Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib vəzifəsində işləmiş Gülyanə Həbibova ifadə verib.
Dövlət ittihamçısı Adil İsmayılov, Fariz Namazlı, Əlayif Həsənov və Anar Qasımlının şahid qismində dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.
Bundan sonra zərərçəkmiş Sadıq Bağırov imzaların İntiqam Əliyevə məxsus olub-olmamasını yoxlamaq üçün xəttşünaslıq ekspertizasının təyin olunması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə hazırkı mərhələdə vəsatətin təmin olunmasını zəruri hesab etməyib.
Məhkəmə prosesi aprelin 14-ə kimi təxirə salınıb.
Qeyd edək ki, Hüquq Maarifçiliyi Cəmiyyətində (HMC) mühasib işləyən Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına 119 min manat pul köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf isə bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər.
İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb.
Hacı Zeynalov