12 İyun 2015 11:56
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evində sığınacaq almış vərəm xəstəsinin ölümündə təqsirli bilinən şəxsin cəzası yüngülləşdirildi

Sumqayıt Apelyasiya Məhkəməsində evində ağır cinayət törədən Füzuli rayon sakini, 1947-ci il təvəllüdlü Bəndalı Qarayevin məhkəməsi başa çatıb. İttihama görə, Bəndalı Qarayev Sumqayıt şəhərindəki evində müvəqqəti məskunlaşmış tanışı Siyavuş Nəbiyevi qətlə yetirib.

Onlar 9 oktyabr 2013-cü il tarixdə, saat 15 radələrində həmin bağ evindəki tikilinin qarşısında skamyada spiritli içki içiblər. Bəndalı sərxoş olandan sonra Siyavuşdan evdən çıxmağı tələb edib. Siyavuş isə bu tələbə etiraz edib, onu nalayiq söyüşlərlə söyüb, yumruqla vurub.

Buna görə də ev yiyəsi qonağın bədəninin müxtəlif nahiyələrinə, o cümlədən başına zərbələr endirib, itələyərək yerə yıxıb, xəsarət yetirib.

Bundan bir neçə gün sonra, yəni oktyabrın 12-də Bəndalı Qarayev yenidən özünə məxsus evində Siyavuş Nəbiyevin yanına gəlib. Yenidən mübahisə edib və onun bədəninin müxtəlif nahiyələrinə əllə zərbələr endirib.

Siyavuş aldığı xəsarətlərdən oktyabrın 13-də dünyasını dəyişib.

"Ölə biləcəyini fikirləşdim"

Bəndalı Qarayev Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan Bəndalı Qarayev və vəkili Sevda Əliyeva apelyasiya şikayəti veriblər. Şikayətdə hökmün ləğvi, yeni bəraət hökmünün çıxarılması istənilib. Həmçinin zərərçəkmişin hüquqi varisi Kamran Nəbiyev apelyasiya şikayəti verərək Bəndalı Qarayevə bəraət verilməsini xahiş edib.

Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçən prosesdə Bəndalı Qarayev bildirib ki, oktyabrın 13-də, axşam saatlarında Siyavuşun telefonuna zəng vurub: "Siyavuşun telefonu bağlı idi. Özü-özümə oktyabrın 9-da Siyavuşa yetirdiyim xəsarətlərdən ölə biləcəyini fikirləşdim. Ora gedəndə artıq Siyavuşun öldüyünü gördüm, yaxınlarına məlumat verdim. Sonra Siyavuşun dəfnində iştirak etdim. Siyavuşa ağır xəsarət yetirməmişəm, onun ölümündə özümü günahkar saymıram".

"Oğlumdan cinayəti üzərinə götürməsini istədi"

Bəndalı Qarayevin həyat yoldaşı Rəhilə Qarayevanın sözlərinə görə, əri oğlu Bəkirə Siyavuşun başından və qolundan çəkiclə xəsarət yetirdyini deyib: "Bəndalı oğlumdan Siyavuş ölsə, ölümü öz üzərinə götürməsini istədi. Bildirdi ki, o, "türmə"də yatan yaşda deyil. Bəkir isə buna razılaşmayıb atasını danladı. Bəndalı bir qədər sonra gecə saatlarında oğlum yatan zaman çəkiclə onun başından vurdu. Bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etdim, oğlumu çəkiclə vurması ilə bağlı ərimin cinayət məsuliyyətinə cəlb edilməsini istədim".

Rəhilə Qarayevanın sözlərinə görə, oktyabrın 11-də Bəndalının bacısının həyat yoldaşı Rəşid Zeynalov vəfat edib: "Bəndalıya yas yerinə getmək lazım olduğunu desəm də, o, yasa getmədi".

Təqsirləndirilən şəxsin gəlini Təranə Kərimova bildirib ki, oktyabrın 12-də Rəşid Zeynalovun Xəzər bağlarındakı evinə, yas mərasiminə gedib: "Həmin vaxt Bəndalı evdə olub, sonradan onun yasa gedib-getməməsini bilməmişəm. Saat 18 radələrində evə qayıtmışam, həmin vaxt Bəndalı evdə olub. Oktyabrın 13-də Bəndalı heç yerə getməyib, ancaq evdə oturub".

Şahid qismində ifadə verən İlham Hüseynov bildirib ki, təqsirləndirilən şəxsə qonşu olub. Bəndalı ona Siyavuşun öldürülməsi işini boynuna götürməyi təklif edib.

Vəkil: "Bəndalının cinayəti törətməsi təsdiqini tapmır"

Vəkil Sevda Əliyeva bildirib ki, istintaq materialları ilə təqsirləndirilən şəxsin cinayət əməlini törətməklə təqsiri sübuta yetirilmir. Müdafiəçinin fikrincə, zərərçəkmiş şəxsin ölümünə səbəb olan baş beyinə qansızma zədəsinin məhz təqsirləndirilən şəxs tərəfindən yetirilməsi təsdiqini tapmır.

Zərərçəkmiş şəxs daim spirtli içkilər qəbul etdiyi üçün ayıq halda olmayıb və o, 12 oktyabr 2013-cü il tarixdə ağır alkoqol sərxoşluğu vəziyyətində başqa şəxslərlə də görüşüb: "Zərərçəkmişin həmin tarixdə başqa şəxslərlə dalaşması və döyülməsi faktı inkar edilmir. Həmçinin təqsirləndirilən şəxsin oktyabrın 12-də bağ evində olması, zərərçəkmiş şəxsi döyməsi və baş-beyinə ağır xəsarət yetirməsi faktı da təsdiqini tapmır".

Vəkilin sözlərinə görə, mərhum ağır vəziyyətdə yaşayıb, qalmağa yeri olmayıb, ağır formada vərəm xəstəsiymiş: "Təqsirləndirilən Bəndalı Qarayev Siyavuş Nəbiyevə özünə məxsus bağ evində sığınacaq verib. Lakin onun vərəm xəstəsi olması və təqsirləndirilənin bağ evində qalması ailəsində narazılıq yaradıb. Buna görə də oktyabrın 9-da Bəndalı Qarayev Siyavuş Nəbiyevə başqa bir yer tapmalı olduğunu bildirib.

Həmin vaxt Siyavuş Bəndalını söyüb, aralarında baş verən narazılıq zamanı zərərçəkmiş yıxılaraq xəsarət alıb və təqsirləndirilən şəxs onu ayağa qaldıraraq çarpayıya uzadıb. Təqsirləndirilən şəxs bir gün zərərçəkmişin yanında qalıb. Bir gün sonra zərərçəkmiş özünü yaxşı hiss etdiyini, sərbəst hərəkət edə bildiyini görən Bəndalı yaşadığı evinə qayıdıb".

"Bəraət hökmü çıxarılsın"

Vəkilin sözlərinə görə, oktyabrın 11-də təqsirləndirilən şəxsin bacısının həyat yoldaşı Rəşid Zeynalov vəfat edib: "Oktyabrın 12-də Rəşid Zeynalov dəfn edilib. Həmin gün dəfn mərasimində iştirak etmiş şəxslər də Bəndalı Qarayevi dəfn yerində görüblər və belə olan halda təqsirləndirilən şəxsin səhər saat 11.00 radələrindən saat 18.00 radələrinədək Yaşmadakı bağ evində olması inandırıcı deyil.

Oktyabrın 12-də Siyavuş Nəbiyevin həmin xəsarəti başqa şəraitdə və başqa şəxslər tərəfindən alması da inkar edilmir. Təqsirləndirilən şəxs oktyabrın 9-da zərərçəkmiş şəxslə dalaşmasını, onu vurmasını, eyni zamanda, özünün də zərərçəkmiş şəxs tərəfindən döyülməsini inkar etmir. Lakin oktyabrın 12-də Bəndalı zərərçəkmiş şəxsi vurmayıb.

Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Siyavuş Nəbiyevin ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olub və həmin xəsarətlər 12 oktyabr tarixə uyğun gəlir. Bundan başqa, həmin rəydə 9 oktyabr tarixə uyğun gələn xəsarətlərin də olması qeyd edilib. Lakin həmin xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid edilib.

Qeyd olunan xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən yetirilməsi inkar edilmir. Lakin 12 oktyabr tarixdə yetirilən və zərərçəkmişin ölümünə səbəb olan xəsarətlərin məhz Bəndalı Qarayev tərəfindən yetirilməsi təsdiqlənmir. Buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğvini və müdafiə etdiyim şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş edirəm".

Hüquqi varis: "Atamın qatili azadlıqda gəzir"

Zərərçəkmiş şəxsin hüquqi varisi Kamran Nəbiyev deyib ki, atası uzun illər Bəndalı ilə dostluq edib: "Atam evsiz qalan vaxt Bəndalı Qarayev ona yardım göstərərək, ağır formada vərəm xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, ona özünün bağ evində sığınacaq verib, hər gün onu isti qida ilə təmin edib. Təqsirləndirilən şəxs səmimi izahat verərək, 9 oktyabrda zərərçəkmiş şəxsin aldığı xəsarətlərin aralarında yaranmış mübahisə zamanı yetirilməsini inkar etməyib.

Bəndalı Qarayev oktyabrın 12-də isə ümumiyyətlə bağda olmadığını məhkəmədə deyib. Lakin məhkəmə hökmündə təqsirləndirilən şəxsin izahatı dəyişdirilərək qeyd edilib ki, guya o, 12 oktyabrda, saat 11.00 radələrindən 16.00 radələrinə kimi bağda olub.

Atama həmin gün xəsarətləri başqa şəxslər də yetirə bilərdi. Lakin istintaq orqanı kifayət qədər araşdırma aparmadan Bəndalı Qarayevin ətrafında olan bir neçə şəxsi dindirməklə belə qənaətə gəlib ki, zərərçəkmiş şəxs Bəndalı Qarayevin yetirdiyi xəsarətlərdən ölüb. 68 yaşlı fiziki cəhətdən zəif bir insanın heç bir səbəb olmadan zərərçəkmiş şəxsi döyməsi və ona ölümünə səbəb olan xəsarətlər yetirməsi inandırıcı deyil. Atamın qətlində təqsirli bilinən əsl günahkar azadlıqda gəzir".

Mərhumun oğlu bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv etməklə, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyir.

Tərəflər dinləyən hakim heyəti sonda Bəndalı Qarayevin apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar elan edib.

Bəndalı Qarayevin cəzası 7 ilə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər