İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktınını elan edib.
İttiham aktına görə, Bəxtiyar Hacıyev "Human Capital Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradıb, özünü həmin Cəmiyyətin direktoru təyin edib. Vətəndaşlara ödənişli əsaslarla xarici ölkələrə turizm və işgüzar məqsədlər üçün vizaların alınması, xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinə tələbə qəbulu, dil kursları, yay məktəblərinin təşkili xidmətləri göstərib. Ancaq bu xidmətləri vətəndaşlarla müqavilə bağlanılmadan həyata keçirib. Maliyyə, vergi və digər hesabatlar tərtib etməyib. Mühasibat uçotu və başqa rəsmiləşdirmələr aparmayıb. Nəticədə, faktiki əldə etdiyi gəlirlərdən vergi, məcburi dövlət sığortaları və digər ödənişləri etməkdən yayınıb.
MMC-nin nəzdində fəaliyyət göstərən, gündəlik fəaliyyətinə şəxsən rəhbərlik etdiyi “Premium Class Azerbaijan” dil mərkəzində xarici dil tədris edən müəllimlərlə və digər işçilərlə əmək müqaviləsi bağlamayıb. 2016-2022-ci illərdə “Caspian Plaza” Biznes Mərkəzində icarəyə götürdüyü otaqları və zalları qanunsuz olaraq dil kursları, təlim, seminarlar keçirilməsi üçün ayrı-ayrı şəxslərə aylıq və ya bir neçə saatlıq ödənişli əsaslarla, müqavilə bağlamadan subicarəyə verib, qazanc əldə edib.
Bunlara görə heç bir müqavilə bağlamayıb, dövlətə vergi və başqa ödənişlərdən yayınıb.
2015-ci ildə “İctimai Siyasət İnstitutu” (Public Policy İnstitute) yaradıb. Təşkilatın internet səhifəsində iş elanları, müsabiqələr, layihələr üzrə yazı elanları, qonorarın ödənilməsi şərtləri barədə formal xarakterli məlumatlar paylaşıb. Təşkilatın qanuni əsaslarla fəaliyyət göstərən QHT olmasına görüntü yaradıb. 2020-2022-ci illərdə ofisdə Caspian PlatForum adı altında müxtəlif tədbirlər keçirib. Xarici ölkələrdəki donor təşkilatlarına müxtəlif xərclərlə bağlı (maaşlar, məsləhət və xidmətlər, səyahət və gündəlik, ofis sahəsi və kommunal xidmətlər, rabitə və poçt, digər xidmətlər barədə saxta sənədlər tərtib edib, göndərərək qrantlar alıb.
"Avropa Demokratiyaya Yardım Fondu"adlı qeyri-hökumət təşkilatı ilə müxtəlif qrant müqavilələri altında 2020-2022-ci illər ərzində 45 min 500 avro civarında pulu qrant adı altında xarici bank hesablarına köçürülməsinə, gömrükdə bəyan etmədən, qaçaqmalçılıq yoluyla Azərbaycana keçirməyə nail olub.
B.Hacıyevə qarşı irəli sürülmüş ittihama görə, o, cinayət yolu ilə ümumilikdə 133 min 849 manat əldə edib. Həmin pulla Yasamalda özünə mənzil alıb.
Digər ittihama görə, B. Hacıyev 15 oktyabr 2021-ci Yasamal rayon Məhkəməsində onu xüsusi ittiham qaydasında məhkəməyə vermiş Ülviyyə Muradovanı (Alovlu) təhqir edib, onu məhkəmə zalından çıxarmağa çalışan icra məmuru Orxan Abdullayevə müqavimət göstərib.
Hakim Bəxtiyar Hacıyevdən elan olunan ittihamlar üzrə özünü təqsirli bilib-bilməməsini soruşub. Bəxtiyar Hacıyev ittihamın mahiyyətinin ona aydın olmadığını deyib: "Məsələn, qaçaqmalçılıq hansı formada olub? Leqallaşdırma deyəndə nəzərdə nə tutulub? Qanunsuz sahibkarlıq deyəndə hansı fəaliyyətim nəzərdə tutulub? Dil kurslarının fəaliyyəti nə vaxtdan qanunsuz sahibkarlıq hesab olunub? Və yaxud məhkəməyə hörmətsizlik nədən ibarətdir? Ülviyyə Alovlu təhqir edib, mən də cavab vermişəm. Mənim ittihamı dəqiqləşdirmək hüququm var".
Hakim məhkəmə istintaqı zamanı bu məsələlərə hüquqi qiymət veriləcəyini deyib.
Hakim bir daha B.Hacıyevdən ittihamlar üzrə özünü təqsirli bilib-bilmədiyini soruşub. B.Hacıyev heç bir ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Dövlət ittihamçısı E.Həmzəyev prosesdə ilk olaraq zərərçəkmişlərin dindirilməsini təklif edib.
Bəxtiyar Hacıyev isə zərərçəkmişlərin nə vaxt nə deyəcəyinin heç bir əhəmiyyət kəsb etmədiyini bildirib və bu gün özü ifadə vermək istədiyini məhkəmənin diqqətinə çatdırıb.
Məhkəmə belə qərara gəlib ki, əvvəlcə zərərçəkmişlərin dindirilməsindən başlanılsın.
Məhkəmə prosesi fevralın 16-da davam edəcək.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.
İyunun 16-da Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Noyabrda isə ona daha bir ittiham verilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.
Bəxtiyar Hacıyevin işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayevdir.
Adları çəkilən şəxslərin hər iksi Yasamal rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıb.