8 İyul 2015 18:03
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində iş adamına hədə-qorxu gələrək külli miqdarda pul tələb edən üçqat dünya çempionu Saday İsmayılov və Vaqif İbadovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Şəmkir rayon sakini Saday İsmayılov və Cəlilabad rayon sakini Vaqif İbadov iş adamından hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham edilirlər.

İttihama görə, 2013-cü ili avqustun 9-da Saday İsmayılov tanışı Vaqif İbadovla birlikdə biznesmen Əli Məmmədovu hədələyərək 500 min manat tələb edib. Əli Məmmədov pul verməkdən imtina edib. Bu zaman o, Əli Məmmədovu maşında saxlayaraq tələbini davam etdirib. Bundan sonra Əli Məmmədov ona 120 min manat verməyə razılaşıb.

Əli Məmmədov tanışı İmran adlı şəxsə zəng edərək 120 min manat gətizdirib. Həmin məbləği alan Saday İsmayılov qurbanını azad buraxıb. O, növbəti dəfə Əli Məmmədovu hədələyərək 150 min manat tələb edib.

Nəhayət, Əli Məmmədov hədə-qorxu yolu ilə pul tələb edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Zərərçəkmişin şikayəti əsasında idarə əməkdaşları əməliyyat keçirib, Saday İsmayılov və Vaqif İbadov həbs ediliblər.

Peşəkar idmançı olan Saday İsmayılov güləş üzrə üçqat dünya çempionu adına layiq görülüb. Azərbaycan Güləş Federasiyasının idman işləri üzrə şöbə müdiri olub. 2009-cu ildə Federasiyanın idman şöbəsində ştatdankənar əməkdaş kimi fəaliyyət göstərib. Onun Federasiya ilə əməkdaşlığı cəmi bir neçə ay çəkib. Vaqif İbadov isə əvvəllər daha bir neçə ağır cinayəti törətdiyi üçün məhkumluq həyatı yaşayıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saday İsmayılov 12 il 6 ay, Vaqif İbadov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, onların şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: