Bakının Nizami rayonunda 1982-ci il təvəllüdlü Rza mübahisə zamanı Nazimi (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Rza 8 noyabr 2021-ci ildə Nazimin “Tik-Tok” sosial şəbəkəsində onun ünvanına yazdığı nalayiq ifadələrə görə ona zəng edib.
Rza Nazimlə həm danışarkən, həm də SMS yazışması zamanı yenidən işlətdiyi nalayiq ifadələrə aydınlıq gətirilməsi üçün onu görüşə çağırıb. Ertəsi gün saat 16.30-da Qara Qarayev prospektində yerləşən “Nəbz” klinikasının qarşısında görüşüblər.
Rza Nazimdən söyüşlərə görə ondan üzr istəməsini tələb edib. Nazim bundan imtina edib, mübahisə baş verib. Rza üzərində gəzdirdiyi bıçaqla Nazimi vurub.
Hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılan Nazim sağ bud arteriyasının tam kəsilməsi nəticəsində yaranmış massiv qanitirmə səbəbindən yolda ölüb.
İstintaq orqanı tərəfindən Rzanın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rza ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəlidir, 10 və 15 yaşlı iki övladı var: “1-ci qrup əlil olduğum üçün səhhətimlə əlaqədar işləməmişəm. Dializ xəstəsiyəm. Noyabrın 7-də yaşadığım evdə idim. Gecə saat 5 radələrində telefonla "Tik-Tok" sosial şəbəkəsində tanımadığım şəxs tərəfindən açılmış "canlı"ya baxırdım. Canlıya məndən sonra daxil olan şəxslərdən biri, ibtidai istintaq vaxtı adının Nazim olduğunu bildiyim "User" adlı istifadəçi profilindən “özünüzə hörmət edin” deyə ismarıc yazdı. Həmin ismarıc bütün istifadəçilərə ünvanlanmışdı.
Onun yazdığı ismarıcı "canlı"da olan bütün şəxslər gördü. Yazılanı özümə təhqir hesab edərək “Alik" adlı profilimdən “camaata hörmət dərsi keçənin burda nə işi var, ikincisi də get hörməti anandan öyrən” deyə ismarıc ünvanladım. İsmarıcı "canlı"da bütün şəxslər gördü.
Bu sözlərimdən sonra Nazim mənə ünvanlayaraq nömrəsini qeyd etdi, “yığ” deyə söyüş yazdı. Dərhal nömrəyə zəng vurdum.
Telefonu götürən şəxs "alo, kimdir?" soruşdu. "Alikdir" deyə cavab verdim. Bu zaman Nazim dayanmadan söyüş söyməyə, məni təhqir etməyə başladı. “Dayan, söydüyün söyüşlərin altından qalxa bilməyəcəksən, o söyüşlərə görə sənin dilini kəsəcəm” deyə söylədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Nazim onu tapacağını, ailəsinin qabağında cəzalandıracağını söyüş və təhqirlərlə bildirib: “Nazimə üzr istəmədiyi təqdirdə onu bıçaqla vuracağımı dedim. Ondan nəyə görə söyüş söydüyünü soruşdum. "TikTok"da ona yazdığın "get anandan öyrən" sözünə görə məni söydüyünü deyəndə, mən onu söymədiyimi, onun isə dözülməz söyüşlər söydüyünü bildirdim. Dedim, əgər bunu söyüş kimi qəbul edirdisə, ona bildirərdim ki, bu, səhv hərəkətdir, bu sözlərə görə ondan üzr istəyərdim. Nazimdən eyni zamanda, söydüyü söyüşlərə görə üzr istəməsini tələb etdim.
O, söyüşlərə davam edərək məndən üzr istəməyəcəyini bildirdi. Bu sözlərə görə onu cəzalandıracağımı dedim. Nazim məni yenə təhqir edərək telefon danışığını dayandırdı”.
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Nazimə mesajla dediyi sözlərə görə onu cəzalandıracağını yazıb: “O, yenə söyüşlər yazaraq nömrəmi blok etdi. Həmin gün danışığımız başa çatdı. Səhəri gün noyabrın 8-də xəstəliyimlə əlaqədar xəstəxanaya getdiyim üçün Nazimə zəng etmədim”.
Rza qeyd edib ki, noyabrın 9-da, saat 16-17 radələrində Nazimə vurub: “Onunla görüşmək istədiyimi dedim. Nazim də hara desmə, oraya gələ biləcəyini bildirdi. Qara Qarayev prospektindəki "Nəbz" klinikasının qarşısında görüşməyi təklif etdim. Nazim bu təkliflə razılaşdı.
Biz "Nəbz" klinikasının qarşısında görüşdük. Söhbət etmək üçün 145 nömrəli məktəbin yaxınlığına, Qara Qarayev prospekti 37 nömrəli binanın həyətinə girdik. Yol boyu Nazimə qarşılıqlı üzr istəməyi təklif etsəm də, o, məndən üzr istəməyəcəyini bildirdi.
Biz binanın həyətində oturaraq söhbət etməyə başladıq. Mənim söhbət etməkdə məqsədim Nazimi qarşılıqlı üzr istəməyə razı salmaq, söhbəti bağlamaq idi. Nazimə ikimizin də əsəbləşdiyimizi, bir-birimizin xətrinə dəydiyimizi dedim. Buna görə Nazimdən üzr istədim. Əlavə etdim ki, o, məndən yaşca kiçikdir, üzr istəsin və bu söhbəti bağlansın.
Nazim cavabında “yox, mən səndən üzr istəməyəcəyəm” deyə qışqırdı. Nazimin bu sözlərinə həddən artıq əsəbiləşdim. Onu cəzalandırmaq istədim. Üzərimdə olan bıçağı cibimdən çıxarıb Nazimin sağ budundan bir zərbə vurdum. Həmin vaxt hər ikimiz ayağa qalxdıq. Nazim arxaya oturaraq “vurma, vurma” dedi. Mənim ona ikinci bıçaq zərbəsi vurmaq niyyətim yox idi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, buna baxmayaraq Naizm onun üzərinə gəlib, hər iki qolunu tutub: “Mən skamyanın üzərinə oturaqlı vəziyyətdə yıxıldım. Nazim qollarımı arxaya tərəf itələdikdə başqa bir şəxsin bıçağı arxa tərəfdən əlimdən aldığını hiss etdim. Səs-küyə ətrafda olan şəxslər də yığışdı. Hadisə yerinə yığışanlara polisə təslim olacağımı dedim, Nazimin qan itirməməsi üçün orada olan xatırlamadığım şəxslərdən birinə bel kəməri ilə yaranı sıxmağı məsləhət gördüm.
Daha sonra yaşadığım evə gedərək yuyundum və paltarımı dəyişdim. Məqsədim Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə gedərək təslim olmaq idi. Lakin evdən çıxdıqda həyətdə polis əməkdaşlarını gördüm. Onlar mənə cinayət törətməkdə şübhəli olduğumu bildirdilər. Məni 25-ci polis şöbəsinə gətirdilər.
Mən səhv etdiyimi başa düşürəm. Əməlimdən peşmanam. Zərərçəkmiş şəxsin hüquqi varisi olan atasından üzr istəyirəm. Mərhumun övladlarını öz övladlarım kimi qəbul etməyə və əlimdən gələn bütün köməklikləri göstərməyə hazıram”.
İş üzrə zərərçəkmişin hüquqi varisi olan atasının sözlərinə görə, 1991-ci il təvəllüdlü Nazim 2020-ci ildə leytenant rütbəsində olmaqla İkinci Qarabağ müharibəsində iştirak edib: "2021-ci ildən şirkətdə mühəndis vəzifəsində çalışırdı. Sakit təbiətli insanıydı, hər kəslə mehriban davranırdı. Noyabrın 9-da yaşadığım evdə olduğum zaman övladımın ölməsi və Nizami rayon ekspertizasına aparılması barədə məlumat aldım. Dərhal həmin yerə gəldim. Məlum oldu ki, həmin gün saat 16.30-da əvvəllər tanımadığım Rza adlı şəxs tərəfindən öldürülüb. Təqsirləndirilən şəxslə barışmamışam, ondan şikayətçiyəm”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rza 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verib. Şikayətçi təsqisləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının ağırlaşdırılmasını istəyib.
Prokuror tərəfindən də apellyasiya protesti verilib. Prokuror da təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən şikayət təmin edilməyib.
Prokuror tərəfindən verilən protest təmin edilib. Təqsirləndirilən şəxsin cəzası 10 ilə qədər artırılıb.