Bakının Xəzər rayonunda 1990-cı il təvəllüdlü Həsən qeyri-rəsmi münasibətdə olduğu Xəyaləni (adlar şərti verilib – red.) öldürüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Həsənin 8 sentyabr 2022-ci ildə saat 13 radələrində Xəzər rayonunun Binə qəsəbəsində yaşadığı evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Xəyalə ilə şəxsi münasibətlərin pozulması zəminində mübahisəsi baş verib.
Mübahisə zamanı Həsən üzərində gəzdirdiyi bıçaqla qadının bədən nahiyələrinə zərbələr endirərək ona xəsarətlər yetirib. Xəyalə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Tibbi yardım göstərilməsinə baxmayaraq o, sentyabrın 10-da vəfat edib.
İstintaq orqanı tərəfindən Həsənin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
“Ailə həyatı qura bilməyəcəyimi dedim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, hadisədən əvvəl təxminən 7-8 ilə yaxındır taksi fəaliyyəti ilə məşğul olub: “2020-ci ildə müştəri kimi taksiyə əyləşmiş Xəyalə ilə tanış oldum. Həmin vaxtdan onunla görüşməyə başladım. Xəyalə məndən əvvəl başqa şəxslə evli olmuş, sonradan boşanmışdı.
Bir müddətdən sonra Xəyalə fikrinin ciddi olduğunu, mənimlə ailə qurmaq istədiyini bildirdi. Mən isə ailəli olduğumu, bu səbəbdən onunla ailə həyatı qura bilməyəcəyimi dedim. Bundan sonra Xəyalə ilə anası Şəfiqənin kirayə yaşadığı evdə görüşdüm. Söhbət zamanı Şəfiqə mənə qızı ilə ailə qurduqdan sonra görüşə biləcəyimi bildirdi. Mən isə Şəfiqəyə arvadım Səidədən ayrılmaq istəmədiyimi söylədim.
Şəfəqə razılıq verdiyi halda qızı ilə molla kəbini əsasında yaşaya biləcəyimi dedim. Şəfiqə və qızı Xəyalə mənimlə razılaşdılar”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Xəyalə ilə molla kəbini kəsdirib və onun kirayə qaldığı evdə yaşamağa başlayıb: “Xəyalənin bütün maddi ehtiyaclarını, o cümlədən evin kirayə və digər xərclərini də ödəmişəm. Ona işləməyə icazə verməmişəm.
Münasibətlərimizdən təxminən bir il sonra Xəyalə namaz qılmağa başladı. Xəyalənin bütün qohumları bizim ər-arvad kimi birlikdə yaşadığımızı, habelə mənim rəsmi nikahda olan ailəm və iki azyaşlı övladlarımın olmasını biliblər. Mən həm Xəyalə ilə, həm də rəsmi nikahda olan arvadım Səidə ilə bir yerdə yaşamağa davam etmişəm”.
“Arvadım bildi, bağışladı”
Həsənin ifadəsinə görə, təxminən iki il birgə yaşadıqdan sonra Xəyalə hər kəsin, o cümlədən arvadı Səidənin də onun kəbinli arvadı olmasını bilməyini istəyib: “Xəyalənin anası Şəfiqə də təkidlə qızı ilə münasibətlərimi rəsmiləşdirilməsini istədi. Mən də həm Xəyaləyə, həm də anası Şəfiqəyə problemi həll edəcəyimi dedim.
Xəyalə mobil telefonumdan rəsmi nikahda olduğum arvadım Səidənin nömrəsini əldə edərək ona zəng vurdu, aramızda olan münasibət barədə danışdı. Bundan sonra Səidə ilə aramızda narazılıqlar yarandı. O, azyaşlı uşağı götürərək küsüb evdən getdi. Səidəyə Xəyalə ilə münasibətlərimi kəsəcəyimi dedim. O da mənə inanaraq evə qayıtdı.
Hadisədən təxminən iki ay sonra Xəyalə yenidən Səidəyə zəng edərək mənimlə bir yerdə olduğunu dedi. Bundan sonra Səidəyə həqiqəti danışdım. Səidə məni bağışladı. Həm rəsmi nikahda olduğum Səidə ilə, həm də molla kəbini ilə nikahda olduğum Xəyalə ilə yaşamağa başladım.
Mən Xəyaləyə də arvadım kimi münasibət bəsləyirdim. O mənə mütəmadi olaraq öz evi və uşaqları olmasını istədiyini bildirirdi. Deyirdim ki, səbrli ol, hər şey yaxşı olacaq”.
“Hamamda yıxıldı”
Həsən deyib ki, hadisədən əvvəl son bir ay Xəyalənin yanında yaşamağa başladıqdan sonra aralarında problemlər yaranıb: “Tez-tez söz-söhbət olurdu. Hadisədən on gün əvvəl Xəyalə hamamda çimərkən ayağı sürüşərək yıxıldı, burnu sındı. Onu Sabunçu rayonunda yerləşən xəstəxanaya apardım. Xəyaləyə ilkin tibbi yardım göstərildikdən sonra evə qayıtdım.
Yıxılma ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparıldı. Xəyalə polisə özünün yıxıldığını dedi. Lakin hadisədən sonra Şəfiqə qızı Xəyaləni kirayə qaldığı evdən çıxararaq haradasa gizlətdı. Xəyalə ilə əlaqə yaratmaq istəsəm də, Şəfiqə buna imkan vermədi”.
“Belə getmək olmaz”
Təqsirləndirilən şəxs qeyd edib ki, 7 sentyabr 2022-ci ildə Xəyalə zəng vuraraq evi yığışdırıb, rayona getmək istədiyini və daha onunla bir yerdə yaşamaq istəmədiyini bildirib: “Xəyaləyə dedim ki, belə bir şey olmayacaq, imkan verməyəcəm ki, harasa gedəsən, ən azından mənimlə halallaş sonra get, küsülü qalmayaq.
Səhəri gün Xəyalə anası ilə birlikdə kirayə yaşadığımız evə gəldi. Şəfiqəyə dedim ki, mən onun əriyəm, belə getmək olmaz. Xəyalə mənə anası Şəfiqənin “əgər Həsənlə qalsan, mənim meyitimin üstündən keçmiş olacaqsan” dediyini bildirdi. Mənimlə qalmağa razılaşmadı, əşyalarını yığdı.
Əşyaların bir hissəsini avtomobilimlə Xəyalənin Binə qəsəbəsində yaşayan bacısıgilin evinə apardım. Qalan əşyaları da götürmək üçün geri qayıtdım.
Şəfiqə mənim avtomobilimin yanında dayandığı üçün təklikdə Xəyaləyə söz demək üçün mənzilə keçdim. Girişdən sağdakı otaqda ona bir daha dedim ki, getmə, gəl bir-birimizə vaxt verək, sakitləşək, gedəcəksənsə, küsmədən, qırılmadan get. Məndən narazı qalma, molla kəbini ilə yaşamışıq, yenə də dini yolla ayrılaq.
Xəyalə bu vaxt mənim, ailəmin, xüsusən də övladımın anası Səidənin ünvanına dilə gətirilə bilinməyəcək ifadələrlə təhqirlər işlətdi. “Sən pozğun Səidəni saxlayarsan, mən də özüm qəşəng ailə quraram” deyərək təhqiramiz şəkildə mənə “rədd ol” söylədi. Bu sözlərdən sonra mənim nə etdiyim yadımda qalmayıb. Sadəcə xatırlayıram ki, üzərimdə meyvə soymaq üçün gəzdirdiyim cib bıçağını çıxararaq Xəyaləyə yüngül xəsarət yetirmək istədim.
Həmin vaxt Xəyalə müqavimət göstərdiyi üçün ona ehtiyatsızlıqdan istəmədiyim və arzu etmədiyim xəsarətlər yetirmişəm. Hətta ehtiyatsızlıqdan öz əlimi də kəsmişəm.
Özümə gələndə Xəyaləyə xəsarət yetirdiyimi gördüm, dərhal dayandım. Etdiyim hərəkət zamanı şok vəziyyətində olmuşdum.
Şəfiqə içəri keçəndə artıq mən çölə çıxmışdım. Çöldə qışqıraraq qonşuları köməyə çağırdım. Qonşuluqda yaşayan Elçinə xəbər verdim. Eyni zamanda polis əməkdaşı olan qonşumuz Kamrana da dərhal zəng etdim, Xəyalə üçün kömək istədim. Kamrana evə getdiyimi bildirdim. Polislər evimə gələndə cinayəti törətdiyim bıçağı könüllü təqdim etdim”.
