Qaxda fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə yanıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın bu gün səhər saat 5.00 radələrində Qax rayonu Qıpçaq kəndində Nazim Hümbət oğlu İbrahimova məxsus, ümumi sahəsi 160 kv/m olan 4 otaqlı, 2 aynabənddən ibarət ikimərtəbəli fərdi yaşayış evində baş verib.
Ev sahibinin yanğından gec xəbər tutması və Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinə gec xəbər verməsi səbəbindən yanğın nəticəsində ev içində əşyalarla birlikdə yanaraq külə dönüb.
Ev sahibinin sözlərinə görə, gecə saatlarında elektrik enerjisinin verilməsində fasilə yaranıb. Evi işıqlandırmaq üçün şamdan istifadə olunub, yatanda isə şamı söndürməyiblər.
Yanğına da şamın aşmasının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.