4 Avqust 2015 16:10
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Rauf Mirqədirov məhkəmədə şahid qisminə ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə hüquq müdafiəçisi Sahib Məmmədov təqsirləndirilən şəxslərin vəkillərinin suallarını cavablandırıb. Bu zaman Leyla Yunus səs-küy salıb və prosesin gedişini pozmağa çalışıb. Hakim onu intizama dəvət edib.

Daha sonra ifadə verən jurnalist Anna Daqidaşvili ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, bildirib ki, Tiflisdə keçirilən beynəlxalq konfransda erməni jurnalisti Laura Baqrasiyanla münasibət qurub: “Laura Baqrasiyan telefon nömrəmi götürdü və Leyla Yunusa verəcəyini, həmin şəxsin mənimlə əlaqə saxlayacağını bildirdi. Bir neçə gündən sonra Leyla Yunus mənimlə əlaqə saxladı və birlikdə əməkdaşlıq etməyi təklif etdi.

Leyla Yunus mənə tapşırıqlar verib. Həmin tapşırıqlarla bağlı yazılar hazırlamışam. Buna görə mən ayda 100-120 manat pul alırdım. Bəzən Leyla Yunus xaricdə olduğuna görə pulun verilməsi gecikirdi. Mənim VÖEN-im yox idi. Aldığım əməkhaqqını Leyla Yunusun verdiyi qəbzə qol çəkərək qəbul edirdim. Amma sonradan tapşırıqlarla bağlı yazıları gətirəndə Leyla Yunus üstümə qışqırdı və məni yaxşı işləməməkdə suçladı. Bundan sonra onlarla əlaqələrim kəsilib”.

“Münasibətlərindən şübhələnmişdim”

Dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandıran şahid bildirib ki, həbsdə olan jurnalist Rauf Mirqədirovu tanımayıb. Onun sözlərinə görə, yazılarla bağlı Rauf Mirqədirovla telefon əlaqəsi saxlayıb.
Başqa bir jurnalist Əkbər Həsənov deyib ki, 19 ildir jurnalistika fəaliyyəti ilə məşğul olur: “Mən Leyla və Arif Yunusları tanıyıram. Onlarla jurnalist kimi ünsiyyətdə olmuşam. 2006-cı ildə Arif Yunus mənə Ermənistana bir yerdə səfərə getməyi təklif etdi. Bu, mənim üçün maraqlı səfər idi, sırf Qarabağa görə. Daha çox Qarabağ mövzusunda yazdığım üçün Ermənistandakı vəziyyət məni maraqlandırırdı. Ona görə də Arif Yunusun təklifini qəbul etdim və onlarla birgə Ermənistana getdim. Nümayəndə heyətinin tərkibinə Rauf Mirqədirov, Azad İsazadə, Arif Yunus da daxil idi. Arif Yunus Ermənistanda olanda bu ölkənin keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla sıx ünsiyyətdə olurdu. Onlar çox mehriban idilər, tez-tez pıçıldaşır, danışırdılar. Onların bu münasibətindən hələ o vaxt şübhələnmişdim”.

“150 dollar almışam”

Şahidin fikirlərinə aydınlıq gətirən Arif Yunus bildirib ki, özbaşına Ermənistana getmək mümkün deyil: “Biz Ermənistana beynəlxalq təşkilatların xətti ilə getmişik. Bununla bağlı bizdə dəvətnamə olub. Əgər əlimizdə dəvətnamə olmasaydı, bizi sərhədçilər saxlayaraq barəmizdə cinayət işi başlayardı”.

Məhkəmədə MTN təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirov da şahid qismində ifadə verib. Onun sözlərinə görə, hazırda məhkəmədə baxılan cinayət işi ilə heç bir əlaqəsi yoxdur. O, bildirib ki, Leyla və Arif Yunusları 1990-cı illərdən tanıyır: “2006-cı ildə birgə Ermənistan səfərimizdə koordinator Arif Yunus olub. Mənə konfrans təşkilatçılarından dəvətlər gəlirdi. Arifə qarşı heç bir iddiam yoxdur. İki dəfə Ermənistanda konfransda olmuşam. Hərəsində də 150 dollar almışam. Biz Ermənistanda olanda İran səfirliyi tərəfindən mənə təxribat təşkil olunmuşdu. Amma burada bu haqda danışmaq istəmirəm”.

Rauf Mirqədirov bildirib ki, Ermənistana getməmişdən əvvəl nümayəndə heyəti ilə görüşləri, məshəşətləşmələri olub: “Biz bilirdik ki, hansı ölkəyə gedirik, bizə qarşı orada təxribatların da olacağını düşünürdük”.

Şahid qismində ifadə verən “Unubank”ın idarə heyətinin sədri Faiq Hüseynov deyib ki, Leyla Yunusun bankda hesabları olub. Müştəri tərəfindən dəfələrlə pul əməliyyatı aparılıb və bütün bunlarda qanuni qaydada həyata keçirilib: “Mənim müştərilərlə birbaşa ünsiyyətim olmayıb. Onlarla bankın məsul şəxsləri sıx əlaqə saxlayıb”.

Mətanət Əzizova istintaqa nə ifadə verib?

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, Leyla Yunusla birlikdə bir neçə layihədə iştirak edib.

“AccessBank”ın nümayəndəsi Anar Həsənov bildirib ki, bankda Arif Yunusun adına hesab olub: “2014-cü ilin aprelində Arif Yunus həmin pulu hesabından çıxardı və Leyla Yunusun Almaniyada olan bank hesabına köçürdü. Bununla da Arif Yunus bankda olan hesabını vaxtından əvvəl bağladı. Onun bank hesabından pulları birdən-birə çıxarması bizdə şübhələr yaratdı. Buna görə də araşdırma aparmağa başladıq. Çünki hesabdan pulun birdəfəlik çıxarılması ilə bağlı müştəri ilə əvvəlcə bir neçə dəfə görüşürük, ona öz təkliflərimizi veririk. Arif Yunusla da bir neçə dəfə belə görüşlərimiz olub. Amma o, bizim təkliflərimizi qəbul etməyib”.

Bundan sonra hakim Cexiya Respublikasının Praqa şəhərində yaşayan Mətanət Əzizovanın məhkəməyə göndərdiyi teleqramı elan edib.

Mətanət Əzizova səhhəti ilə bağlı Praqada müalicə olunduğunu və Azərbaycana gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edib. Amma həm Leyla Yunus, həm də onun vəkilləri Mətanət Əzizovanın ibtidai istintaqa verdiyi ifadəsinin elan edilməsinə etiraz ediblər.

Leyla Yunus bildirib ki, Mətanət Əzizova həmin ifadəni təzyiq altında verib. Dövlət ittihamçısı Fərid Nağıyev isə Leyla Yunusun ittihamlarını cəfəngiyat adlandırıb. Dövlət ittihamçısı Mətanət Əzizovanın həm ibtidai istintaqa verdiyi ifadəsini, həm də sonradan baş prokuror Zakir Qaralova göndərdiyi məktubun elan edilməsini istəyib. Yerində müşavirə keçirən hakim heyəti Mətanət Əzizovanın istintaqa verdiyi ifadəsinin elan edilməsi barədə qərarı açıqlayıblar.

Mətanət Əzizova istintaqa ifadəsində Leyla Yunusun təşkilatı vasitəsi ilə beynəlxalq təşkilatlardan qrantlar aldığını bildirib. Hakimlər onun baş prokurora ünvanlandığı məktubunu da elan ediblər. Mətanət Əzizova məktubunda istintaq zamanı yadından çıxmış suallara cavab verdiyini qeyd edib.

Bundan sonra hakim bildirib ki, cinayət işində adı keçən şahidlərin məhkəmədə dindirilməsi başa çatıb. Hakim sənədlərin elan edilməsi mərhələsinə keçildiyini qeyd edib.

Təqsirləndirilən şəxslərin vəkilləri cinayət işində olan sənədlərlə bağlı bəzi vəsatətləri olacaqlarını qeyd ediblər və hakimlərdən əlavə vaxt istəyiblər. Məhkəmə iclası avqustun 5-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər