2 İyun 2015 17:15
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə qaçaqmalçılıqda ittiham olunan Əşrəf Muxtarov, Adəm Niftiyev, Bayram Hüseynov, Nazim Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində Rusiya Federasiyasından Azərbaycana ərazisinə qaçaqmalçılıq yolu ilə silah keçirmək istəyən Əşrəf Muxtarov, Adəm Niftiyev, Bayram Hüseynov, Nazim Hüseynov həbs olunub. Adı çəkilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında Rusiya Federasiyası ərazisindən külli miqdarda əşyaları, eləcə də qanunsuz olaraq qaz silahlarını qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətiriblər.

Müəyyən edilib ki, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən Adəm Niftiyevin və digərlərinin sifarişləri əsasında 2013-cü il fevralın 20-də Əşrəf Muxtarov Rusiyaya gedib. O, Moskva şəhərində külli miqdarda pnevmatik tapança, siqnal və falş patron, fişəng atan qurğular, pistonlar, hava balonları, “Gietcher SVVB4” modelli pnevmatik revolver, elektroşoker, eləcə də “ŞOK” modelli qaz silahları olan aerozol qurğular alıb.

Əşrəf Muxtarov əldə etdiyi pnevmatik tapançaların bir hissəsi sonradan qrupun üzvü Nazim Hüseynov vasitəsilə qaçaq yolla Rusiyadan Azərbaycana keçirib. Həmin silah-sursatı Adəm Niftiyevə və digər sifarişçilərə çatdırılması üçün Mahaçqala şəhərində hazırda şəxsiyyəti istintaqla araşdırılan Ramazan adlı şəxsə təhvil verib. Əşrəf Muxtarov qaz və pnevmatik silahların, eləcə də digər ləvazimatların daha bir hissəsini yenidən qaçaq yolla Azərbaycan ərazisinə keçirərək Adəm Niftiyevə çatdırılması üçün qrupun digər üzvü, əvvəlcədən 800 manat müqabilində ümumi razılığa gəldikləri Rusiya Federasiyasının vətəndaşı Bayram Hüseynova verib.

Istintaq sənədlərində daha sonra qeyd olunur ki, Nazim Hüseynov həmin pnevmatik tapançaları Mahaçqalada Ramazan adlı şəxsdən götürün və qaçaq yolla Azərbaycan ərazisinə keçirmək üçün özünə məxsus “Mercedes-Benz” markalı sərnişin avtobusunun salonunda gizlədib. Qrupun digər üzvü Bayram Hüseynov isə qeyd olunan pnevmatik silahları, müxtəlif əşyaları və qanunsuz olaraq qaz silahlarını idarə etdiyi “Qaz 2705” markalı, Rusiya Federasiyasına aid avtomaşının salonunda və yük hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerlərində gizlədib.

Beləliklə, 2013-cü ilin mart ayında Nazim Hüseynov idarə etdiyi “Mercedes-Benz” markalı sərnişin avtobusunda gizlətdiyi pnevmatik tapançaları, Bayram Hüseynov isə idarə etdiyi “Qaz 2705” markalı yük avtomaşınında gizlətdiyi külli miqdarda pnevmatik və qaz silahları, eləcə də müxtəlif əşyaları “Samur” gömrük buraxılış məntəqəsindən gizli olaraq Azərbaycan ərazisinə gətiriblər.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nazim Hüseynovun idarə etdiyi “Mercedes-Benz” markalı sərnişin avtobusu və Bayram Hüseynovun idarə etdiyi “Qaz 2705” markalı yük avtomobili saxlanılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 206.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar qaçaqmalçılıq) 228.4-cü (qanunsuz olaraq qaz silahını əldə etmə, satma və gəzdirmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əşrəf Muxtarov 6 il, Adəm Niftiyev 6 il, Bayram Hüseynov 6 il, Nazim Hüseynov 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyiblər.

Sumqayıt Aopelyasiya Məhkəməsinin qərarı ilə Əşrəf Muxtarov 3 il 2 ay, Adəm Niftiyev 3 il 1 ay, Bayram Hüseynov 3 il 1 ay, Nazim Hüseynov 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həmin qərardan narazı qalan Baş Prokurorluq kasasiya şikayəti verərək, təqsirləndirilən şəxslərin cəzalarının sərtləşdirilməsini istəyib.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, prokurorluğun protesti təmin edilib və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib. İşə yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər