16 Aprel 2015 16:35
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə Binə qəsəbə bələdiyyəsinin rüşvətxorluqda təqsirləndirilən sabiq sədrinin müavini Əlisa Panayevin kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Babaxan İsayev öz xidməti otağında müavini Əlisa Panayevlə birgə vətəndaşdan rüşvət alarkən saxlanılıblar. Onların yaşadıqları ünvanda, Binə bələdiyyəsinin inzibati binasında və onların istifadəsində olan digər saxlanc yerlərində aparılmış axtarış zamanı üzərinə Binə qəsəbə nümayəndəliyinin və digər təşkilatların möhür və ştampları vurulmuş boş blanklar, habelə Bakı şəhəri “Su təsərrüfatı” kiçik müəssisəsinin, 1 №-li Mənzil-tikinti kooperativinin və ayrı-ayrı dövlət orqanlarına məxsus möhür və ştamplar aşkar edilərək götürülüb.

Babaxan İsayev və Əlisa Panayevə Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babaxan İsayev 9 il 6 ay, Əlisa Panayev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bakı Apelyasiya Məhkəməsinin qərarına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və təqsirləndirilən şəxslər barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən Babaxan İsayevə 8 il 6 ay, Əlisa Panayev 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmənin qərarından Əlisa Panayev kasasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, onun kasasiya şikayəti baxılmamış saxlanılıb və geri qaytarılıb.

Hacı Zeynalov


Müəllif: