Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddə gətirməkdə təqsirli bilinən Elmar Əsədov və Cavanşir Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs ediliblər. Onlar İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə təqsirli bilinirlər.
Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 29, 234.4.1 və 29, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etməyə, daşıma, saxlama və ya satma), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham olunur.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra ifadə verən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər.
Məhkəmənin davamı iyunun 16-na təyin edilib.
Hacı Zeynalov