Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Dəyanət Qüdrətov ifadə verib.
O bildirib ki, 2023-cü il yanvarın 1-də Ruhlan İsmayılov Bakıya gəlib və bir neçə gündən sonra onunla görüşüb: "Ruhlan avtomat silah almaq istəyirdi. Öz adına ala bilmirdi. Səbəb o idi ki, Ruhlan psixi xəstəxanada yatmışdı, silah almağa ona icazə vermirdilər. Ona görə də silahı mənim adına almağı təklif etdi. Mən də razı oldum.
Mağazadan silah aldıq. Ruhlan dedi ki, basqın edəcək. Hadisə günü basqın etmək üçün "Bravo" marketin yanına gəldim. Birinci mən içəri girdim, atəş açdım. Sonra Ruhlan özündə olan avtomat silahla bir nəfəri öldürdü, bir nəfəri yaraladı. Mən oradan qaçaraq Suraxanı rayonundakı evimizə getdim".
Təqsirləndirilən şəxs deyib ki, Ruhlan İsmayılov ona hədə-qorxu gəlib və bu səbəbdən bu cinayəti törətməyə razılıq verib. Təqsirləndirilən şəxs deyib ki, 2-3 gün "Bravo"nun yanında izləmə aparıblar:
"Silahı 3500 manata Ruhlan İsmayılov aldı. Biri böyük silah idi, biri balaca. İkisini də Ruhlan İsmayılov almışdı. Hadisədən əvvəl silahlar Ruhlanda olub. Silahı bizə hadisə vaxtı verdi. Mənə qışqırırdı ki, atəş aç. Açdığım atəş bankomata dəydi.
Mən atəş açanda Ruhlan ikinci girişdə, mən özüm birinci girişdəydim. Ruhlan atəş açanda sonra mən oradan qaçdım. Planı Ruhlan qurmuşdu. Məqsəd pul götürmək idi. Fikirləşirdik ki, həmin məbləğ 400 min ola bilər. Həmin pulu götürərdik".
Təqsirləndirilən şəxs Ruhlan İsmayılovun marketə onunla birlikdə getməsini belə izah edib: "İnkasator maşınında silahlı şəxs olur. Ona görə bizi də özüylə aparmışdı ki, nəsə olsa, ona kömək edək. 400 min manat götürəcəkdik, iki yerə böləcəkdik. Təqsirləndirilən şəxslərdən yalnız Səbuhini tanıyıram, digərlərini tanımıram. Hadisə yerində yalnız Ruhlanla mən olmuşam. Başqa heç kim olmayıb. Hadisədən sonra hara gedəcəyimiz planlaşdırmamışdıq".
Təqsirləndirilən bildirib ki, bundan əvvəl Ruhlan İsmayılov "Kapitalbank"a basqın etmək istəyib: "Banka başqa dostu ilə basqın edilməliydi. Amma sonra fikirini dəyişdi. Çox güman ki, dostuna etibar etmədi.
Sonra Ruhlan mənimlə birlikdə "Unibank"ın "Bravo"da olan İnkasatoruna baqsın etməyi planlaşdırdıq. 2023-cü ilin fevralında basqın etməliydik. Əvvəl razılaşsam da, fevralın 20-dən sonra imtina etmək istədim. Onda mənə hədə-qorxu gəlməyə başladı. İmtina etsəm, ata-anamı öldürəcəyini dedi. Buna görə də basqından imtina edə bilmədim. Hüquq-mühafizə orqanlarına müraciət etməyə də qorxurdum.
Mən atəş açanda bilərəkdən mühafizəçinin vurmadım, atəşi başqa istiqamətə yayındırdım. Atəş açandan sonra oradan qaçdım".
Təqsirləndirilən şəxs deyib ki, Azər Məmmədovu tanımayıb: "Səbuhini tanınmışam. Amma o, olanlardan xəbərsiz idi. Hadisədən sonra bu olayları bilib. Plana görə, Qala qəsəbəsinə gedəcəkdik, orada Ruhlan maşını yandıracaqdı. Sonra onun evinə gedəcəkdik. Olaylar plana uyğun olmadığı üçün mən Qala qəsəbəsinə yox, Səbuhinin evinə getdim".
Növbəti proses noyabrın 15-də davam edəcək.
İttihama görə, bu ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.
Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.
Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.