13 May 2015 16:47
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edən Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və Elvin Dursunəliyevlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Daha sonra məhkəmə iclası mayın 20-dək təxirə salınıb.
Qeyd edək ki, bundan əvvəl keçən prosesdə prokuror Rahil İsmayılov təqsirləndirilən şəxslərdən Elvin Dursunəliyevə 5, digərlərinə isə 15 il cəza istəyib.

Təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Bundan başqa, Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyev də radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradıb. O, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.

Hacı Zeynalov


Müəllif: