Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Arif Yunusun vəkili Əfqan Məmmədov məhkəmə tərkibinə etiraz verib. Bu zaman Leyla Yunus hakimlərə qarşı hörmətsizlik edib və onlara qarşı nalayiq ifadələr işlədib. Prosesə sədrlik edən hakim isə Leyla Yunusu intizamlı olmağa çağırıb: “Leyla Yunusova ifadələrinizə sərhəd qoyun. Danışığınıza fikir verin tərbiyəniz olsun”.
Arif Yunus və onların vəkilləri məhkəmə tərkibinə etirazın verilməsini dəstəkləyib. Dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, məhkəmə tərkibinə etirazın verilməsi üçün əsas yoxdur. Onun sözlərinə görə, müdafiəçi hakimləri maraqlı tərəf olmaqda ittiham edib: “Amma proses zamanı belə bir fakt ortaya çıxmayıb. Əgər hakimlərin maraqlı tərəf olması ortaya çıxmış olsaydı, ilk olaraq ittiham tərəfi buna etiraz verərdi. Amma belə bir fakt yoxdur. Müdafiəçi fərziyyələr əsasında məhkəmə tərkibinə etiraz verib. Etiraz konkret faktlarla əsaslandırlmadığı üçün təmin edilməsin”.
Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Hakimlər zalda olmadığı vaxt Leyla Yunus dövlət ittihamçısının ünvanına nalayiq sözlər işlədib, onun açıq şəkildə təhqir edən ifadələr səsləndirib. Təxminən yarım saatlıq müşavirə keçirən hakimlər zala qayıdaraq vəkilin məhkəmə tərkibinə etirazını baxılmamış saxlayıb.
Çıxış edən prokuror bildirib ki, hakimlər zalda olmadığı zaman Leyla Yunus onu təhqir edib: “Leyla Yunus ünvanıma xoşagəlməz ifadələr səsləndirib. Mən onun bu ifadələrinə münasibət bildirmək istəmirəm. Çünki o, belə ifadələr səsləndirməklə öz səviyyəsini göstərib. Amma Leyla Yunus zorakılığa məruz qalması, bununla bağlı cinayət işinin başlanması barədə ifadələr işlədib. O, özünə qarşı zorakılıq edildiyini qeyd edib. Amma Leyla Yunus düz danışmır. Ona qarşı heç bir zorakılıq olmayıb, heç kimin də barəsində cinayət işi başlamayıb. Leyla Yunus belə ifadələr işlətməklə həm mətbuatı, həm də cəmiyyəti aldadır”.
Leyla Yunusun vəkili Ramiz Məmmədov azərbaycanlı qadınların Qafqazda Sülh və Demokratiya Cəmiyyətinin zərərçəkmiş qismində tanınmasını, habelə cinayət işi üzrə bir neçə maddəyə xitam verilməsini, eləcə də müdafiə etdiyi şəxslərə maliyyə ayıran, onlarla əlaqəsi olan xarici fondların nümayəndələrinin prosesə dəvət olunmasını, alınan qrantlar hesabına Arif Yunusun çap etdirdiyi kitabların sübut kimi cinayət işinə daxil edilməsini istəyib. Hakimlər vəkilin vəsatətini qismən təmin ediblər və vəsatətdə qeyd olunan kitablar cinayət işinə salınıb. Vəsatətdə göstərilən digər hissələr isə təmin olunmayıb.
Bundan sonra məhkəmə sənədlərinin təhlili başlayıb. Sənədlərə əks olunan bank əməliyyatları, Arif Yunusun Çexiyada ev alması ilə bağlı apardığı danışıqlar, təqsirləndirilən şəxslərin Bakıdakı evlərində aparılan axtarış zamanı müsadirə olunan sənədlər, eyni zamanda Arif Yunusun Cexiya respublikasının Praqa şəhərində olan mülkü açıqlanıb.
Sənədlərin təhlili yekunlaşdıqdan sonra söz istəyən Leyla Yunus bildirib ki, 1996-cı ildə qeydiyyata alınmış Ön Qafqaz Qadınlarının Cəmiyyətinin faktiki sədri olub: “Cəmiyyətə faktiki olaraq, mən rəhbərlik etmişəm. Qurumun hüququ sədri Rəna Səfərəliyeva idi. Amma o, cəmiyyətin fəaliyyətində iştirak etmirdi, tamamilə uzaqlaşmışdı. Bu cəmiyyət çətir rolunu oynayırdı. Sülh və Demokratiya İnstitutu, Qadın Krizis Mərkəzi və Minalardan Müdafiə Təşkilatı buraya daxil idi. Biz daha sonra həmin təşkilatların qeydiyyata alınması üçün müraciət etmişdik. Cəmiyyət dövlət qeydiyyatından keçdiyi üçün bütün qrantlar cəmiyyətin hesabına köçürülürdü. Cəmiyyətin sədr müavini kimi pulları almaq hüququ mənə verilmişdi. Heç bir sənəd saxtalaşdırılmayıb və vergidən yayınma faktı olmayıb”.
Daha sonra hakimlər məhkəmə istintaqının tamamlanması barədə tərəflərin fikirlərini öyrəniblər. Tərəflər məhkəmə istintaqının tamamlanmasına etiraz etməyiblər. Yerində müşavirə keçirən hakimlər məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər və çıxış etmək üçün dövlət ittihamçısına söz veriblər. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün əlavə bir gün vaxt istəyib və buna görə də məhkəmənin davamı avqustun 6-na keçirilib.
Hacı Zeynalov