Zaqatala rayonunda 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlində təqsirli bilinən Polad İsmayılovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Şəki Apellyasiya Məhkəməsində baş tutan iclasda hadisə ilə bağlı ekspert kimi rəy təqdim etmiş Gündüz Cəbrayılov ifadə verib.
Hadisə yerində Seyran Əyyubovanın qanıyla yanaşı, başqa bir qan da tapılıb. Həmin qan 3-cü qrup olub. Ekspert Polad İsmayılovun qanı ilə hadisə yerindən tapılan qan nümunəsinin eyni şəxsə məxsus olması haqda rəy verib. Halbuki Polad İsmayılovun qanı 1-ci qrupdur.
Gündüz Cəbrayılov bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşıdır, polkovnik-leytenantdır.
Təqsirləndirilən şəxsin vəkili Zabil Qəhrəmanov deyib ki, hüquq-mühafizə orqanı əməkdaşının ümumiyyətlə, ekspert qismində rəy verməsi doğru deyil: “Çünki Daxili İşlər Nazirliyi, prokurorluq işin nəticəsində maraqlı qurumlardır. Bu cür məsələlərdə Səhiyyə Nazirliyinin eksperti qala-qala bu iş niyə Daxili İşlər Nazirliyinə həvalə olunub? İstintaq və təhqiqat orqanına tabe olan şəxs ümumiyyətlə, ekspert ola bilməz”.
Ekspert bildirib ki, ona üstündə “Polad İsmayılov” yazılmış şüşənin içində qan təqdim edilib. Eyni zamanda, bir tənzifin üstündə də qan ləkəsi olub. O da həmin nümunələr əsasında tədqiqat aparıb, rəy verib.
Ekspertin sözlərinə görə, qan və tənzifin haradan və necə götürüldüyünü bilmir. Tənzifdə olan qanın az bir hissəsindən tədqiqat məqsədilə istifadə edib, qalanını isə təhvil verib.
Ekspert ona təqdim olunanlardan nə qədər istifadə olunması, nə qədər təhvil verilməsi haqda heç bir hesabat yazmayıb.
Məhkəmədə hadisə yerində çəkilmiş videogörüntülərə də baxılıb. Polad İsmayılov müstəntiqin iştirakıyla videoçəkilişlə ifadə verir, Seyran Əyyubovanı necə öldürdüyünü danışır. O bildirib ki, öncədən təlimatlandırılmışdı, ona uyğun danışırdı.
Vəkil Zabil Qəhrəmanov da bəzi məqamlara diqqət çəkib. O bildirib ki, cinayət işinin materiallarında Seyran Əyyubovanı öldürən qatilin daha sonra bıçağı mətbəxdəki kranın altına atıb getdiyi göstərilib. Çünki hadisədən sonra oradan qanlı bıçaq tapılıb. Amma videoda Polad İsmayılov deyir ki, “mən onu öldürdüyüm bıçağı yolda çaya atdım”.
Növbəti iclas oktyabrın 25-də davam edəcək.
İttihama görə, Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb.
İstintaq materiallarında göstərilib ki, qətl hadisəsini törədən 1973-cü il təvəllüdlü Polad İsmayılov 2020-ci ildə həbs olunub və onun Seyranı qətlə yetirməsi sübut edilib.
Tərtər rayon sakini Polad təxminən 1997-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda yük maşını ilə mişar daşı gətirib, Zaqatala rayonunda həmin daşın fərdi qaydada satışı ilə məşğul olub.
O, həmin vaxtlardan günlük ödəniş etməklə Zaqatala rayon sakini Seyranın fərdi yaşayış evində kirayə qalıb və qaldığı dövrdə cinsi ehtirasını təmin etmək məqsədilə ayrı-ayrı qadınlarla tanış olub, onlarla ayrı-ayrı yerlərdə yaxınlıq edib.
Poladın kirayədə qaldığı evdə başqa qadınlarla görüşməyə cəhd etməsi ilə bağlı ev sahibi Seyran arasında əvvəllər də narazılıq yaranıb.
23 fevral 2011-ci ildə mişar daşı satmaq məqsədilə o, qohumu ilə birlikdə yenidən Zaqatala rayonuna gəlib. Fevralıb 23-dən 24-nə keçən gecəni Seyrana məxsus evdə gecələməyə qərar verib. Havanın soyuq olması ilə bağlı evdəki sobanın yanında olan çarpayıda yatmaq istəsə də, Seyran həmin çarpayıda başqa şəxsin gecələyəcəyini bildirib, çarpayıdan istifadə etməyə Polada icazə verməyib.
Polad səhəri gün yuxudan oyananda çarpayını boş görüb, Seyranın bilərəkdən həmin çarpayını onun istifadəsinə verməməsi qənaətinə gəlib. O, təklikdə bununla bağlı Seyrana narazılığını bildirib.
Polad onunla anası kimi davranmasını xahiş etməsinə baxmayaraq təbiətcə söyüşkən olan Seyran onun ünvanına nalayiq sözlər işlədib.
Saat 9 radələrində Polad qohumu və digər şəxslərlə birlikdə evdən çıxıb və daş bazarına gedib. Seyranın onu təhqir etməsi, həmçinin əvvəllər də evə qadın gətirməsinə razılıq verməməsi ilə bağlı məsələni aydınlaşdırmaq məqsədilə saat 11.30-da geri qayıdıb.
Ev sahibi ilə kirayəçi həyətdə söhbət edərkən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Seyran yenidən onun ünvanına nalayiq söyüşlər işlədib, Polad qadını öldürmək qərarına gəlib.
Həyətdə kimsənin görə biləcəyindən ehtiyat edib, söhbəti davam etdirmək üçün Seyranı evin otaqlar olan hissəsinə keçməyi təklif edib.
Seyran qabaqda, o isə onun arxasınca evə giriblər. Giriş qapısından sol tərəfdə qoyulmuş masanın üzərində olan bıçağı götürən Polad ona çoxsaylı zərbələr vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Poladın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Polad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Polad 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Polad apellyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Poladın şikayətinə bir müddət əvvəl Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sıdrliyi ilə baxılıb. Onun şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan təqsirləndirilən Polad İsmayılovun vəkili Zabil Qəhrəmanov kasasiya şikayəti verib. O, şikayətində müvəkkilinin günahsız olduğunu, işinə yenidən baxılmasını istəyib.
Ali Məhkəmə kasasiya şikayətini təmin edib. Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və cinayət işinin yenidən apellyasiya məhkəməsində araşdırılması barədə qərar qəbul edilib.