Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əlihüseyn Ağayev ifadə verib. O, təqsirləndirilən şəxslərdən Heydər Rzayevi tanıdığını deyib.
Şahidin sözlərinə görə, 2007-2008-ci illərdə Sahibkarlığa Milli Kömək Fondunun xətti ilə “Birlikbank”dan 100 min manat kredit götürüb. O, ödənişdə gecikmələr olsa da, məbləği tam ödədiyini deyib.
Hakim Əfqan Hacıyev bildirib ki, iş üzrə şahid qismində Namiq Allahverdiyev, Əlvan Əsədov, Kəmalə Əkbərova, Təhmuraz Tağıyev, Valeh Həsənov, Əjdər Cəfərov, Eldəniz Hacıyev, Kamran Hacıyev və Məmmədpaşa İbrahimov məhkəməyə teleqram vurublar. Hakimin sözlərinə görə, həmin şahidlər məhkəməyə gələ bilmədiklərini və istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini göstəriblər.
İş üzrə şahid qismində olan Canpolad Kazımovun aprelin 20-də dünyasını dəyişməsi ilə bağlı ölüm kağızı məhkəməyə təqdim olunub.
Məhkəmə prosesi iyunun 4-də davam etdiriləcək.
Hacı Zeynalov