22 Aprel 2015 18:29
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı prokurorluğun kasasiya protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, BDU hüquq fakültəsi “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakini Ziyad Süleymanovdan BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Məhəmməd İmanlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət tərkibi görüb. O, məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhəmməd İmanlı hökmdən apelyasiya və kasasiya şikayəti versə də, cəzası dəyişdirilməyib. O, cəzasını çəkmək üçün ümumi rejimli cəza çəkmə müəssisəsinə göndərilib.

Sabunçu rayon Məhkəməsinə müraciət edən Məhəmməd İmanlının işinə baxılıb. Məhkəmə onun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.
Məhkəmənin qərarından prokurorluq narazı qalıb və apelyasiya protesti verib. Prokurorluğun protestində Məhəmməd İmanlının həbs edilməsi tələb olunub.

Bakı Apelyasiya Məhkəməsində, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə şikayət üzrə qərar açıqlanıb. Qərara görə, prokurorluğun şikayəti təmin edilməyib. Qərardan prokurorluq Ali Məhkəməyə kasasiya protesti verib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Məhəmməd İmanlının həbs edilməsi ilə bağlı verilən kasasiya protesti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər