16 İyul 15:58
8 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda 1991-ci il təvəllüdlü Tahir işlədiyi mağazada Lətifəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Masallı şəhərindəki “Təzə bazar” ərazisində baş verib. Mağazada satıcı işləyən Tahir Lətifəni döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Tahirin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tahir bildirib ki, Lətifə də, o da “Təzə Bazar”da qadın geyimləri satırlar: “Geyim əşyaları Orxan adlı şəxsə məxsusdur. Mən Orxandan geyim əşyalarını alaraq üzərinə əlavə pul qoyub satıram.

Hadisə günü saat 13 radələrində Lətifə işlədiyim mağazaya gəldi. Orada qadın geyimlərinə aid razmer axtaran zaman adını bilmədiyim qadın Lətifədən mağazada işləyib-işləmədiyini soruşdu. Lətifə qadına öz işlədiyi mağazanın yerini dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Lətifə istədiyi geyimin razmerini tapa bilmədiyi üçün öz işlədiyi mağazaya gedib: “Mənim mağazamda olan qadın Lətifənin arxasıyca çıxdı. Saat 16 radələrində Lətifəni mağazanın qarşısından keçən gördüm. Ondan niyə elə hərəkət etməsini soruşdum. O da heç nə etmədiyini dedi. Dedim, bu, birinci dəfə deyil, dəfələrlə satdığım geyim əşyalarını geri qaytarıb, özünüz həmin şəxsə geyim əşyası satmısınız. Bu sözümdən sonra Lətifə həmin yeri tərk etdi”.

Tahirin bildirdiyinə görə, 15 dəqiqə sonra Lətifə mağazaya qayıdıb və yüksək səslə danışaraq mobil telefonunu ona verib: “Məndən Orxanla danışmağımı istədi. Lətifədən telefonu aldım və Orxanla danışdım. Bu zaman Lətifə ilə mübahisələrimiz yarandı. O, qışqıraraq üzərimə gəldi. Dedim, mən sənin üçün Orxan deyiləm, qışqırma. Lətifə cırmaqla dodaq nahiyəmə xəsarət yetirdi. Mən də əlimlə Lətifənin sol çiyin nahiyəsindən geri itələdim.

Telefonda Orxanla danışmaq istəyəndə Lətifə yenə cırmaqla bel nahiyəmə xəsarət yetirdi. Mən Orxanla mobil telefon vasitəsi ilə danışa-danışa bazarın arxa hissəsinə keçdim. Orada telefonla danışaraq qayıtdım.

Mən Lətifəni döyməmişəm. O, qərəzlə məndən şikayət edib”.

İş üzrə zərərçəkmiş Lətifənin sözlərinə görə, 2018-ci ilin aprel ayından “Təzə bazar” adlanan yerdə Orxan adlı şəxsə məxsus qadın geyimləri mağazasında satıcı işləyir: “Tahiri də həmin vaxtlardan tanıyıram. Onunla münasibətim heç vaxt yaxşı olmayıb. Aramızda bir neçə dəfə narazılıq yaranıb. Narazılığın yaranmasına səbəb Tahirin mənə əxlaqsız təkliflər etməsi olub.

Orxanın həmin yerdə 2 mağazası var. Tahir Orxana məxsus digər mağazada satıcı işləyir”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 14 radələrində müştəri böyük ölçüdə geyim istədiyi üçün Orxana məxsus o biri mağazaya gedib, adını bilmədiyi, üzdən tanıdığı bir qadınla rastlaşıb: “Qadın məni axtardığını dedi. Ona fikir vermədim, Tahir məndən nə istədiyimi soruşdu. Tahirə geyimi göstərərək böyük razmerin olub-olmadığını soruşdum. Tahir soruşduğum razmerin olmadığını deyəndə işlədiyim mağazaya qayıtdım”.

Zərərçəkmiş bildirib ki, 10 dəqiqə sonra Tahirin mağazasında rastlaşdığı qadın onun işlədiyi mağazaya gəlib: “Məndən geyim əşyası satmağımı istəsə də, onu digər satıcı İranəyə yönəltdim. Saat 17 radələrində mağazadan çıxdım, evə getmək istəyəndə Tahir barəmdə nalayiq ifadələr işlətdi. Bu səbəbdən mağazanın sahibi Orxana zəng edərək, Tahirin barəmdə nalayiq ifadələr işlətdiyini dedim. Orxan dedi ki, özü Tahirlə danışacaq.

İki dəqiqə sonra Orxan özü zəng edərək, mobil telefonu Tahirə verməyimi istədi. Tahirin işlədiyi mağazaya daxil olub telefonu ona verdim. Tahir Orxanla danışdıqdan sonra məni nalayiq ifadələrlə söydü. Əli ilə boğazımı sıxdı, yumruqla baş, təpiklə qarın, bud nahiyələrimə vurdu.

Həmin yeri tərk edib evə gedərkən boynumda olan qızıl boyunbağının düşüb itdiyini gördüm. Tahirlə barışmamışam. Ona ağır cəza verilməsini istəyirəm”.

Masallı Rayon Məhkəməsinin qərarı ilə Tahir 20 gün müddətinə həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər