13 Noyabr 2023 17:34
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş sabiq deputat Dünyamin Xəlilov və Azad Cavadovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi izahat verib.

O bildirib ki, banka ümumilikdə 17 milyon manat ziyan dəyib. İttiham aktında 6 milyon manat ziyan dəyməsi barədə qeydlə razı deyil: "Cinayət işinin başlanması barədə qərarda da göstərilir ki, banka ümumilikdə 17 milyon 765 min manat ziyan dəyilib".

O, iddia edir ki, dəymiş ziyanın məbləği 17 milyon 765 min manat olmalıdır: “Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu cinayət işi üzrə istintaq dövründə Beynəlxalq Bankın zərərçəkmiş qismində tanınanması haqda qərarda da dəymiş ziyan 17 milyon 765 min göstərilib. Biz 6 milyon 600 min manatı qəbul eləmirik”.

Prokuror Eldar Həmzəyev deyib ki, Dünyamın Xəlilov və Azad Cavadovun cinayət işi üz ziyan 6 milyon 600 min manatdır: "Kimsə deyə bilər ki, bu 100 min və yaxud 200 mindir. Amma rəsmi istintaq sənədlərdə məbləğ müəyyən olunub. Məhkəmədə işə bu çərçivədə baxır. İttiham ağırlaşdıla bilməz. İstintaq orqanını gəldiyi nəticə 6 milyon 600 min manatdır. Əgər bu məbləğin artırılması istənilirsə, o zaman için istintaqa qaytarılması barədə vəsatət verin".

Mülki iddiaçı “Aqrarkredit” QSC-nin nümayəndəsi deyib ki, onlar Beynəlxalq Bankın açıq qalmış kreditlərini ödəyiblər:

“Biz “Aqrarkredit” olaraq, bankın kreditlərini bağlamışıq. Bu səbəbdən həmin kreditlər bizə ödənilməlidir. Biz də 6.6 milyon manat ziyan məsələsilə razı deyilik. Hesab edirik ki, məbləğ 17 milyon 765 min olmalıdır”.

Daha sonra ifadə verən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbəri Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyev deyib ki, onun adına bir neçə dəfə kredit kartı verilib və həmin kreditlərin taleyindən xəbəri olmayıb. Onun sözlərinə görə, özü həmin kartlardan istifadə etməyib.

Daha sonra hakim digər şahidlərin istintaq zamanı verdiyi ifadələrini elan olunmasını təklif edib. Tərəflər buna etiraz etməyiblər. Hakim heyəti yerində müşavirə keçirərək məhkəməyə gəlməyən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrini elan olunması barədə qərar qəbul ediblər.
Bundan sonra şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunub. Şahidl qismində tanınmış Salah Qarayev, Nəzakət Qarayeva və daha bir neçə nəfərin ibtidai istintaqa verdikləri ifadələri açıqlanıb.

Keçmiş deputat D.Xəlilovun rəhbərlik etdiyi tekstil fabrikində - “İntertekstil”də fəhlə işləmiş Abuzər Əliyev bildirib ki, adına 500 min manat kredit rəsmiləşdirilib. Amma özünün bundan xəbəri olmayıb. 2015-ci ildə sağlamlığında problem olan uşağını Gürcüstana müalicəyə aparanda sərhəddə saxlanılıb. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar: “İdarədə bilmişəm ki, adıma 500 min kredit götürülüb, amma ödənilməyib. 2010-cu ildə bir həftəydi işə girmişdim. Dedilər ki, şəxsiyyət vəsiqəni də götür, gedib bankda sənədlərə qol çəkəcəksən. Getdim, heç bilmədim ki, kredit məsələsinə qol çəkmişəm".

Daha sonra Cahangir Hacıyevin məhkəməyə ərizəsi təqdim olunub. Həmin ərizədə göstərilib ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir, əlavəsi yoxdur. Ürək-damar xəstəliyindən əziyyət çəkdiyini, səhhəti ilə bağlı ifadə vermək istəmədiyini deyib.

Cahangir Hacıyevin istintaq zamanı verdiyi ifadəsi elan edilib. O bildirib ki, 2015-ci ildə barəsində cinayət işi başlanıb, Bakı Ağır Cinayətlərlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il cəza alıb: "Daha sonra 2019-cu ildə barəmdə yeni ittiham elan edilib və yekun olaraq 16 il 6 ay cəza verilib. Hazırda bu ittihamlar üzrə özümü təqsirli bilmirəm".

Cahangir Hacıyev daha sonra qeyd edib ki, şahidlər - Səadəqət Məmmədova, Kamal Abbasov, Saleh Qarayev, Nəzakət Qarayeva və digər şəxslərin adına kredit götürülüb. Onun ifadəsinə görə, həmin kreditlər layihələrə ayrılıb. 8 ildir həbsdə olan Cahangir Hacıyev iddia edib ki, bankdan götürülmüş milyonlarla manatlıq kreditlərin indiyədək ödənilməməsinə görə “Aqrarkredit” QSC məsuliyyət daşıyır.

Cahagir Hacıyev deyib ki, müxtəlif adamların adına iri məbləğdə kreditlər rəsmiləşdirilib. Onun sözlərinə görə, ayrılan kreditlər mənimsənilməyib, ayrı-ayrı layihələrə, müəssisələrin açılışına sərf olunub: “Həmin müəssisələrdən gələn gəlirlər hesabına 8 il ərzində kreditlər ödənilməliydi. Lakin 2015-ci ildə prezidentin fərmanıyla o müəssisələr “Aqrarkredit”in balansına verildi. Bu səbəbdən kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır”.

Növbəti proses dekabrın 4-də davam edəcək.

İstintaqla Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri "General Construction" və "Bakı Fındıq Emalı Müəssisəsi" məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.
Xatırladaq ki, bundan öncə Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü qüvvədədir.
Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib.

Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov və digərlərinə hökm oxunub.
Bu iş üzrə Dünyamin Xəlilova 14 il 6 ay hökm elan olunub.

Dünyamin Xəlilov Bakıda tanınmış "Globus Plaza"nın sahibi olub. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Xəlilov hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin qohumu və işçisi idi. Cahangir Hacıyevə məxsus "Şəki Bazarı" və "Şəki Ət Kombinatı" ASC-ni uzun müddət Xəlilov idarə edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər