13 İyun 14:13
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Tofiq Musayevin vəkili Şaiq Mirzəyev vəsatətlə çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur. Vəkil Tofiq Musayevin barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Bundan başqa Şaiq Mirzəyev prosesin qapalı keçirilməsi barədə vəsatət verib. O bildirib ki, cinayət işində təqsirləndirilən şəxslərlə bağlı şəxsi məlumatlar var.

Digər təqsirləndirilən Ruslan Əfəndiyevin vəkili Kənan Məmmədov da müdafiə etdiyi şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib.

O, həmçinin müvəkkilin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını da istəyib.

Vəkil deyib ki, müdafiə etdiyi şəxs 5 aydır həbsdə saxlanılır: "Hadisə 2023-cü il noyabrın 2-də baş verib. Amma həbs qətimkan tədbiri 30 yanvar 2024-cü ildə seçilib. Bu müddətdə istintaq aparılıb. Təqsirləndirilən şəxslər istintaqın çağırışına vaxtlı vaxtında gəliblər. Onların istintaqdan yayınmaları üçün hər hansı bir əsas olmayıb. Ruslan Əfəndiyevin 53 yaşı var, bir çox tələbələr yetişdirib. Onun tələbələri bir çox beynəlxalq tədbirlərdə Azərbaycan bayrağını yüksəyə qaldırıblar, himnini səsləndiriblər. Onun barəsində olan cinayət işi az ağır cinayətlər kateqoriyasına aiddir. Həmçinin Ruslan Əfəndiyevin 86 yaşında xəstə anası var. Onun himayəsində azyaşlı uşaqları var. Evin yeganə qazanc gətirən şəxsidir".

Ruslan Əfəndiyevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini istəyib.

Təqsirləndirilən Vüqar Kərimovun vəkili Ülvi Məmmədov müvəkkilin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Bildirib ki, Vüqar Kərimov şəhid ailəsidir: "Dayısı 1-ci Qarabağ müharibəsindən şəhid olub və həmin dövrdə nəşi tapılmayıb. Bu il onun dayısının nəşi tapılıb. Vüqar Kərimov məlum səbəblərə görə dayısının dəfn, üç, yeddi mərasimlərində iştirak etməyib. İyunun 15-də dayısının 40 mərasimi olacaq. Bu əsaslarla Vüqar Kərimovin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirik".

Daha sonra digər təqsirləndirilən şəxslər - Rüfət Əsədov və Xəzər Rüstəmovun da barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istənilib. Prokuror Müslüm Şahmarov vəsatətləri əsassız hesab edib və təmin olunmamasını istəyib.

Daha sonra müşavirə keçirən hakim vəsatətləri təmin etməyib.

Məhkəmə baxışı iyulun 24-də davam edəcək.

Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş verib. İttihama görə, təqsirləndirilən idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb. Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbsdədir. T.Musayevin barəsində isə istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

Xatırladaq ki, bu işdə adı keçən idmançılarfan biri Mehman Məmmədovun barəsində olan cinayət təqibinə bıraətverici əsaslarla xitam verilib.


Müəllif: Hacı Zeynalov