14 İyun 15:34
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Vaqif oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə dövlət ittihamını prokuror Tural Yaqubov müdafiə edir.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli vəsatət verib. O, müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarlaraq vəkillərin yanında oturmasını və bundan sonrakı proseslərin böyük zalda keçirilməsini xahiş edib. Vəsatət qismən təmin edilib.

Hakim bildirilib ki, gələn prosesdən Tofiq Yaqublu vəkillərinin yanında əyləşə bilər: "Məhkəmənin böyük zalda keçirilməsi ilə bağlı isə digər işlərlə üst-üstə düşməyəcəyi təqdirdə o məsələni həll etməyə çalışacağıq".

Tofiq Yaqublunun digər vəkili Aqil Layıc vəsatətlə çıxış edərək müvəkillinin barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam verilməsini, vəsatət təmin olunmayacağı təqdirdə Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin həbslə olmayan alternativ qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib.

Vəsatət təmin edilməyib. Məhkəmə baxışı iyunun 21-də davam edəcək.

Qeyd edək ki, Tofiq Yaqublu və Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.

Cinayət işi üzrə zərərçəkmiş qismində Elşən Calal oğlu Hüseynov tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər