"Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, eləcə də Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Xalid Quliyev ifadə verib.
O bildirib ki, təqsirləndirilən Dəyanət Quliyevin qardaşı, Müşfiq Atakişiyev isə dayısıdır. Onun sözlərinə görə, baş verən qətl hadisəsindın xəbəri olmayıb: "Hadisənin baş verməsini sonradan bilmişəm. Əvvəllər bu barədə Dəyanət mənə heç nə deməyib. Qardaşımın həbs olunmasını bizə yoldaşı Elnarə dedi. Bundan sonra anam Bakıya, Dəyanətgilə gəldi. Mən isə gəlmədim. Həbsdən sonra Dəyanətin qızı mənə heç nə deməyib".
Şahidin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun istintaq ifadəsi açıqlanıb. Həmin ifadədən məlum olur ki, Dəyanət tez-tez onun yanında "ürəyimdə bir sirr var, amma danışa bilmirəm" deyib: "Amma həmin sirrin nədən ibarət olduğunu deməyib. Daha sonra Samirin həbs olunduğunu eşitdim".
Şahid ifadəsində əlavə edib ki, Dəyanətin qızı Fəridə atası həbs olunmamışdan xeyli vaxt əvvəl Müşfiq Atakişiyevin sifarişi ilə qətl törətməsi barədə ona danışıb: "Fəridə dedi ki, atası sərxoş vəziyyətdə Müşfiqin sifarişi ilə bir yaşlı adamın qətlini sifariş verdiyini, bu qətli onun tərəfindən icra olunduğunu deyib. Mən də ona dedim ki, sakit ol, atamdır, görək nə olur. Səbirli ol, bu barədə heç yerdən heç kimə heç nə danışma".
Şahid bundan başqa ifadəsində göstərib ki, təqsirləndirilən Samir Quliyevlə çayxanada mübahisəsi olub: "Həmin vaxt onu çayxanada qovdum. Bu zaman Samir dedi ki, nəslinizin ipi mənim əlimdədir, nə desəm etməlisiz. Onun nə dediyini başa düşmədim".
Şahid ifadəsini qismən təsdiqləyib. Bildirib ki, Dəyanət həbs olunandan sonra Bakıya gəlməyib, Dəyanətin qızı ilə arasında söhbət olmayıb. O, Samirin çayxanada nəsil söhbəti etdiyini başa düşmədiyini deyib. Bildirib ki, sərxoş olduğu üçün belə danışdığını düşünüb.
Daha sonra ifadə verən şahid Rövşən Quliyev bildirib ki, təqsirləndirilən Samir Quliyevin qardaşıdır:
"2010-2023-cü illərdə xaricdə olmuşam. Samirin həbsindən sonra bu hadisədən xəbərim olub. Həbsdən əvvəl Samirlə birlikdə 2-3 dəfə prokurorluğa getmişik. Amma o mənə heç nə deməyib. Samir çox narahat idi, deyirdi ki, ürəyində bir sirr var, danışa bilmir.
Sonuncu dəfə birlikdə prokurorluğa getdik. Samiri orada saxladılar, mən isə evə gəldim. Tutulandan sonra Samirin də bu qətl hadisəsinin içində olduğunu bilmişəm. Həbsdən sonra anam mənə dedi ki, Dəyanətin sifarişi ilə qətl törətməsini Samir ona Dəyanət həbs olunandan 10 gün sonra deyib".
Daha sonra şahidin istintaq zamanı verdiyi ifadəsi məhkəmədə açıqlanıb. Məlum olub ki, Dəyanət Samirə bu qətli icra etmək üçün 30 min dollar vəd verib, lakin sonradan vədinə əməl etməyib:
"Dəyanət Samirə 200-300 manat verib. Sonradan Samir Müşfiq Atakişiyevlə görüşmək istəyib. Amma Dəyanət buna imkan verməyib, onun Müşfiqlə görüşməyin qarşısını alıb. Samir də elə başa düşüb ki, Dəyanət onun adından istifadə edərək Müşfiq Atakişiyevdən pul alıb, ona verməyib. Buna görə də görüşməsinə mane olur".
Zərərçəkmiş Tariyel Əhmədovun kürəkəni Babək Aslanov ifadəsi zamanı ilk vaxtlardan Müşviq Atakişiyevdən şübhələndiyi deyib: "Mənə zəng edəndə bilmirdim ölüb. Dedilər,yıxılıb. Yasa gələndə Müşviqlə dalaşdım. Dedim, Tariyelin ölümündə sənin əlin var. Onu yasdan qovdum.
Tariyel Əhmədov mənimlə hər şeyi danışırdı. Deyirdi ki, yola getmirik. Bu işdə birinci məndən şübhələnirdilər. Neçə il dedim, mən heçnə etməmişəm, günahkar Müşviqdir. İstintaq yenidən başlayanda da mənim adımı yazmışdılar".
Növbəti proses fevralın 9-da davam edəcək.
Müşviq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məlum olub ki, təqsirləndirilən Dəyanət Quliyev hadisəvaxtı daxili işlər orqanlarında işləyib. O, 2000-ci ildən 2020-ci ilə kimi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyib. Samir Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub.
Həmçinin Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.