim".
Zərərçəkmiş şəxs qismində dindirilən Raziyə İmanova ifadəsində həyat yoldaşı Zülfüqar Ağalarovla 1992-ci ilədək Rusiya Federasiyasının Tomsk şəhərində yaşadıqlarını göstərib: "Zülfüqar həmin vaxtlar üskük oynatmaqla və xırda alverlə məşğul olurdu. Bakıya köçəndən sonra isə bir müddət ayaqqabı sexi işlətdi, hərdən maşın alveri ilə də məşğul olurdu. Birgə nikahdan iki övladımız vardı. Münasibətlərimiz normal olsa da, Zülfüqardan nə soruşanda "sən qadınsan, öz işinlə məşğul ol, sənə nə lazımdır, çörəyin, suyun var, başqa nə ilə maraqlanırsan?" deyirdi.
Ölümündən əvvəl axırıncı dəfə Zülfüqarı Soltanla evdən çıxanda gördüm. Son bir neçə gündə Zülfüqar maşınını satlığa qoyduğundan onu Soltan aparıb-gətirirdi. Hadisə baş verən gün gecə saatlarında Zülfüqar zəng vurdu, yolda olduğunu, indi gələcəyini dedi. Danışanda əlaqə kəsildi. Gecə saat 1-ə qədər gözləsəm də, gəlmədiyini görüb yatdım.
Ertəsi gün Zülfüqarın hazırda Rusiyada yaşayan qardaşı onun öldürüldüyü barədə məlumat verdi. Bundan sonra köçkünlərin məskunlaşdığı yataqxanaya getdik. Həmin vaxt həyətə çoxsaylı adamlar yığışmışdı. Qaynatam həmişə Zülfüqarın arxasınca gileylənir, onun ətrafında olanların əksəriyyətinin cinayət aləmi ilə əlaqəli şəxslər olduğunu və bunun nəticəsinin yaxşı olmayacağını deyirdi. Yoldaşımı Varisin öldürdüyünü desələr də, səbəbini bilmirdim.
Varisi əvvəllər həyətdə Zülfüqarla bir yerdə, bir də oğlunun ad günündə restoranda görmüşdüm. Deyib-gülən, danışan adam olduğundan Zülfüqarı onun öldürməsinə əvvəlcə inanmırdım. Amma Soltan orada olduğundan və məhz Varisin yoldaşımı öldürdüyünü deyəndə inandım. Varislə Zülfüqarın arasında söz-söhbəti sonradan eşitmişdim. Nə Zülfüqarda, nə onun avtomobilində, nə də evimizdə silah, tapança olduğunu görməmişəm".
Məhkəmə iclası yanvarın 16-da davam etdiriləcək.
Hacı Zeynalov