20 İyun 17:38
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Sümbülə Əliyeva ifadəsini davam etdirilib.

O bildirib ki, ona iş yerində xəsarət yetirilib: "Mən Sərdar müəllimə (Sümbülə Əliyevadan sonra 1 saylı hüquq məsləhətxanasına təyin olunmuş Sərdar Qasımovdan söhbət gedir - red.) dedim ki, bu iş quramadır, mənimsəmə işi araşdırılmalıdır. Sənədlərdə yazılanlar uydurmadır, şişirdilmiş rəqəmlər yazılıb. Amma bu olmadı. Bu zaman mən etiraz etdim. Etiraz edəndə isə mənə xəsarət yetirildi. Mənə xəsarət yetirən şəxsin Vəkillər Kolleksiyasında izahatı alınmadı, əksinə ona təşəkkürnamə verildi".

Sünbülə Əliyeva deyib ki, ona verilən ittiham şişirdilib. Onun sözlərinə görə, 2016-2018-ci ilə qədər olan müddətdə hansı vəkilə nə qədər iş verilib, bu müəyyən olunmalıdır: "Amma bu yoxdur. Mən tələb edirəm ki, həmin sənədlər tələb olunaraq işə əlavə edilməlidir".

Sünbülə Əliyeva deyib ki, ittiham üzrə özünü təqsirli bilmir. O, heç bir cinayət törətmədiyini deyib.

Sabiq müdir qeyd edib ki, Vəkillər Kollegiyasının keçirdiyi yoxlamalar onun iştirakı olmadan keçirilib. Onun sözlərinə görə, Vəkillər Kolleksiyasının apardığı yoxlamaların nəticələri barədə akt ona verilməyib.

Sümbülə Əliyeva bildirib ki, rəhbərlik etdiyi hüquq məsləhətxanasının vəkilləri çox hallarda dövlət hesabına təyin olunmuş işlərə çıxıblar. O bildirib ki, bununla bağlı vəkillər ödənilməsi üçün nəzərdə pullar işlərlə hüquq məsləhətxanasının hesabına köçürülməsini. O deyib ki, bununla bağlı dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edib: "Mən pulların köçürülməsini tələb etmişəm. Demişəm ki, vəkillərin də ailəsi var, onlara da pul lazımdır".

Daha sonra Sümbülə Əliyeva dövlət ittihamçısı Ziya Mansurovun suallarını cavablandırıb.

Növbəti proses iyunun 24-də davam edəcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.

Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir.

İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər