11 İyun 2015 14:13
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə Rusiyadan qaçaqmalçılıq yolu ilə Azərbaycana silah-sursat gətirməkdə təqsirli bilinən Masallı rayon sakini Gülağa Cəfərovun işinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan “FORD TRANZİT” markalı avtomaşına gömrük baxışı keçirilib.

Baxış zamanı Gülağa Cəfərova məxsus avtomaşının salonunun arxa hissəsindəki sağ və sol örtüklərin arxasından və salondakı iki ədəd ehtiyat təkərin içərisindən hər biri 250 qram olmaqla 100 qutu “Sokol” markalı barıt, hər qutuda 25 ədəd olmaqla 16 qutu 12/70 kalibrli istifadə olunmamış boş gilizlər, hər qutuda 25 ədəd olmaqla 16 qutu 16/70 kalibrli istifadə olunmamış boş gilizlər, 150 ədəd 16 kalibrli, 30 ədəd 12 kalibrli istifadə olunmuş boş gilizlər, bir qutu piston, bir ədəd “İJ-18” modelli 174689 nömrəli tüfəng, bir ədəd çaxmaq, 2 kq qırma və 50 ədəd 5,6 mm kalibrlik güllə aşkar olunub.

Gülağa Cəfərov Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham edilib. Qusar Rayon Məhkəməsinin hökmü ilə Gülağa Cəfərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 3 il 3 ay 29 gün müddətinə şərti cəza alıb.

Hökmdən Baş Prokurorluq apelyasiya protesti verərək Gülağa Cəfərovun cəzasının ağırlaşdırılmasını istəyib. Bir müddət əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində, hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilməyib. Lakin prokurorluq Ali Məhkəməyə kasasiya protest verərək İlham Həsənovun qəbul etdiyi qərar ləğv edilib. İşin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu dəfə şikayətə hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada baxılıb. Prokurorluğun protesti qismən təmin edilərək Gülağa Cəfərovun barəsində 1 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

Qərardan yenə də narazı qalan prokurorluq kasasiya şikayəti verib. Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, protest təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: