“Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra vəsatətlə çıxış edən Teymur Kərimov bildirib ki, sənədlər ona təqdim olunmayıb. O, cinayət işində olan sənədlərin təqdim olunmasını istəyib.
Təqsirləndirlilən şəxs deyib ki, iş üzrə zərərçəkmiş şəxslərin tanımayıb, onlarla əlaqəsi olmayıb. Onun sözlərinə görə, müstəntiq ona sənədlər məhdud sayda verib. Teymur Kərimov istintaq zamanı verilən qərarların və qalan sənədlərin surətini istəyib.
Yerində müşavirə keçirən hakimlər heyəti qərarı elan ediblər. Təqsirləndirilən şəxsin vəsatəti təmin edilib.
Növbəti proses mayın 15-də davam edəcək.
Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Teymur Kərimov və İstək Totiyeva hədə-qorxu yolu ilə zərərçəkmişlərdən pul tələb etməkdə təqsirli bilinirlər.
İstək Totiyevanın barəsində cinayət işi başlanılıb. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə Leyla Gülməmməd qızı Almaszadə və Fərrux Yaşar oğlu Ələkbərov zərərçəkmiş qismində tanınıblar.