Təqsirləndirilən şəxs: "Qoy azadlığa çıxım, məni öz əllərinizlə öldürərsiz"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Zəngilan rayon sakini, 1990-cı il təvəllüdlü Azad Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, 2013-cü il iyulun 26-da Suraxanı rayonunda “Duzlu göl” adlanan ərazidə 30 yaşlı Xəyyam Allahverdiyev aldığı ağır xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində onun döyülərək öldürüldüyü məlum olub. Hadisəni törədən Zəngilan rayon sakinləri - 20 yaşlı Elçin Abdullayev, 29 yaşlı Abbas Orucov və onun qardaşı 23 yaşlı Azad Orucov tutulub.
İstintaqın gedişində Azad Orucovun Xəyyam Allahverdiyevi küt alətlə vuraraq öldürməsi üzə çıxıb. Onun Xəyyam Allahverdiyevi mübahisə zəminində qətlə yetirməsi məlum olub. O da bəlli olub ki, Xəyyam Allahverdiiyev hadisədən əvvəl Azad Orucovun işlədiyi kafedə yeyib-içibmiş.
Qeyd edək ki, cinayət işində adı hallanan Elçin Abdullayev və Abbas Orucovun cinayət işi ayrıca icraata götürülüb. Onların işinə xuliqanlıq ittihamı ilə Suraxanı rayon Məhkəməsində baxılıb, hər birinin barəsində ittiham hökmü çıxarılıb. Azad Orucov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilərək cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəsatət verib. O, bildirib ki, cinayət işinin istintaqı düzgün aparılmayıb: "İttiham aktında göstərilib ki, məni guya polis əməkdaşları tutub. Halbuki, hadisə olan gün özüm polis idarəsinə gələrək könüllü təslim olmuşam. Sonrakı proseslərdə mən Bakı İstintaq Təcridxanasında olarkən prokuror ittiham aktına məni aldadaraq imza etdirib”.
Azad Orucov daha sonra bildirib ki, müstəntiq sənədlərə imza etdirən zaman vəkili olmayıb: “Məni müdafiə etməli olan şəxsi çağırmağa da imkanım yox idi. İttiham aktını oxumaq istədim, mənə dedi ki, səni aldatmıram. Orada mənim işimlə bağlı Cinayət Məcəlləsinin 120.2.2-vi maddəsi ilə iş başlandığı yazılıb. Halbuki, mən o maddə ilə təqsirləndirilməməliyəm. Vəsatətim ondan ibarətdir ki, işi araşdıran müstəntiqin məhkəmədə ifadə verməsini istəyirəm”.
Daha sonra zərərçəkmş tərəflə təqsirləndirilən şəxslərin qohumları arasında mübahisə yaranıb. Sözlə davam edən mübahisəni məhkəmə nəzarətçiləri sakitləşdirib. Mərhumun anası təqsirləndirilən şəxsə ittihamlar səsləndirib. Bu zaman Azad Orucov cinayəti qəsdən törətmədiyini deyib. O, bildirib ki, məhkum olunmaqla qisas almaq düzgün deyil: “İmkan verin, azadlığa çıxım. Öz ayağımla sizin evə gəlim və sizdə öz əlinizlə məni öldürün".
Bundan sonra çıxış edən prokuror vəsatətin təmin olnmamasını istəyib. Müşavirə keçirən hakimlər müstəntiqin məhkəməyə çağırılması ilə bağlı vəsatəti təmin etməyiblər və daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər. Sonra çıxış etmək üçün prokurora söz verilib. Ittiham nitqi ilə çıxış edən prokuror Azad Orucovun 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Mərhumun anası prokurorun çıxışı ilə razı olmadığını, Azad Orucovun daha ağır cəza ilə cəzalandırılmasını, cinayətin digər iştirakçılarının da məsuliyyətə cəlb edilməsini istəyib. Azad Orucovun vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə iclası fevralın 9-da davam etdiriləcək.
Hacı Zeynalov