“Öldürmək istəmirdim”
Həsən deyib ki, əvvəllər Ramilə adlı qadınla ailə qurub, həmin qadından da bir uşağı var: “Sonradan Ramilədən ayrıldım. Onun dayısı qızı Səidə ilə ailə qurdum.
Mənim qeyri-rəsmi ər-arvad münasibətində olduğum Xəyalənin sağlamlığına ağır zərər yetirmək fikrim olmayıb. Mənim və ailəmin, xüsusilə övladımın anasının ünvanına söylədiyi təhqiramiz ifadələrə görə onu yüngül cəzalandırmaq üçün bıçağa əl atmışam.
Şəfiqə küçədə olduğu üçün qızı ilə münaqişəmizi eşitməməsi mümkündür. Hadisə bir anda baş verdi. Xəyalə bıçaqdan tutduğu üçün xəsarətlər ehtiyatsızlıqdan yetirildi. Mənim də əlimdə kəsiklər yarandı. Xəyaləni öldürmək fikrim olmayıb”.
“Dedi ki, dində çox arvad almağın heç bir problemi yoxdur”
İş üzrə zərərçəkmiş Xəyalənin hüquqi varisi olan anası Şəfiqənin sözlərinə görə, təqsirləndirilən Həsəni təxminən 2020-ci ilin sonu, 2021-ci ilin əvvəllərində tanıyıb: “Koronaya yoluxmuşdum. Binə qəsəbəsində kirayə ev tutaraq orada qalırdım. Çölə çıxmaq icazə ilə olduğuna görə taksi sifariş verərək lazım olan yerlərə gedirdim. Həmin vaxt taksi kimi iki dəfə Həsən təsadüfən ünvana gəlib. O cümlədən Həsənin idarə etdiyi taksi avtomobili ilə bir neçə dəfə təsadüfən sistem vurdurmağa getmişəm.
Həmin dövrdə qızım Xəyalə ilə Həsən bir-birilərini görərək bəyəniblər, ciddi münasibət yaratmağa qərar veriblər. Sonradan Həsən qızıma Ramilə adlı xanımla evli olub boşandığını, həmin nikahdan qız övladı olduğunu, ikinci dəfə Ramilənin qohumu Səidə ilə ailə qurduğunu, həmin evliliyindən də oğlan övladının doğulduğunu bildirdi.
Dedi ki, İslam dinində çox arvad almağın heç bir problemi yoxdur, əgər ikinci arvadı Səidə bu nikahdan xəbər tutarsa və qəbul etməzsə, Səidədən də ayrılacaq. Xəyalə onu çox sevdiyinə görə etirazlarıma baxmayaraq, Həsənin fikirləri ilə razılaşdı, onların qeyri-rəsmi ər-arvad münasibətlərində mən də razılıq verdim.
Həsən qızımın qaldığı kirayə evdə Xəyalə ilə birlikdə yaşayırdı. Səidə əri Həsənin Xəyalə ilə münasibətlərini biləndə onunla əlaqəsini kəsməyə qərar verdi.
Xəyalənin ölümündən təxminən 20 gün əvvələdək Həsən Səidənin yaşadığı evə də getmir, Xəyalə ilə birlikdə qalırdı.
Həsən Xəyalə ilə ilk vaxtlar mehriban olsa da, qızımın deməsinə görə, sonradan "əsas üzünü" göstərərək, onu mütəmadi döyürdü. Həsəndən qızımı döyməsinin səbəbini soruşduqda əsaslı cavab verə bilmirdi.
Qızıma dəfələrlə səhv yolda olduğunu bildirərək Həsəndən ayrılmasını tələb etmişəm. Lakin Xəyalə məni dinləmirdi”.
"Burnunu sındırdı"
Şəfiqənin sözlərinə görə, sonuncu dəfə 2022-ci il avqustun 25-də evdə olarkən Həsən Xəyalənin burnunu yumruqla vuraraq sındırıb: “Xəyalənin burnundan qan gəldiyini gördükdə onu 3 nömrəli Şəhər Klinik Xəstəxanasına aparmışdı. Xəstəxanada Xəyalənin burnuna tikiş vurularaq gips qoyulmuşdu. Bir həftə sonra gips və tikiş həkimlər tərəfindən söküldü.
Qızımın evinə gedərək onun üzünün şişdiyini və burnunun bintlə sarılmış olduğunu gördüm. Hadisə barədə polisə müraciət etmək istəsəm də, qızım mənim qarşımı aldı. Həsəndən heç bir şikayət etməyəcəyini bildirdi.
Qızım polislərə guya hamamda yıxılaraq burnunun vannaya dəydiyini dedi. Mən isə 3-cü polis şöbəsinin əməkdaşı Ülvi Quliyevlə telefon danışığı zamanı Həsənin qızımı yumruqla vurub burnunu sındırdığını qeyd etdim və qızımın şikayətçi olmadığına görə mənim də susduğumu bildirdim. Lakin qızımı Həsəndən qorumalarını xahiş etdim.
Qızımın burnunun sınması ilə bağlı ilkin araşdırma mayor Həsənova tapşırıldı. İki-üç gün sonra qızımı Həsəndən uzaqlaşdırmaq üçün onu özümlə birlikdə apararaq hadisə gününə qədər bacımın yaşadığı Binə qəsəbəsindəki evdə qaldıq. Qızım Həsəndən qorxduğu üçün “mən getmək istəmirdim, burnumu qırdığına görə məni anam apardı” mesajını yazmışdı”.
“Diz çökərək ağladı”
Şəfiqənin ifadəsinə görə, 7 sentyabr 2022-ci ildə Xəyalənin sonuncu dəfə Həsənlə danışığı olub: “Qızım Həsənə “bizim evliliyimiz alınmır, get ikinci ailənin yanına, xoşbəxt ol, həmin evlilikdən də bir övladın var, səndən ötrü ağlamasın, kirayə qaldığımız evi də sabah yığışdıraq, əşyaları götürərək evi təhvil verək” dedi.
Həsən barışması üçün Xəyaləyə nə qədər yalvarsa da, Xəyalə ona əhəmiyyət verməyib, fikrinin qəti olduğunu bildirdi.
Sentyabrın 8-də təxminən səhər saat 11 radələrində evi yığışdırmaq üçün Xəyalənin kirayə yaşadığı evə getdik. Həmin vaxt orada üçümüz idik. Evin sahibinə zəng vurduq, evi artıq yığışdırdığımızı bildirdik. Bir az sonra ev sahibi gəldi və bəzi tapşırıqlarını verərək getdi.
Həsən bir dəfə yığılmış əşyaları digər qızımgilə tək apararaq gəldi. Hətta qarşımda diz çökərək Xəyalə ilə onu ayırmamağım üçün ağladı.
Qalan əşyaları da Həsənin avtomobilinə yığdıq. Evdən çıxmağa hazırlaşarkən çölə adladım, avtomobilin yanında qızımın gəlməsini gözlədim. Həsən siqaret çəkə-çəkə mənə baxdı, sonra evin içərisinə keçdi. İçəridə Həsənlə Xəyalə tək qaldılar. Bu, təxminən beş dəqiqə çəkdi.
Qızımın səsini eşitdiyim üçün tez evə daxil oldum və onu yerdə qan içərisində gördüm. Həsən əlində bıçaq oturmuşdu. Sanki sonuncu dəfə bıçaq zərbəsini vuraraq çıxarmışdı. Amma mənim yanımda Xəyaləyə zərbə endirmədi.
Həsən əlində bıçaq küçəyə çıxaraq nə isə deyərək qışqırdı. Mən də çölə çıxaraq “bunu sən nə etdin mənim balama?” deyərək qışqırdım. Ayaqlarım yerdən üzüldü və dizi üstə yerə düşdüm.
Xəyalənin yanına qayıtdım. Mənə “qorxma, mama” dedi. Həsən evə daxil olaraq məni itələdi. Xəyaləyə tərəfə getdi, bədəninin yadımda qalmayan nahiyələrinə üç dəfə təpiklə zərbələr vurdu. Daha sonra əlində bıçaq çölə çıxaraq oradan uzaqlaşdı. Avtomobili isə hadisə yerində qalmışdı.
Qışqırığa gələn qonşular təcili tibbi yardım çağırdılar. Hadisə yerinə polislər gəldilər. Polislərə təcili tibbi yardım avtomobilinin gec gələcəyini bildirərək qızımı xəstəxanaya aparmaları üçün yalvarsam da, təcili tibbi yardımı gözlədilər.
Qızım iki gün ərzində xəstəxanada stasionar müalicə aldı. Sentyabrın 10-da aldığı xəsarətlər nəticəsində öldü”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həsən 9 il müddətinə azadlıqdan məhrum edilib.