31 İyul 2015 10:14
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Sevinc Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ittiham aktına əsasən, ötən il martın 29-da Sevinc Hüseynova Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 6 mənzil 32-də yaşayan rəfiqəsi, 1971-ci il təvəllüdlü Yasəmən Salıyevanı kapron corabla boğaraq öldürüb və hadisə yerindən qaçıb.

Səhəri gün Sevinc Hüseynova könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə gələrək təslim olub, dərhal sonra istintaq-əməliyyat qrupu deyilən ünvana gedərək, meyiti aşkar ediblər və hadisə yerinin müayinəsini aparıblar. Təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Yasəmən Salıyevanın ölümünə mexaniki asfiksiya səbəb olub.

İstintaqın gedişatında dindirilən şahidlərin ifadələrindən mərhumun Qarabağ müharibəsi iştirakçısı olması məlum olub, 3-cü qrup əlil olan Yasəmən fərdi qaydada taksi xidməti ilə məşğul olub. İş üzrə dindirilən Sevinc Hüseynova bildirib ki, həmin gün o rəfiqəsinin evində olarkən, təxminən axşam saat 23 radələrində aralarında şəxsi münasibətlər zəminində mübahisə başlayıb, ilk olaraq Yasəmən başı ilə onun sifət nahiyəsinə zərbə endirib, Sevinc onu itələdikdə, sonuncu yıxılaraq, başı ilə şkafa dəyib. Sonra Sevinc Hüseynova əlinə keçən corabla Yasəmən Salıyevanı boğub və etdiyi əməldən qorxaraq, evi tərk edib.

Sevinc Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan Sevinc Hüseynova cəzasının azaldılması üçün apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Sevinc Hüseynovanın apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, cinayətkar və qətlə yetirilən şəxs cinsi azlıqların nümayəndəsi olublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər