9 May 2015 19:13
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə əcnəbi şirkətin əməkdaşına islah işləri verdi

Sumqayıt Apelyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirli bilinən "BP" şirkətində operator-texnik vəzifəsində işləmiş İnayət Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, İnayət Qədirov 13 noyabr 2013-cü il tarixdə idarə etdiyi "Mercedes-Benz E 240" markalı avtomobillə Bakı-Quba-Dağıstan avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində Əziz Abbasovun sürdüyü "VAZ-21074" markalı avtomobillə toqquşub. Nəticədə Əziz Abbasov döş qəfəsinin küt travması, döş sümüyünün yerdəyişən sınığı kimi xəsarətlər alıb.

İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində İnayət Qədirov təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 263.1-ci (nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi, habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulma) maddəsi ilə ittiham elan edilib və Abşeron Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə islah işləri cəzasına məhkum olunub.

Hökmdən narazı qalan İnayət Qədoruvun vəkili Fazil Nəhmətov apelyasiya şikayəti verib. O, apelyasiya şikayətində məhkəmə hökmünün ləğvini və məhkum İnayət Qədirova bəraət verilməsini xahiş edib.
Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə İnayət Qədirov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, etibarmamə əsasında idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə səhər saatlarında işdən çıxdıqdan sonra Bakı-Quba yolu ilə yaşadığı Sumqayıt şəhərinə gedirmiş: "Saat 06.50 radələrində yolun Abşeron rayonu ərazisində yerləşən, Xırdalan qəbiristanlığının qarşısından keçən hissəsi ilə təxminən saatda 40-50 kilometr sürətlə hərəkətdə olmuşam. Qarşıda, yolun orta hərəkət zolağında, asfalt örtük üzərində çəkilmiş piyada keçidinə təxminən 50-60 metr qalmış ölü it leşini, eyni zamanda, piyada keçidinə bir piyada daxil olduğunu gördüm. Bu səbəbdən maşını yolun sol hərəkət zolağına istiqamətləndirdim, sürəti azaltdım və piyada keçidinin qarşısında saxlamaq istədim. Piyada keçidinə çatdım, maşını keçidin qarşısında tam saxladım. Bundan təxminən bir neçə saniyə sonra avtomobilimə arxadan bərk zərbə dəydi.

Zərbənin təsirindən avtomaşın təxminən 35-40 metr irəli hərəkət etdi və yolun orta hərəkət zolağında dayandi. Dərhal yerə düşərək avtomobillə arxadan toqquşmuş "VAZ-21074" markalı maşına yaxınlaşdım. Təhlükəsizlik kəmərini bıçaqla kəsərək sükan arxasında sıxılmış vəziyyətə düşən sürücünü çıxardım. Bir qədər sonra Daxili İşlər Nazirliyinin "102" xidməti vasitəsi ilə hadisə yerinə yol-patrul xidməti əməkdaşlarını çağırdıq. Baş vermiş hadisədə heç bir təqsirim yoxdur".

İnayət Qədoruvun vəkili Fazil Nəhmətov bildirib ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmayıb: "Bu səbəbdən də hökm ləğv edilməlidir".

Vəkilin sözlərinə görə, əslində, İnayət Qədirov qanunu pozmuş olsaydı, qəza hadisəsi baş verməzdi: "İnayət Qədirov yolu keçən piyadanı görərək avtomobili saxlayıb. Əgər avtomobili saxlamasaydı, qəza da baş verməzdi. İnayət hadisə zamanı hər hansı bədən xəsarəti almasa da, avtomobilinə ciddi ziyan dəyib. Hazırkı iş üzrə İnayət Qədirov faktiki zərərçəkmiş şəxs olduğu halda, müstəntiqin birtərəfli və qeyri-obyektiv ibtidai istintaq aparması nəticəsində cinayət məsuliyyətinə təqsirləndirilən şəxs qismində cəlb edilib".

Tərəfləri dinləyən hakimlər sonda qərar elan ediblər. İnayət Qədirovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı şikayət təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: