20 Avqust 2015 18:59
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Apelyasiya Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Emil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Emil Həsənov 2014-cü ilin may ayından həmin ilin iyun ayına kimi olan dövr ərzində, hissə-hissə olmaqla, cəmi 40 manat miqdarında pulu borc kimi əvvəlcədən tanıdığı Surac Məmmədova verib.

Emil Həsənov sonradan həmin pulu dəfələrlə Suraca geri qaytarmasını tələb edib. Amma Surac pulu qaytarmaqdan boyun qaçırıb. Buna görə də onların arasında narazılıq yaranıb.

25 sentyabr 2014-cü il tarixdə, saat 22.00-da Emil Həsənov Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 49 saylı ünvanda yerləşən “Məxməri” çay evində təsadüfən Surac Məmmədovla rastlaşıb. O, Surac Məmmədovdan verdiyi borc pulu qaytarmasını yenidən tələb edib. Amma Surac yenə də pulu qaytarmaqdan imtina edib və buna görə də onların arasında mübahisə yaranıb.

Bununla bağlı Emil Həsənov Surac Məmmədovla birlikdə çay evindən çıxıblar və Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi 47 saylı ünvanda yerləşən 1 saylı poliklinikanın inzibati binasının qarşısına gəliblər. Emil orada Surac Məmmədovdan borc verdiyi pulu tələb edib. Bu zaman onların arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı Surac Emilə əl-qol ataraq kobud davranıb. Bundan əsəbiləşən Emil özündə olan bıçaqla Suracı vurub. Surac vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

Emil Həsənov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il 11 ay 3 gün müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə onun barəsində seçilmiş ev dustaqlığı qəti imkan tədbirini ləğv edərək həbs qəti imkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Emil Həsənov məhkəmə zalından həbs edilib.


Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi Yusif Hüseynov apelyasiya şikayəti verərək Emil Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib. Müdafiəçinin şikayəti baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib və işə hakim Fikrət Əliyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Emil Həsənov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, təxminən 5-6 ay əvvəl Gəncə şəhəri M.A.Abbaszadə küçəsində işlətdiyi “Məxməri” çay evinə gəlib-gedən Surac Məmmədovla tanış olub və onunla yaxın münasibətləri yaranıb: “Çay evini işlətdiyim vaxt Surac Məmmədov məndən hissə-hissə 40 manat borc pul alıb. Bu müddət ərzində Suracdan bir neçə dəfə pulu qaytarmasını tələb etmişəm. Lakin Surac hər dəfə bir bəhanə gətirərək pulu vermədiyindən aramızda narazılıq yaranıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 25-də çay evində Surac Məmmədovla rastlaşıb və onlar birlikdə çay içiblər: “Pula ehtiyacım olduğundan yenidən Surac Məmmədovdan borcu qaytarmasını tələb etdim. Lakin söhbət zamanı Surac Məmmədov yenə də müxtəlif bəhanələr gətirərək hal-hazırda pulu qaytarmağa imkanı olmadığını bildirdi. Bu səbəbdən aramızda sözlə mübahisəmiz oldu. Biz çay evindən küçəyə çıxaraq bir az aralıda yerləşən 1 saylı poliklinikanın binasının qarşısına getdik. Yenidən borc pulun qaytarılması üstündə mübahisə etməyə başladıq. Mübahisə zamanı Surac mənə kobud cavab verdi. O, mənə əl-qol atdığı üçün əsəbiləşdim. Suracı qorxutmaq məqsədilə cibimdən bıçağı çıxardım. Bıçaqla onu qorxutduğum zaman qarın nahiyyəsinə dəydi. Suraca bıçaq dəydiyindən qorxuya düşdüm və hadisə yerindən qaçdım”.

Onun sözlərinə görə, sentyabrın 26-da könüllü olaraq Nizami Rayon Polis İdarəsinə gəlib və özü təslim olub. O, törətdiyi hadisə barədə polisə məlumat verib. Zərərçəkmiş Surac Məmmədov deyib ki, sentyabrın 25-də “Məxməri” çay evinə gəlib və orada təsədüfən tanışı Emil Həsənovla rastlaşıb: “Biz birlikdə masa arxasında əyləşərək çay içdik. Söhbət edən zaman Emil bir müddət əvvəl mənə borc verdiyi 40 manatı istədi. Ona pulu qaytarmaq üçün imkanımın olmadığını bildirdim”.


Zərərçəkmiş daha sonra ifadəsində Emil Həsənovla arasında yaranan mübahisə və sonda qanlı cinayətin baş verməsindən danışıb: “Mübahisə zamanı Emil Həsənov bıçaqla məni vurdu və hadisə yerindən qaçdı. Tanımadığım taksi avtomaşını ilə xəstəxanaya getdim. Müalicə almışam, sağlamlığım bərpa olunub. Emil Həsənovdan heç bir şikayətim yoxdur”.

Məhkəmə heyəti müdafiəçi və prokurorun çıxışını dinləyəndən sonra qərar elan edib. Qərara görə, Asim Mustafayevin vəkilinin apelyasiya şikayəti təmin edilib və onun cəzası 5 ay 3 gün müddətinə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər