Bu gün Ali Məhkəmədə adam öldürməkdə və sui-qəsddə təqsirli bilinən yaxın qohumlar Əsəd, Məhəmməd, Teymur və Seymur Əliyevlərin cinayət işi üzrə məhkəmə qərarından veriləm kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, 2013-cü il yanvarın 6-da, axşam saatlarında Balaxanı qəsəbəsində Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində “Makarov” tipli tapançadan Elçin Əliyevin alın nahiyəsinə, Sadiq Musayevin ayaq nahiyəsinə atəş açıb, Elxan Bayramzadənin ürək nahiyəsinə isə bıçaqla xəsarətlər yetiriblər.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib, Elçin Əliyev və Elxan Bayramzadə aldıqları xəsarətdən dünyasını dəyişiblər. Sadiq Musayevin isə tibbi yardımın göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olub.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Sabunçu rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Əsəd və Məhəmməd Əliyevlər tutulublar. Onlardan “Makarov” tipli tapança və bıçaq götürülüb. İstintaqın gedişi zamanı cinayətin digər iştirakçısı Seymur Əliyev də tutularaq məsuliyyətə cəlb edilib.
İstintaq müəyyən edib ki, hadisədən bir gün əvvəl idarə etdikləri avtomaşınlarla biri-birlərinə yol vermədiklərinə görə Əsəd Əliyevlə Sadiq Musayev arasında mübahisə düşüb. Sadiq Musayev və onunla birlikdə olan Elxan Bayramzadə Əsəd Əliyevi yumruqla vurublar. Ertəsi gün Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur Elxan Bayramzadə, Elçin Əliyev, Sadiq və Tahir Musayev qardaşları ilə Balaxanı qəsəbəsində görüşərək məsələyə aydınlıq gətirmək istəyiblər.
Mübahisə böyüyüb, bu zaman Seymur Əliyev üstündə gəzdirdiyi “Makarov” tipli tapançadan atəş açaraq Elxan Əliyevi başından, Sadiq Musayevi sağ budundan yaralayıb, Məhəmməd Əliyev isə Elxan Bayramzadəni ürək nahiyəsindən bıçaqla vurub. Silahlı insidentdə hücuma məruz qalanlardan biri Sadiq Musayev Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin qardaşı oğludur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Əliyev 15 il, Əsəd Əliyev 13 il 6 ay, Teymur Əliyev 13 il, Məhəmməd Əliyev 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən Baş Prokurorluq narazı qalıb. Prokurorluq Seymur Əliyevin ömürlük, Əsəd Əliyevin 14 il, Məhəmməd Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Təqsirləndirilən şəxslər də apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayətləri üzrə qərar elan edilib. Qərara görə, Baş Prokurorluğun apelyasiya protesti qismən təmin edilib. Məhkəmənin Teymur Əliyevlə bağlı olan hissədə hökmü dəyişdirilib. Məhkəmə Teymur Əliyevin cəzasının bir hissəsini həbsxana rejimində çəkməsi barədə qərar qəbul edib. Təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib və məhkəmənin cəza ilə bağlı təyin etdiyi hökm qüvvədə saxlanılıb.
Məhkəmə qərarından həm prokurorluq, həm də təqsirləndirilən şəxslər kasasiya qaydasında şikayət ediblər.
Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Baş Prokurorluğun təqsirləndirilən şəxslərin barəsində cəzanın ağırlaşdırılması ilə bağlı kasasiya protesti, həmçinin təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı kasasiya şikayətləri təmin edilməyib.
Hacı Zeynalov