“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə vəkil Elçin Sadıqov rəsmi qaydada məhkəməyə dəvət edilsə də, prosesə gəlmədiyi məlum olub.
Hakim deyib ki, Elçin Sadıqov məhkəməyə ərizə ilə müraciət edib. Ərizəsində əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb olunduğunu, sonradan statusunun dəyişmədiyini qeyd edib: "Barəmdəki cinayət işi ayrılsa da, bu gün də təqsirləndirilən şəxsəm. Qanuna görə, heç kim özünə və yaxınlarına qarşı ifadə verməyə məcbur edilə bilməz. Mən icraatınızda olan iş üzrə təqsirləndirilən şəxs olduğuma görə və ifadələrim əsasında bu gün də barəmdə cinayət işi davam etdirildiyindən təqsirləndirilən şəxs statusum dəyişmədiyinə görə şahid qismində dindirilə bilmərəm. İstintaq zamanı verdiyim ifadələri təsdiq edirəm. Həmin ifadələri elan edərək, nəzərə alasınız".
Hakim vəkilin ifadəsinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən onun dindirilməsinin vacibliyini qeyd edib və bu barədə tərəflərin fikrini soruşub.
Vəkil Aqil Layıc vəkili Elçin Sadıqovun məhkəmədə çağırılıb dindirilməsini istəyib.
Əvəz Zeynallı Elçin Sadıqovla eyni vaxtda tutulduqlarını, tutulma səbəblərinin eyni olduğunu məhkəmənin diqqətinə çatdırıb: "Tutulma səbəbi kimi göstərilib ki, biz əlbir olub Rasim Məmmədovdan pul almışıq. Elçin burda təqsirləndirilən şəxsdir, şahid deyil. Gah deyir təqsirləndirilənəm, gah da deyir şahidəm. Onun ifadəsini sübutlar siyahısından çıxarın. O, təqsirləndirilən şəxsdir".
Əvəz Zeynallı əlavə olaraq bildirib ki, Elçin Sadıqov məhkəməyə gələcəyi təqdirdə onu burda kürsüdə dəfn edəcək.
Prosesdə hazırda həbsdə olan “Baku Steel Company” MMC-nin sabiq rəhbəri Rasim Məmmədovun sürücüsü Elnur Bəxşəliyev ifadə verib.
İfadəsində göstərib ki, işi yalnız ona verilən zərfi vəkil Elçin Sadıqova çatdırmaqdan ibarət olub: "Mehriban xanım mənə zərf verdi, vəkil Elçin Sadıqova çatdırmağımı tapşırdı. Hiss etdim ki, zərfin içərisindəki puldur. Çünki zərfin qapağının kənarı bir az açıq idi, oradan da görünürdü. Nizami rayon polis bölməsinin qarşısında Elçin Sadıqov maşında dayanmışdı. Onun maşınına yaxınlaşıb zərfi maşının pəncərəsindən ona verdim. Elçin Sadıqov işlədiyim ailənin vəkili olub”.
Daha sonra, məhkəməyə gəlməyən, istintaq zamanı şahid qismində dindirilən Ramil Hüseynov, Telman Vəliyevin istintaqdakı ifadəsi elan edilib.
Prosesdə millət vəkili İmamverdi İsmayılovun da istintaqa verdiyi ifadəsi elan edilib. Şahid qismində istintaq zamanı dindirilən ifadə verən Milli Məclisinin üzvü İmamverdi İsmayılov Əvəz Zeynallını şəxsən tanımadığını, onu yalnız “Xural TV”nin aparıcısı kimi tanıdığını göstərib. Bildirib ki, 2022-ci ilin fevralında mobil telefonuna xatırlamadığı nömrədən zəng gəlib. Zəng vuran “Xural TV”nin aparıcısı Əvəz Zeynallı olduğunu bildirib, Elnur adlı tanışının Sumqayıt şəhər İcra Hakimiyyətində nəsə probleminin olduğunu deyib və həmin şəxsi tapşırmasını xahiş edib: "Əvəz Zeynallı ilə münasibətimizin olmamasına baxmayaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına zəng vurub Əvəz Zeynallının Elnur adlı tanışının nəsə probleminin olduğunu söylədim və baş memar Adilin onu qəbul etməsini, tələbinin qanuni olacağı halda həmin şəxsə köməklik göstərməsini xahiş etdim. Daha sonra Elnurun qəbula gedib getməməsindən, eləcə də həmin şəxsin xahişinin icra edilib-edilməməsindən məlumatım olmayıb".
Növbəti proses oktyabrın 27-də davam edəcək.
Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.
Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.
İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.