Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baş tutan iclasda şahid qismində Anar Həşimov ifadə verib.
O bildirib ki, təqsirləndirilən Məlikməmməd Qurbanovu tanımayıb. "Avto luks" MMC-də işləyib: "MMC-nin rəhbəri İslam Rzayev idi. MMC avtomobil ehtiyatının hissələrinin satışı ilə məşğul olurdu. Mən orada fəhlə işləyirdim. Uzun müddət İslam Rzayevin yanında işlədiyim üçün məni etibarlı işçisi kimi tanıyırdı. Sonradan İslam Rzayevin səhhətində problemlər yarandığı üçün məni MMC-yə direktor təyin etdi. Amma mən yenə də fəhləlik edirdim.
İslam Rzayev vəfat edəndən sonra işlərə oğlu Aalıahverdi nəzarət etməyə başladı. Mənə sənədlər verilirdi. Həmin sənədlərə imza atırdım".
Şahid ifadəsində Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə MMC arasında alqı-satqı müqaviləsinin olduğunu təsdiqləyib: "Biz müqaviləni MMC-nin anbarda bağladıq. Müdafiə Nazirliyinin nümayəndələri ilə mənim heç bir görüşüm olmayıb. Bizim işimiz ehtiyat hissələrinin satılmasından ibarət olub. Müdafiə Nazirliyində hər hansı bir vəzifəli şəxsi tanımamışam. İlqar adlı mühasib sənədləri mənə təqdim edib, mən də imzalamışam".
Anar Həşimov deyib ki, təqsirləndirilən Məlikməmməd Qurbanovu tanımayıb.
Prokuror Ziya Mansurov deyib ki, nazirliklə MMC arasında bağlanan alqı-satqı müqaviləsində avtomobil ehtiyatı hissələrinin qiymətləri müqavilədə şişirdilib, həmin şişirdilmiş pulların bir qismi geri qaytarılıb, bununla bağlı dövlətə 360 min manat ziyan dəyib. Şahid isə bundan xəbəri olmadığını deyib.
Şahid bildirib ki, MMC-də fəhlə kimi ancaq 850 manat əməkhaqqı alıb. Əvvəllər əməkhaqqısı daha az olub.
Prokurorun suallarına cavab verən təqsirləndirilən Məlikməmməd Qurbanov deyib ki, əvvəl onlar İslam Rzayevlə alqı-satqı müqaviləsi bağlayıb, o, rəhmətə gedəndən sonra isə işlərə oğlu Allahverdi Rzayev nəzarət edib.
Təqsirləndirilən şəxs bildirib ki, hazırda məhkəmədə dindirilən şahid Anar Həşimovu tanımayıb, onun MMC-yə direktor təyin olunmasından xəbəri olmayıb: "Həmişə bizimlə Allahverdi Rzayev işləyib. Biz onu tanımışıq. Allahverdi əvvəllər də işləyib, hazırda da işləyir. Direktorun dəyişdirilməsindən bizim xəbərimiz olmayıb. MMC malları təhvil verirdi, yoxlama aparılanda sonra ödəniş olurdu. Mən müqavilələrə nəzarət etməmişəm. Bunun üçün nəzarət edən şöbələr var. Həmin şöbələrdə müqavilər yoxlanıldıqdan sonra hazır şəkildə mənə təqdim olunur, mən də imza atırdım".
Daha sonra məlum olub ki, şahidlərin məhkəməyə dəvət olunması üçün məktublar göndərilsə də, onlar məhkəməyə gəlmirlər. Bu səbəbdən şahidlərin məhkəməyə məcbur gətirilməsi barədə qərar qəbul edilib.
Növbəti proses oktyabrın 27-ə təyin edilib.
Bundan başqa, bu gün Bakı Hərbi Məhkəmısində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanovun da cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vilayət Abdullayev ifadə verib. O bildirib ki, "Avtoqrant" MMC-də 15 ilə yaxındır fəhlə işləyir. Onun sözlərinə görə, həmin MMC İslam Rzayevə məxsus olub.
Şahid qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan İslam Rzayevin səhhətində problemlər yarandığı üçün etibarlı adam kimi işləri ona tapşırıb: 'Hımin dövrədə İslam müəllim xəstələnmişdi. Mənə etibar etdiyi üçün MMC-yə direktor təyin etdi. İşim ancaq sənədlərə imza atmaqdan ibarət idi. Həmin sənədlərin mahiyyətindən xəbərim olmayıb.
İslam Rzayev vəfat edəndən sonra isə işlərə oğlu Allahverdi nəzarət etdi. Müqavilələri İlqar adlı icraçı direktor mənə gətirib, mən də imza etmişəm. Nə satırdılar, nə alırdılar, bundan xəbərim olmayıb".
Prokuror deyib ki, satılan malların şişirdilməsi nəticəsində geri qaytarılan pullar mənimsənilib, bunun da nəticəsində dövlətə 165 min manat ziyan dəyib. Prokuror bununla bağlı ünvanladığı suallara cavab verən şahid həmin məbləğdə mənimsəmə faktından xəbəri olmadığını deyib.
Növbəti proses oktyabrın 20-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.