Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən Şirvan şəhər sakinləri Əlican Heybətov, Kənan Şahgəldiyev və Kürdəmir rayon sakini Əlövsət Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin sentyabrın 13-də, gecə saatlarında Bakı şəhər sakini Aydan Sadıqlı bir neçə nəfər şəxsin soyğunçuluğu ilə üzləşib. Onlar Aydan Sadıqlının mobil telefonunu alaraq qaçıblar.
Zərərçəkmiş soyğunçuluqla üzləşməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında əməliyyat qrupu yaradılıb və keçirilən əməliyyat nəticəsində cinayətkarlar ifşa edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Şirvan şəhər sakinləri Əlican Heybətov, Kənan Şahgəldiyev və Kürdəmir rayon sakini Əlövsət Əmirov tutulublar.
Məhkəmənin hökmü ilə Kənan Şahgəliyev və Əlövsət Əmirov 4 il müddətinə azadlıqdan məhrum edilib. Yetkinlik yaşına çatmamışlar Əlican Heybətovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və şərti cəza alan Əlican Heybətov məhkəmə zalından azadlığa buraxılıb.
Hacı Zeynalov